211 saylı orta məktəbin şagirdlərindən möhtəşəm layihə
Mediainfo.az xəbər verir ki, dünən Nəsimi rayonunda yerləşən 211 saylı orta məktəbdə balaca ürəkləri olan azyaşlılar böyük bir layihə həyata keçirdilər. Belə ki, məktəbin 4e sinif rəhbəri Nigar Quliyevanın (rus bölməsi) təşəbbüsü ilə aylardır hazırlığı gedən tədbir nəhayət ki, nümayiş olundu.
Akt zalına yığılan valideynlər, məktəbin muəllim heyəti və digər qonaqlar 4-cu sinif şagirdlərinin şücaətini heyranlıqla seyr etdilər. Belə ki, ibtidai mərhələni bitirənlər mahnı töhfələri ilə, şeir və hazırladıqları səhnəciklərlə həm valideynlərinin, həm də tamaşaçıların qəlbini fəth etdilər.
Bu tədbirə xüsusi hazırlıq gördükləri şagirdlərin geyimlərindən açıq-aydın bəlli idi: qızlar qırmızı yubka, ağ kofta, oğlanlarsa qara şalvar, ağ köynək və qırmızı boğazlıq.
Xatırladaq ki, Nigar xanımın azyaşlı şagirdləri də (məktəbəqədər hazırlıq) 4-cülərdən heç də geri qalmamışdılar. Beş yaşı tamam olan bu balacalar da oxuduqları mahnı ilə valideynlərinin sevinc göz yaşlarına səbəb oldular. Birinci sinfə hazırlaşan uşaqlar heç bir səhvə yol vermədən məşq etdikləri mahnını tamaşaçılar üçün oxudular. Və alqışılarla qarşılandılar.
P.S. Tədbirin sonunda təqdimat oldu. Daha doğrusu, 4-cu sinif şagirdi Məmmədli Elgün Elşad oğlu sinfin açarını sentyabrda birinci sinifə qədəm basacaq Qocayev Vəli Natiq oğluna təqdim etdi. Bununla da hər kəs həm böyükləri, həm də balacaları alqışladılar.
Sonda valideynlər və iştirakçılar adından bu möhtəşəm layihənin səbəbkarı olan Nigar Quliyeva başda olmaqla, Xanım Həsənovaya, Nərgiz Məmmədovaya, Mehri Səfərovaya, Gülnarə Quliyevaya, Aytəkin Xəlilovaya, Emilya Mirkişiyevaya, Aliyə Vəliyevaya minnətdarlıq bildirildi.
Onu da əlavə edək ki, şagirdləri sinif rəhbərini gül-çiçəyə bürüdüyü kimi, Nigar xanım da öz sevimli uşaqları üçün sürpriz hədiyyələr hazırlamağı unutmamışdı. Beləcə, ibtidai sinfin buraxılışı olan şagirdlər sinfi məktəbəqədər hazırlığın uşaqlarına təhvil verdilər.
Bütün bunlar – sevinc, xoşbəxtlik, hədiyyələr, mahnı, səhnəciklər, xüsusi bəzədilmiş şarlar və s. ürəkaçan hadisələr məhz 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdi.
P.P.S. Uşaqlar bizim dünənimiz, bu günümüz, sabahımızdır. İndidən Azərbaycan bayrağını tədbirlərdə dalğalandırmağı unutmayan bu balacalarımız sabah vətənin hər çətinliyində sinələrini irəli verənlərdir. Yaşasın gələcəyimiz! Yaşasın Azərbaycanımız! Daima dalğalan, üçrəngli bayrağımız! Uğurlar!
Hazırladı: Könül Qocayeva AYPARA































































































