Suriyadakı hadisələr ərəb ölkələrində təkrarlana bilər
Əsəd rejiminin devrilməsi ərəb ölkələri liderləri tərəfindən rəğbətlə qarşılansa da, onlar arasında bəzi narahatlıqlara da səbəb olub. Buna səbəb Bəşər Əsədin devrilməsinin onların dövlətlərində iğtişaşlara səbəb ola biləcəyi təhlükəsidir. Məsələ ilə bağlı daha çox təşviş keçirən ölkə Misirdir. Misir rəhbərliyinin Suriyada baş verən hakimiyyət dəyişikliyinə olduqca ehtiyatlı reaksiya verməsi də bunu təsdiq edir. Prezident Əbdül Fəth əs-Sisi Suriyada baş verənlərin Misirdə təkrarlana biləcəyi təhlükəsindən narahat olduğunu artıq gizlətmir. O yerli mətbuata verdiyi açıqlamasında deyib ki, Suriya xalqının başına gətirilən faciələrdə iştirak edənlər bu taktikadan digər ərəb ölkələrinə münasibətdə istifadə edə bilərlər. Ona görə də Əbdül Fəth əs-Sisi Suriya prezidentini devirənlərə münasibətdə olduqca ehtiyatlı mövqe nümayiş etdirərək hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini diqqətlə izləməkdədir. Digər tərəfdən də Suriyada Əsədi devirən güclərin arxasında bölcədə marağı olan bəzi dövlətlərin dayandığı da sirr deyil və ölkəni idarə edəcək yeni rəhbərliyin kimlərin iradəsi ilə hərəkət edəcəyi bilinmir.
Əbdül Fəth əs-Sisinin digər qorxusu Suriyada islam rejiminin ölkə siyasətində aparıcı rol oynaya bilməsi ilə bağlıdır. Buna da səbəb vaxtı ilə prezident Əbdül Fəth əs-Sisinin Misirdə “Müsəlman Qardaşlar” hərəkatını məhv etmək üçün böyük repressiyalar həyata keçirməsidir. Buna baxmayaraq bir çox misirlilər hələ də onlara rəğbət bəsləyirlər. Bu baxımdan Suriyada baş verənlərin Misirdə islamçı qrupların ruhlandıracağı ehtimal edilir. Məsələyə münasibət bildirən politoloq Rasim Musabəyovun fikrincə, istənilən halda Suriyanın bundan sonra da zəifləməsi ı Ərəb ölkələri üçün yaxşı heç nə vəd etmir.
Misirlə bərabər İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) liderləri də Suriya prezidenti Bəşər Əsədin devrilməsinin onların dövlətlərində iğtişaşlara səbəb ola biləcəyindən narahatdırlar. Onlar Suriyanın gələcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər, çünki bu ölkənin “xaosa girməsi” riski var.
Əsəd ölkədən qaçarkən ərəb dövlətləri ehtiyatlı davranaraq suriyalıları hakimiyyətin sakit şəkildə ötürülməsini təmin etməyə, dövlət institutlarını qorumağa çağırıblar. Bununla belə, ərəb ölkələrinin qorxuları üsyançılardan Suriya hökuməti ilə danışıqlara başlamağı xahiş edəndə aydın idi.
Bir daha qeyd etdiyimiz kimi Ərəb ölkələri islamçıların bu boşluğu doldurmaq, Suriyada möhkəmlənmək və təsirlərini yaymaq imkanlarından narahatdırlar. Suriyada qeyri-müəyyəliyin davam etməsi isə Ərəb ölkələrinə yaxşı heç nə vəd etmir.
Əziz Mustafa, Oxuməni.az