İranın peykləri Rusiyanın “Vostochnı” kosmodromundan orbitə buraxılıb

İranın peykləri Rusiyanın “Vostochnı” kosmodromundan orbitə buraxılıb

5 Noyabr 13:28
Bəyəndim (2) Bəyənmədim (0)


“İRNA” agentliyi xəbər verir ki, bu gün səhər saatlarında İranın “Kousar” və “Xodhod” peykləri Rusiyanın “Vostoçnı” kosmodromundan “Soyuz” daşıyıcı raketindən istifadə etməklə uğurla buraxılıb və İran İslam Respublikasının özəl sektorunun ilk peykləri olub.
Orbitə göndərilən 53 kiçik peykdən ikisi İrana məxsusdur - “Kousar” dəqiq müşahidə peyki və "Xodhod" rabitə vasitəsi. İranın Moskvadakı səfiri Kazım Cəlalinin sözlərinə görə, peyklər özəl “Omid Faza” şirkəti tərəfindən hazırlanıb və 500 km yüksəklikdə orbitə çıxarılıb. Bu peyklərin buraxılması “İranın özəl sektorunun kosmik sənayeyə inteqrasiyası üçün mühüm addımdır”, Kazım Cəlali sosial media “X” hesabında yazıb.
İran peyklərinin “Soyuz” raketində buraxılması ölkənin uzaqdan zondlama imkanlarını genişləndirmək məqsədi daşıyan İranın geniş kosmik proqramının bir hissəsidir. Oktyabr ayında İranın 2025-ci ilin martına qədər daha üç peyk buraxmağı planlaşdırdığı açıqlandı. Bu qurğular yerüstü infrastrukturun mövcud olmadığı böhran vəziyyətlərində məlumat toplamaq üçün istifadə olunacaq.
“Üç peyk sistemi İrana xüsusilə təbii fəlakətlər zamanı vacib məlumatları tez bir zamanda qəbul edib ötürməyə imkan verəcək”, - İran Kosmik Agentliyinin nümayəndəsi şərh edib.
“Kosvar”, “Tolo-3” və “Zəfər-2” adlanan üç qurğudan ibarət sistem yerüstü rabitə kanalları və infrastrukturun əlçatmaz olduğu hallarda, məsələn, təbii fəlakətlər zamanı İran ərazisinin daha dəqiq tədqiqi üçün alət olacaq. Eyni zamanda, 2024-cü il martın 20-dən 2025-ci il martın 20-dək davam edən cari İran təqvim ilinin sonunadək “Pars-1” peykinin ikinci prototipinin yaradılmasının başa çatdırılması və "Nahid-2" və "Saman-1" kimi digər peyklərin orbitə buraxılmasına hazırlıq nəzərdə tutulur.
Almaz Həsənli