Avropa İttifaqının güclü lider axtarışı: Ümidlər Angela Merkelədir

Avropa İttifaqının güclü lider axtarışı: Ümidlər Angela Merkelədir

10 May 2019 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı daxilində son illərdə gedən iqtisadi, siyasi proseslər və bu müstəvidə də mərkəzdənqaçma meyllərinin güclənməsi beynəlxalq aləmdə özünəməxsus şəkildə əks-səda verməkdədir. Xüsusi ilə Böyük Britaniyanın Avropa İttifaqını tərk etmə cəhdi-Breksit qurum daxilində çoxaylı problemlərin ortaya çıxmasına yol açaraq bir vaxtlar polad kimi sarsılmaz hesab edilən bu təşkilatın ana dayaqlarının laxlanmaq üzrə olduğunu üzə çıxarıb. Belə bir vəziyyətdə Avropa İttifaqının onu dağılmaqdan qoruyan və gələcəyini təmin edən güclü siyasi liderə ehtiyacı duyulur. Məsələnin məhz bu tərəfinə diqqəti cəlb edən Neu Zürcher Zeitung nəşri yazır ki, Avropanın gələcəyi ona Putin və Tramp kimi güclü siyasi liderlərlə bərabər səviyyədə danışmağa qadir olan iradəli siyasətçinin rəhbərlik etməsindən asılıdır: "Avropa hazırda özünün çətin, taleyüklü dövrlərindən birini yaşamaqdadır. Rusiya və ABŞ-la iqtisadi, siyasi və hərbi rəqabətdə tap gətirməyə qadir olacaq Avropa İttifaqının gələcək taleyi ona rəhbərlik edəcək tanınmış siyasi liderdən asılıdır. Belə bir siyasi lider isə Almaniya kansleri kimi yaxın günlərdə səlahiyyətləri başa çatacaq məşhur siyasətçi Angela Merkel ola bilər. O Avropa Şurasının və ya Avropa Komissiyasının rəhbəri kimi Avropa İttifaqının daxili və xarici düşmənlərinə qarşı layiqli mübarizə apara, onları yerində oturda və qurumu daha da gücləndirə bilər".

Əslində Angela Merkelin adının Avropa İttifaqının rəhbəri kimi hallandırılması və hətta onun qurumun gələcək "ağ kraliçası" adlandırılması da təsadüfi deyil. Belə ki, Angela Merkel kansler kimi səlahiyyətlərini ayın sonunda yerə qoymalı və ya yenidən 4-cü dəfə seçkilərdə iştirak etdiyini rəsmi şəkildə bəyan etməlidir. Lakin Angela Merkel hələlik bu vəzifədə qalıb–qalmamaq barədə qəti fikir söyləməyə tələsmir. Bunun da əsas səbəbinin məhz mayın 26-da Avropa Parlamentinə keçiriləcək seçkilərlə bağlı olduğu ehtimal edilir. Merkel Aİ-nin gələcəyindən narahat olduğunu dəfələrlə desə də quruma başçılıq etmək niyyətində olduğunu rəsmi şəkildə heç vaxt bəyan etməyib. O yalnız qeyd edib ki, hər gün Avropa İttifaqının güclü siyasətçiyə ehtiyacı olduğu aydın şəkildə özünü hiss etdirir. Aydın məsələdir ki, indiki vəziyyətdə Avropa İttifaqına rəhbərlik edə biləcək yeganə lider məhz Angela Merkelin özü ola bilər. Belə ki, Aİ-yə üzv olan ölkələrlə müqayisədə qurumda Almaniya və Fransa liderlik funksiyasını həyata keçirirlər. Fransanın prezidenti Emmanuel Makronla müqayisədə Angela Merkel daha təcrübəli siyasətçi hesab edilir. Makron siyasi aləmdə təzədir və hazırda onun başı daha çox ölkə daxilindəki sarı jiletlilərin etiraz aksiyalarının qarşısını almağa yönəlib. Buna paralel olaraq Makronun Fransada həftəlik iş saatlarının artırılması yolu ilə ölkənin iqtisadi problemlərinin həllinə cəhd etməsi Avropanın digər ölkələrində də narazlıqla qarşılanıb. Belə bir vəziyyətdə isə Avropa İttifaqının bankiri rolunda çıxış edən Almaniyanın nüfuzu qurum daxilində daha da güclənib. Günümüzdə de-fakto hazırda kansler Merkelin idarə etdiyi Almaniya Avropanın İttifaqının lideri funksiyasını həyata keçirir. Merkel eyni zamanda ABŞ prezidenti Donald Trampın Avropaya faktiki olaraq iqtisadi müharibə elan etməsini və bəzi sanksiyalara əl atmasını qətiyyətlə pisləyir. O Trampın beynəlxalq aləmdə ABŞ-ın iqtisadi maraqlarının təmin edilməsində Avropa İttifaqına üzv dövlətlərdən özünün vassalları kimi istifadə etmə cəhdlərinə qarşı çıxır. Merkel təhlükəsizliyin təmin edilməsi baxımdan Avropa İttifaqının ABŞ-dan asılı olmasının və onun müdafiəsinə bel bağlamasının əleyhinıə çıxır . O dəfələrlə öz çıxışlarında qeyd edib ki, yalnız iqtisadi, siyasi və hərbi baxımdan güclü Avropa ABŞ və Rusiya ilə rəqabət apara, özünün təhlükəsizliyini ən yüksək səviyyədə təmin edə bilər. Angela Merkelin məhz bu baxımdan Avropa İttifaqının lideri ola bilməsi ehtimalı kifayət qədər yüksək hesab edilir. Lakin istənilən halda Avropa İttifaqına rəhbərlik edən ən güclü və nüfuzlu siyasi lider belə qurumdaxili başağrısına çevriən problemləri həll etmək kimi heç də asan olmayan bir vəzifəni həyata keçirməli olacaq. Məsələnin bu tərəfəiinə diqqəti cəlb edən Neu Zürher Zeitung yazır ki, Avropa İttifaqının daxilində millətçilik, radikalizm, Breksit kimi problemlər mövcuddur. Onları həll etmədən, aradan qaldırmadan isə Aİ-nin gələcəyə getməsi heç də asan olmayacaq. Üstəlik Aİ üçün ən böyük təhlükələrdən biri də Çinin tədricən dünya liderliyinə çan atması və Rusiyanın yenidən Avropa üçün qorxulu düşmənə çevrilməkdə olmasıdır: "Avropa İttifaqı ABŞ-dan asılı olmayan müstəqil siyasət yeritməyə və özünün təhlükəsizliyini təmin edə biləcək ordu yaratmağa qadirdirmi? Üstəlik Rusiyadan və Çindən gələn təhülkə və demoqrafik problemlər də güclü və qüdrətli Avropanın qurulmasını tələb edir".

Qeyd edək ki, Avropa Komissiyasına rəhbərlik etməyə namizədlər sırasında Almaniyadan olan Manfred Veberin adı daha çox hallandırılır. Lakin Merkellə müqayisədə Veber ağırçəkili siyasətçi hesab edilimir. O Avropa Komissiyasına rəhbərlik etmək üçün təcrübəyə siyasi xarizmaya malik deyil. Veber Tramp və Putinlə bərabər səviyyədə danışıqlar aparmağa qadir siyasi lider hesab edilmir. Məhz bütün bunlar yenə də hazırki vəziyyətdə Aİ-yə liderlik edə biləcək yeganə şəxsin Angela Merkel ola biləcəyini göstərir. Necə deyərlər Aİ-də əmələ gələn indiki reallıq Angela Merkelin Avropanın "ağ kraliçası" olmaq şanslarını birə on artırıb. Neu Zürher Zeitung yazır ki, əgər Merkel rəsmi şəkildə Avropa Parlamenti və ya Avropa Komissiyası rəhbərliyinə namizədliyini irəli sürsə onu dəstəkləyənlərin sayı kifayət qədər çox olacaq. Yeri gəlmişkən onu da deyək ki, artıq Aİ daxilində qurumu gələcəkdə idarə edə biləcək şəxsin məhz Angela Merkel ola biləcəyi barədə rəy formalaşmaqdadır. Belə bir fikir vurğulanır ki, Avropanın əksər siyasətçiləri Angela Merkeli Avropa Komissiyasının və ya Avropa Parlamentinin rəhbəri olmasını dəstəkləyirlər. Merkelin Aİ-nin "ağ kraliçası" olmaq niyyətinə düşməsini onun Veberin qurum rəhbərliyinə namizədliyini bu günə kimi rəsmi şəkildə dəstəkləməməsi də göstərir. Bütün bunlarla bərabər Merkelin adıçəklən məsələyə münasibətdə təmkinli mövqe nümayiş etdirməsi təsadüfi deyil Onun ilk növbədə may ayının 26-da Aİ-yə keçiriləcək seçkilərin nəticələrini gözlədiyi ehtimal edilir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Merkel Aİ-yə rəhbərlik edəcəyi halda onun qurumun gücləndirilməsinə xidmət edən addımlar atacağı və bunu uğurla reallaşdıracağı şübhə doğurmur. Lakin Angela Merkelin də çatışmayan cəhətləri şübhəsiz az deyil. Belə ki, Merkel bəzi məsələlərə münasibətdə millətçi və radikal baxışlara malikdir. Onun millətçi-radikal baxışları xüsusən Avropaya müsəlman ölkələrindən qaçqın axınları zamanı daha çoz özünü biruzə verdi. O miqrantlara münasibətdə bəşəri hümanizm prinsiplərindən çıxış etmək əvəzinə onlara sığınacaq verilməsini dinlərini dəyişdirməsi ilə əlaqələndirdi. Müxtəlif səbəblərdən Almaniyaya köç etməyə məcbur olan müsəlman miqrantların müəyyən hissəsi harada isə acından ölməmək və Almaniyada qalmaq naminə dinlərini dəyişməyə məcbur oldular. Angela Merkelin millətçiliyi və xüsusən xristian təəssübkeşliyi mövqeyindən çıxış etməsi Avropada müsəlmanlara münasibətdə dini dözümsüzlüyün ildən-ilə pisləşməsində də özünü göstərməkdədir.

Bundan əlavə Merkelin Türkiyə ilə münasibətləri də arzu edilən səviyyədə deyil və iki ölkə arasında bir çox məsələlərə münasibətdə gərginlik var. Xatırladaq ki, Merkelin türk düşmənçiliyi Ankaranın Aİ-yə üzv olması məsələsində də özünü aydın şəkildə biruzə verdi. Merkel Türkiyənin Aİ-yə üzv olmasına imkan vermədi. Bir sözlə Merkel Aİ-nin xristian klubuna çevrilməsinin qızğın tərəfdarı kimi tanınır. Ona görə də Merkel Aİ-yə rəhbərlik edəcəyi halda Avropada müsəlman düşmənçiliyinin daha da qızışacağı və dini zəmində münasibətlərin gərginləşəcəyi istisna edilmir. Necə deyərlər cüclü Avropa üçün Merkel nə qədər vacib bir siyasi lider hesab edilirsə, müsəlmanlar üçün də o, o qədər arzuedilməz bir şəxsdir.

Səda

Mediainfo.az