AzTV-nin keçmiş sədrləri haradadır?

AzTV-nin keçmiş sədrləri haradadır?

16 Yanvar 2019 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Yeni sədr təyin edilənə qədər sədr səlahiyyətlərinin icrası AzTV-də "Günün nəbzi" verilişinin aparıcısı Rövşən Məmmədova həvalə edilib.

Azxeber.com dövlət televiziyasına indiyə qədər rəhbərlik etmiş şəxslərlə bağlı araşdırma aparıb.

Qeyd edək ki, Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın təməli isə 1954-cü ildə qoyulub. 1957-ci ilin oktyabrında Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılan şirkət 1970-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusunu aldı. 2005-ci ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilən AZTV indiyə qədər nə az-nə çox, düz 11 rəhbər yola salıb.

AZTV-nin ilk sədri Teymur Əliyev 1957-1965-ci illərdə bu quruma rəhbərlik edib. Onun birinci müavini isə tanınmış jurnalist və ictimai xadim, professor Nəsir İmanquliyev olub.

AZTV-nin ikinci sədri Ənvər Əlibəyli 1965-1969-cu illərdə bu vəzifədə çalışıb. Bundan 9 il öncə Bakı televiziya studiyasına rəhbərlik edən Ə.Əlibəyli sonuncu vəzifəyə təyin ediləndən bir il sonra vəfat edib.

AZTV-nin üçüncü sədri İmran Mirzəyev 1969-ci ildə bu vəzifəyə təyinat alıb. Lakin onun sədrlik müddəti çox çəkməyib. Cəmi 11 ay bu postu tutan İ.Mirzəyev sonradan digər vəzifəyə keçirilib.

AZTV-nin dördüncü sədri Qurban Yusifzadə 1970-1982-ci illərdə AZTV-yə rəhbərlik edib. Eyni zamanda Bakı Ali Partiya Məktəbinin kafedra müdiri işləyən Q.Yusifzadə ölkəmizin tanınmış alimlərindən olub.

1983-1990-cı illərdə AZTV-yə rəhbərlik edən professor Elşad Quliyev 1992-i ilin mart-may aylarında yenidən bu quruma rəhbərlik edib. İctimai TV-nin keçmiş direktoru Cəmil Quliyevin atasıdır.

1990-1991-ci illərdə dövlət televiziyasına rəhbərlik Qeysər Xəlilova keçib. Hazırda fəaliyyət göstərən bir çox diktorların məhz onun rəhbərliyi dövründə televiziya sahəsinə təşrif buyurduğu iddia olunur.

1991-1992-ci illərdə AZTV-yə Məmməd Murad rəhbərlik edib. 1992-ci il martın 14-də Ayaz Mütəllibov şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytarsa da, o bu vəzifədə cəmi bir gün qala bilib.

1992-1993-cü illərdə AZTV-yə şair Məmməd İsmayıl rəhbərlik edib. AXC hakimiyyəti dövründə bu postu tutan M.İsmayıl sonradan yolunu yenidən ədəbiyyatdan salıb.

1993-1996-cı illərdə şirkətə Babək Hüseynoğlu sədrlik edib. Ona qədər ölkənin populyar qəzetlərindən olan – "Aydınlıq"da baş redaktor olan B. Hüseynoğlu 12 il öncə vaxtsız vəfat edib.

1996-2006-cı illərdə isə AZTV-yə Nizami Xudiyev rəhbərlik edib. Məşhur "91-lər"dən olan N.Xudiyev buna qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, bundan sonra isə YAP İdarə Heyətinin üzvü olub.

2006-cı ildən dünənə qədər isə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə Arif Alışanov rəhbərlik edib. 1977-ci ildən AZTV-də çalışan A.Alışanov sonuncu təyinata qədər AZTV-də texniki işlər üzrə direktor müavini olub. Eyni zamanda Milli Məclisin deputatıdır.

AZTV-yə hazırda sədr təyin olunmasa da, sədr səlahiyyətlərinin icrası müvəqqəti şəkildə Rövşən Məmmədova həvalə edilib. O Rövşən Məmmədova ki, 2014-cü ilə qədər "Lider" televiziyasında idman jurnalisti işləyib. Son təyinata qədər isə AZTV-də "Günün nəbzi" və "Həftə" analitik verilişlərinə aparıcılıq edib. O, indiyə qədər AZTV-yə rəhbərlik etmiş şəxslər arasında ən gəncidir.