Pakistanda zavodda 15 nəfərin ölümü ilə nəticələnən güclü partlayış baş verib

Pakistanda zavodda 15 nəfərin ölümü ilə nəticələnən güclü partlayış baş verib

11:15
Bəyəndim (0) Bəyənmədim (0)


Yerli media hökumətin açıqlamalarına istinadən Pakistanın Pəncab əyalətindəki zavodda qazan partlaması nəticəsində ən azı 15 nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib.
Hadisə Pəncab əyalətinin Feysalabad rayonunda, Lahor şəhərindən təxminən 130 kilometr aralıda baş verib.
Feysalabad komissarının müavini Raca Cahangir Ənvər jurnalistlərə bildirib ki, Malikpur rayonundakı kimya zavodunda güclü qazan partlaması yaxınlıqdakı tikililərin, o cümlədən birinin uçmasına səbəb olub.
"Xilasetmə qrupları indiyə qədər dağıntılar altından 15 cəsəd çıxarıb. Yeddi yaralı insan xəstəxanaya aparılıb", - Ənvər deyib.
"Daha çox insanın dağıntılar altında qalması ilə bağlı narahatlıqlar var. Xilasetmə qrupları dağıntıları təmizləməyə davam edir. Bütün rayon qurumları xilasetmə işlərində iştirak edir", - komissar əlavə edib.
Bəyanatda Pəncab Polis Baş Müfəttişi Dr. Usman Ənvər 1122 Xilasetmə Xidmətinə, yanğınsöndürmə briqadasına və bütün müvafiq qurumlara tam dəstək verilməsini əmr edib.
Pəncabın baş naziri Məryəm Nəvaz insan itkisi ilə bağlı dərin təəssüfünü bildirib, qurbanların ailələrinə başsağlığı verib və Feysəlabad komissarından ətraflı hesabat tələb edib.
Almaz Həsənli