Cənubi Qafqaz da əldən çıxır – “İndi Rusiyanı burada bir səbəb saxlayır”
“Rusiya öz Qafqaz siyasətini Qarabağ ermənilərinin faciəsi üzərindən yürütməkdə davam edir. Gürcüstanın Cənubi Osetiyada referendum təhdidinə baxmayaraq Rusiyaya qarşı sanksiyalara qoşulması, eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün təşəbbüsü ələ alan Avropa İttifaqının son addımları Rusiyanın ciddi narahatlığına səbəb olub. Rusiya Qafqazı itirmək ərəfəsində olduğunu dərk edir”.
Oxuməni.az xəbər verir ki, bunu jurnalist, siyasi şərhçi Asəf Quliyev deyib.
Onun sözlərinə görə, indi Rusiyanın Cənubi Qafqazda mövcudluğuna yeganə səbəb Qarabağdakı ermənilərdir:
“Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü barədə informasiya açılqlandıqdan dərhal sonra Rusiya prezidentinin hər iki liderlə telefon danışığı bu narahatlığın göstəricisi kimi dəyərləndirildi. Putin aparılan danışıqlardan sonra Paşinyana yenidən zəng vurmaqla situasiyaya nəzarət üçün Ermənistandan istifadə etmək istədiyini bir daha ortaya qoymuş oldu.
Son zamanlarda Ermənistanın müxtəlif rəsmi şəxslərinin, o cümlədən Nikol Paşinyanın da sülh sazişinə hazır olmaları barədə bəyanatları və bu məsələdə Türkiyənin maraqlı olması, eləcə də Avropa İttifaqının canfəşanlığı Kremli sözsüz ki, narahat edir.
İrəvanın sülh ritorikası ilə parallel, Paşinyana müxalif qüvvələrin sülh sazişinə qarşı çıxması və bunun erməni xalqın mənafeyinə uyğun olmamasını söyləməsi müşahidə olunur. Sülh sazişinə etiraz edənlərin əsasən rusiyameylli qüvvələr olması da sirr deyil. Etirazların əsas lokomotivi sözsüz ki, Ermənistanın əsas müxalifət qüvvələri Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” və Serj Sərkisyanın rəhbərlik etdiyi “Şərəfim var” bloklarıdır. Bu şəxslərin Rusiyaya bağlılığı isə sirr deyil. Çünki onlar Ermənistanın təhlükəsizliyinə əsas təminatçının Rusiya olduğu qənaətindədirlər”.
Bununla belə, Asəf Quliyev hesab edir ki, artıq ermənilər reallığı dərk etməyə başlayıblar:
“Ermənistanda artıq dərk edirlər ki, Rusiya nə Ermənistanın, nə də Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi üçün təminatçı funksiyasını yerinə yetirə bilir. İrəvanın sülh ritorikası isə onu deməyə əsas verir ki, indi Paşinyan və komandası Azərbaycan və Türkiyə ilə dil tapmadan erməni xalqını ağ günə çıxara bilməyəcək. Lakin Rusiyanın Ermınistana təsir imkanları qalır və Kreml bu imkanları yenidən səfərbər edib. Bu gün Köçəryan və Sərkisyanın rəhbərlik etdiyi bloklar mitinq keçirəcək. Eyni zamanda, Qarabağdakı separatçı qüvvələr “qanunverici orqan”ın növbədənkənar iclasını çağırıb.
Hər iki tədbir sözsüz ki, Paşinyanın Brüssel görüşündə konstruktiv mövqe tutmasına mane olmağa yönəlib. İndi hər şey Paşinyanın özünə və xalqına nə qədər güvənməsindən asılıdır”