Milli fəlsəfəmizin və ictimai fikir tariximizin qürur mənbəyi

Milli fəlsəfəmizin və ictimai fikir tariximizin qürur mənbəyi

7 May 2021 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Qarşımızda üç hissədən ibarət olan iri həcimli bir kitab durur, əslində samballı elmi-tədqiqat əsəri: “Faiq Ələkbərli. Azərbaycan türk fəlsəfəsi və ictimai fikir tarixi (XIX-XX əsrlər)”. B, Elm və təhsil, 2018 – I hissə; 2020, II hissə; 2021 – III hissə. Üz ilə üç yetkin əsər! Adamı heyrətə gətirən odur ki, Faiq müəllim bu boyda işin öhdəsindən tək başına necə gəlmişdir? Kitablar təkcə elmi tədqiqat deyil, həm də səlnamədir, göstərilən dövrün və problemin səlnaməsi və epopeyasıdır.

XIX əsrin lap əvvəllərində və ondan da qabaq “türk” deyiləndə azərbaycanlılar nəzərdə tutulurdu, “Türkiyə türkləri isə ən çoxu “Osmanlı” kimi tanımırdı. Hətta belə bir fikir də vardı ki, Osmanlı türklərini bir millət olaraq “Osmanlı milləti” yaxud “Anadolu milləti” adlandırsınlar. Bu, tarixən formalaşmış bir ənənə idi. Osmanlı imperiyasında yaşayıb formalaşan türkləri “Osmanlılar”, Azərbaycanda yaşayan türkləri isə “tatarlar”, çox vaxt və əsasən də “türklər” adlandırırdılıra. Bu ondan irəli gəlirdi ki, türklərin özləri də, dil və ədəbiyyatları da ən birinci olaraq məhz Azərbaycanda formalaşmış, əvvəlcə xalq, sonra da millət halına düşmüşdür. Eləcə də türk ədəbi dilidə və ədəbiyyatıda məhz əvvəlcə Azərbaycanda, sonra isə Anadoluda (o zamanlar “Türkiyə” anlayışı yox idi, onu ilk dəfə olaraq Kamal Atatürk 1928-ci il Böyük millət məclisindəki çıxışında belə ifadə etmişdir ki, biz bugündən etibarən ölkəmizi “Türkiyə”, onun xalqını isə “türklər” adlandıracağıq” Belə ki, Osmanlı imperiyası və eləcə də xilafət tarixə çevrildiyindən belə bir zərurət yaranmışdı.) Azərbaycanda yaşayan türklərin Anadolu türklərilə hər cür əlaqəsini qırmaq üçün Stalin 1936-cı ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti on günlüyündə, “Koroğlu” operasına baxandan sonra Azərbaycanın Moskvadakı nümayəndəsindən soruşmuşdu: “вы владете Азербайджанскии языком?” Buna qədər isə hər yanda “türk dili” işlədilirdi. Hətta Nəriman Nərimanov Sovet Azərbaycanda dövlət dilini “türk dili” kimi qəbul etmişdi və bu bizim millətimiz üçün normal hal sayılırdı.

Stalinin bu sözlərindən sonra heç kim qorxusundan “türk dili” ni işlətmir, hər yerdə “Azərbaycan dilinin” işlədilməsi bir normaya çevrilir. Əslində Stalin bu sözləri heç də təsadüfən deməmişdi, məqsədi vahid türk dilini parçalamaq idi. Respublikamızda keçirilən o vaxtkı əlifba islahatlarının və xüsusən də Kirill-mefodiya qrafikasına keçidin məqsədi də bundan ibarət idi.

1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayında iştirak edən 26 türk ziyalısının Səmədağa Ağamalı oğlundan başqa hamısı represiyya qurbanı oldu. 40 minə yaxın türk ziyalısı Stalin-Bağırov guruhu tərəfindən məhv edildi. Vəziyyət o qədər qorxulu bir hala çatmışdır ki, “türk” sözünün işlədilməsi güllələnmə ilə nəticələnirdi. Ona görə də millətin “türk” adından “azərbaycanlı” adına keçidi baş verdi.

Türklərin adı ilə bağlı olan mədəni irs ləğv edildi. Millət öz tarixindən ayrı salındı.

Amma Hüseyn Cavidin şox böyük uzaqgörənliklə söylədikləri tədricən reallığa çevrildi:

“iştə o zaman ölənlər dirilər”

“Kim nə yapmışsa cəza çəkdilər”

İşi o yerə gətirmək lazım deyildir ki, vaxtilə “türk” deyənləri gözləyən cəzalar indi “türk” deməyənləri yaxalamasın. Axı, dövr və şərait dəyişmişdir! Şarl de Qollun dediyi kimi, “hər şeyi şərait həll edir”.

Ona görə də Faiq müəllimi ad seçiminə görə qınayanlar onun üstündə bir də düşünməlidirlər. Bu çox düzgün seçimdir. Məsələnin digər bir tərəfi Azərbaycan (türk) dilinin osmanlı (türk) dilindən əvvəl əvvəlcə xalq, sonra isə milli dil kimi yaranması və inkişafıdır. Məsələ ondan ibarətdir ki, Azərbaycana bir işğalçı kimi gələn monqollar 1295-ci ildə Qazan xanın hakimiyyəti dövründə islam dinini qəbul etdilər və tədricən yerlilərlə qaynayıb qarışmağa başladılar və bu əsasda da onun dil və mədəniyyətinin inkişafına şərait yarandı, Anadoluda isə Konya Şəhərində bir kiçik Səlcuq Sultanlığı qalmışdı və daha aydın desək o zamanlar “türk” termini işlədənlər həm onları, həm də biz azərbaycanlıları nəzərdə tuturdular. Həm bizdə, həm də İranda hökm sürən türk sülalələr də öz türk adlarını saxlayırdılar. Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar sülalələridə öz türklüklərini saxlamışdılar. Lakin Qacarların son illərində onların iranlılaşması proesesi başladı ki, bu da sonradan paniranizmə yol açdı. Onuda deyim ki, İran öz qədim adını yalnız 1931-ci ildə geri qaytara bildi. Bu da İranda paniranizmin baş qaldırması, “milləti iran” anlamının önə gəlməsi və pəhləvi Rza Şahın hakimiyyətinin möhkəmlənməsinə xidmət edirdi. İranda “türk” sözü lağ obyektinə çevrildi, hətta “türkə xər” ifadəsi yarandı, azərbaycanlılar bütün sahələrdə sıxışdırılmağa başladı.

Müəllifin qələminə, şəxsiyyətinə və zəhmətinə böyük hörmətim vardır. Amma bununla belə onunla razılaşmadığım bir sıra momentlər də vardır.

1) Ən əvvəl müəllif “azərbaycanlı” millətini “mələs” bir millət hesab edir. Şübhə yoxdur ki, hər hansı bir xalq millətə çevrilmə prosesində xalqın əsasını təşkil edən (Eso-etno sosial orqanizm) bir etnosun (məsələn, “türk” etnosunun) ətrafında digər etnosların da birləşməsi əsasında formalaşır, yəni azərbaycanlı milləti türk etnosu ətrafında digər etnosların (məsələn iran dillilərin və Qafqaz xalqlarının) birlməşməsi əsasında formalaşmışdır. Bunu biz M.E.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərindən də görə bilərik. Bu əsər Faiq müəllimə çox yaxın kitablardan biridir. Çünki, onun namizədlik dissertasiyası məhz M.E.Rəsulzadə ilə bağlı olmuşdur. Həm də bu kimi proseslərdən qorxmaq və onu inkar etmək olmaz, çünki bu proses təkcə bizim millətin həyatında deyil, millət kimi formalaşan bütün xalqların həyatı üçün adekvat bir fenomendir.

Halbuki belə bir millət artıq mövcuddur, tarixi bir gerçəklikdir və onu inkar etmək olmaz, azərbaycanlılar XX əsrin əvvəllərindən millət kimi formalaşmış və millətin millət kimi mövcud olması üçün bütün tələblərə cavab verir: Yəni özünə məxsus müstəqil tarixi, dil və mədəniyyəti, adət və ənənələri və s. vardır. Bu günkü Anadolu türklərilə nə qədər ümumi və oxşar xüsusiyyətləri olsa da fərqli cəhətləri də vardır. Şübhəsiz ki, hər iki dil (türk və Azərbyacan) türk dilləri içərisində biri-birinə ən yaxın olan dillərdir. Xüsusilə də istər Türkiyədə, istərsə də Azərbaycanda aparılan dil islahatları bu dillər arasındakı fərqləri daha da artırmışdır. Heç də təsadüfi deyildir ki, bu gün bu dillərin daşıyıcıları çox vaxt biri-birini tərcümə vasitəsilə başa düşürlər. Məsələ ondan ibarətdir ki, Azərabyacnda türklərlə yanaşı digər etnoslar da yaşayır və tarix və mədəniyyətimizin inkişafında onların ruhunu inkar etmək olmaz. Ona görə də mən belə başa düşürəm ki, Faiq müəllimdə bu məsələ vəhdətdə götürülür, yəni türk deyiləndə elə bütün Azərbaycan əhalisi nəzərdə tutulur və o bu əhalini türklərə və qeyri türklərə bölmür. Vətən müharibəsində biz bunun bir daha şahidi olduq ki, xalqımız yumruq kimi birləşdi və işğala yox dedi! Henrix Heynenin dediyi kimi “Dostum, nəzəriyyə quru bir şeydir, həyat ağacı isə həmişə yaşıldır.” Reallıq, praktika göstərdi ki, xalqımızın arasına hər hansı bir nifaq salmaq qeyri-mümkündür. Çünki, bizim dostluğumuz artıq monalit birliyə çevrilmişdir və hər hansı bir erməni dığası onu poza bilməz. Deməli, türklük elə birlik deməkdir!

Demək istədyim odur ki, burada elə bir orta həll tapıb ona çata biləsən ki, “nə şiş yansın, nə də kabab”, daha adıynan desək, gərək biz heç kəsi özümüzdən ayırmayaq, vəhdətdə hərəkət edək və bir nöqtəyə vuraq. Gərək sübut edək ki, bizim türklüyümüz elə bizim azərbaycançılığımızdır! Həm də onu da unutmayaq ki, azərbaycançılıq artıq bizim ideologiyamıza çevrilmişdir və bu respublikasnın bütün xalqları tərəfindən yek dilliklə qəbul olunmuşdur. Çünki bu ideologiyanın beşiyi başında Ulu Öndər Heydər Əliyev və onun hazırki siyasi varisi möhtərəm prezident İlham Əliyev dayanmışdır. Hərçənd ki, biz Türkiyə ilə “bir millət iki dövlət” münasibətindəyik, amma hər dövlətin öz maraq və mənafelərinin olmasını da unuda bilmərik. Ona görə də bizim türkçülüyümüzdə bir azərbaycançılıq, azərbaycançılığımızda isə bir türkçülük var. Bunlar mütəq nəzərə alınmalıdır. Onlar bizim sosial, siyasi, mədəni-mənəvi həyatımızın bir dövrünü, bir loqosunu təşkil edir.

2) Müəllif seçdiyi tədqiqat obyektindən kənara çıxaraq tarixə və ədəbiyyata alüdəçilik göstərir və onlara çox yer verir, tədqiq olunan mövzu bir növ onların kölgəsində itib-batır.

3) XX əsrin əvvəllərində Azərbaycanda baş verən yeniləşmə hərəkatı bir neçə kanalların təsiri altında baş vermişdi. Bu kanllardan birzini də rus kanalı təşkil edirdi və vaxtilə akademik F.Köçərili bu probelm ətrafında Ə.Cəfəroğlu ilə razılaşmadığını bildirmişdi. Faiq Ələkbərov bu məsələdə heç bir əsası olmadan əsas yeri Qərbə verir və Qərbin də Azərbaycana təsirinin rus kanalı vasitəsilə reallaşmadığını iddia edir.

4) Tədqiq olunan problem ətrafında bizim həmişə avtoritet saydığımız hörmətli ağsaqqal alimlərimiz Faiq müəllimin (amansız) tənqid atəşinə tuş gəlir bə burada elmi etika göstərilmir.

5) Müəllif öz yazılarında özünü radikal türkçü kimi göstərir və bu da elmi tədqiqatların obyektivliyini şübhə altına alır. Şübhəsiz ki, millətçilik lazımlı fenomendir, amma o, şovinizmə çevriləndə çox təhlükəli və səmərəsiz olur.

Bu qeydlər mənim subyektiv fikirlərimdir və onunla razılaşmamaq da olur. Müəllifin zəhmətinin üstünə kölgə salmaq fikrindən uzağam və ona uğurlar arzulayıram. Onu da qeyd etməliyəm ki, müəllifin əsərlərində irəli sürdüyü fikirlərin əksəriyyəti yenidir və ortaya çıxardığı şəxsiyyətlərin bir çoxu birinci dəfədir ki, tədqiqata cəlb olunur, xüsusilə də Güney Azərbaycanı ilə bağlı məsələlərdə.

Biz burada işin çox cüzi bir hissəsinə toxunduq. Amma bu, fundamental bir əsər olub öz elmi zənginliyi və ideya dərinliyi ilə diqqəti cəlb edir.

Şübhəsiz ki, Faiq müəllimin kitabı həm problem dairəsinin genişliyinə və əhatə dairəsinə görə, həm də dərinliyinə, yəni səciyyəvi xüsusiyyətlərinə görə çox ağır zəhmət tələb edən bir tədqiqat işidir o tədqiqatçıdan səbr və əzm tələb edir. Biz əsəri oxuduqca bunun şahidi oluruq.

Müəllifə uzun ömür və cansağlığı, elmi tədqiqatlarda isə yeni-yeni uğurlar arzulayıram. Üç rəngli bayrağın uca olsun, Faiq Müəllim!

Əlikram Tağıyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Məntiq” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor