"18 oktyabr qeyri-iş günü olsun, Novruz bayramından bir gün..." - MM-də müzakirə

"18 oktyabr qeyri-iş günü olsun, Novruz bayramından bir gün..." - MM-də müzakirə

29 Oktyabr 2021 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edilməsinə dair qanun layihəsini müzakirə edib.

Oxuməni.az xəbər verir ki, dəyişikliklərlə əlaqədar Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri deyib ki, dəyişikliklər texniki xarakter daşıyır.

Qeyd edək ki, qanunun 1.1-ci hissəsində V abzasda “Respublika günü” sözü “Müstəqillik günü” sözü ilə əvəz olunur. Eləcə də 1.2-də səkizinci abzasda “Dövlət müstəqilliyi günü” sözü “Müstəqilliyin Bərpası Günü” ilə əvəz olunur.

Deputat Fazil Mustafa çıxışında Əmək Məcəlləsinə 18 oktyabr Müstəqilliyin Bərpası Gününün qeyri- iş günü kimi salınmasına etiraz edib: “Cəmiyyətdə də bu məsələ ilə bağlı gözləntilər var. Əmək Məcəlləsində də bununla bağlı dəyişiklik olunmalı idi”.

Deputat Əli Məsimli də həmkarının fikirlərini dəstəkləyib: “Müstəqillik Günü dəyər olduğu üçün müstəqilliyin bərpası da dəyərdir. Birinin dövlət, birinin peşə bayramı səviyyəsində qeyd edilməsi qəbuledilməzdir. Qeyri-iş günləri sayının çox olması deyilirsə Novruz bayramında 5 gün qeyri-iş günü var. Həmin günlər 4-ə salına bilər. Bir gün Müstəqilliyin Bərpası Günü qeyri-iş günü kimi təqvimə salınmalıdır”.

Deputat Sabir Rüstəmxanlı isə 18 oktyabrın qeyri-iş günü olmasının vacibliyini vurğulayıb.

Komitə sədri Əli Hüseynli səslənən fikirlərə cavab olaraq deyib ki, müzakirənin predmeti tam başqadır: “Sizin çıxışlarınızdan belə başa düşülür ki, indiyə qədər dövlətimiz, xalqımız bu günə ehtiramsız yanaşıb?! Bizim etdiyimiz sadəcə adların dəyişdirilməsidir. Əli müəllim, siz 18 oktyabrı indiyə kimi peşə bayramı kimi qəbul etmisiniz? Bu dövlət bayramıdır”.

Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.