2023-cü il Nobel mükafatının təqdimetmə mərasimi Stokholm Filarmoniyasında baş tutub

2023-cü il Nobel mükafatının təqdimetmə mərasimi Stokholm Filarmoniyasında baş tutub

11 Dekabr 2023 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Stokholm Filarmoniyasında fizika, kimya, tibb, ədəbiyyat və iqtisadiyyat üzrə 2023-cü il Nobel Mükafatları verilib. 10 laureata İsveç Kralı XVI Karl Qustafın əlindən fəxri fərman və qızıl medallar təqdim edilib.

Fizika mükafatı elm adamları Pierre Agostini, Ferens Kraus və Anne L'Yuillier-ə maddədəki elektronların davranışını öyrənmək üçün yaratdıqları üsullara görə verilib.

Tibb mükafatı Katalin Kariko və Dryu Vaysmana "COVID-19"-a qarşı "mRNT" vaksinlərinin hazırlanmasına görə verilib.

Kimya üzrə mükafat kvant nöqtələrinin kəşfi və sintezinə görə Aleksey Ekimov, Lui Brüs və Munqi Bavendiyə verilib.
Ədəbiyyat mükafatının qalibi novator pyesləri və nəsr əsərlərinə görə Norveç yazıçısı Jun Fosse olub.
İqtisadiyyat üzrə "Xatirə Mükafatı" “əmək bazarında gender fərqlərinin arxasında duran əsas amilləri aşkar edən tədqiqata görə” Claudia Goldin-ə verilib.
Mükafatların təqdimatından sonra laureatlar, qonaqlar, kral ailəsi, hökumət üzvləri, elm, biznes və mədəniyyət elitasının nümayəndələri Stokholm meriyasında ənənəvi ziyafətə gediblər.
Bundan əvvəl, dekabrın 10-da Osloda Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib.

Bu il o, həbsdə olan iranlı hüquq müdafiəçisi Nargis Mohammadiyə “İranda qadınların zülmünə qarşı mübarizəsinə və hamı üçün insan hüquq və azadlıqlarının təşviqi uğrunda apardığı mübarizəyə görə” layiq görülüb. Onun övladları 17 yaşlı Əli və Kiana Rəhmani diplom və qızıl medal alıblar.

Mərasimdən sonra onlar həmin gün növbəti aclıq aksiyasına başlayan analarının şərəfinə Norveç Sülh Şurasının təşkil etdiyi məşəl yürüşünün iştirakçılarını salamlayıblar.
Ənənəvi olaraq hadisələr dekabrın 10-da, Alfred Nobelin vəfat etdiyi gündə baş verib.

Oxuməni.az