142-Çağrı Mərkəzi tərəfindən 11 075 vətəndaş müraciəti cavablandırılıb
Cari ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə əvvəlki iyul ayı ilə müqayisədə 10,4 faiz az olmaqla, 11 075 müraciət daxil olub.
Mediainfo.az saytına nazirlikdən verilən məlumata görə, müraciətlər əmək qanunvericiliyi və onun tətbiqi, sosial təminat, sosial sığorta münasibətləri, aktiv məşğulluq tədbirlərinə, həmçinin özünüməşğulluq proqramına cəlb olunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. məsələləri əhatə edib. Edilmiş müraciətlərdən 96,1 faizi və ya 10 645-i sorğu xarakterli olub.
Vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə sorğuların cavablandırılması, digər müraciətlərdə əksini tapan məsələlərə qanunvericilik çərçivəsində baxılaraq tədbirlər görülməsi, nəticəsi barədə vətəndaşlara məlumatlar verilməsi təmin edilib.
Ümumilikdə isə cari ilin 8 ayı ərzində "142-Çağrı Mərkəzi"nə daxil olan müraciətlərin sayı 108,9 minə yaxın olub.
"142-Çağrı Mərkəzi" vətəndaşlara ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətlərə baxılmasının cari vəziyyəti və əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat əldə etməyə də imkan verir