Həbsdə olan Rəmzi Zeynalovun atası zərərçəkmişin ailəsinin qonağı oldu
26.11.2014-cü il tarixdə Sabirabad rayon Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə ikinci məhkəmə iclası keçirilib.
Mediainfo.az-ın xəbərinə görə, Cavanşır Zərbəliyevin hüquq müdafiəçisi vəkil Fərid Məmmədzadə iclasın konstruktiv şəkildə keçdiyini bildirib. Vəkilin sözlərinə görə, hakim və dövlət ittihamçısı zərərçəkmiş tərəfin əvvəlki iclasda qaldırdığı vəsatətlərə diqqətlə baxacaqlarını bildirərək, proses əsnasında hər bir halın araşdırılacağını diqqətə çatdırıblar.
Məhkəmə iclasından dərhal sonra təqsirləndirilən şəxs Rəmzi Zeynalovun ailəsinin təşəbbüsü ilə onun atası və digər təqsirləndirilən şəxslərin yaxınları Kürdəmirin Sığırlı kəndinə, zərərçəkmiş Cavanşır Zərbəliyevin ata evinə gediblər. "Ev yiyələri onları qonaqpərvərliklə qarşılayıblar. Hər iki tərəfin yaxınları çay süfrəsi arxasında xeyli söhbət ediblər. Qonaqlar baş vermiş hadisədən təəssüfləndiklərini bildirərək, üzrxahlıq ediblər" – deyə məlumat verən Fərid Məmmədzadə Rəmzi Zeynalovun 12 noyabr məhkəmə iclasında səsləndirdiyi fikirləri xatırladıb: "Təqsirləndirilən şəxs Rəmzi Zeynalov ötən iclasda səhvini etiraf etdi. O, bir insan kimi düzgün maarifləndirilmədiyini və bu səbəbdən yanlış hərəkətə yol verdiyini bildirdi. Rəmzi Zeynalov Allah qarşısında cavab verməli olacağını bildiyini deyərək səmimi peşmançılıq duyğularını gizlətmir. Bütün bu hallar məhkəmə iclasının protokolunda öz əksini tapıb".
Mediainfo.az
































































































