Venesuelada baş tutmayan  dövlət çevrilişi cəhdinin gizlinləri

Venesuelada baş tutmayan dövlət çevrilişi cəhdinin gizlinləri

10 May 2019 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən ayın sonlarında Venesuelada müxalifət lideri Quaydo tərəfindən qaldırılan, lakin baş tutmayan dövlət çevrilişindən sonra ABŞ və onun müttəfiqlərinin Rusiya üzərinə diplomatik hücumları və təzyiqləri artıb. Belə ki, ABŞ rəsmi şəkildə Maduro rejiminə qarşı baş tutmayan dövlət çevrilişi cəhdində Rusiyanı günahlandırıb. Məsələyə münasibət bildirən prezident Donald Tramp deyib ki, Venesuelada baş verənlərin arxasında Rusiyanın bölgədəki hadisələrə münasibətdə yeritdiyi siyasət dayanır. Trampın sözlərinə görə, Moskva Maduro rejiminə dəstək verməklə xalqın iradəsinə qarşı çıxır və Venesuelada həqiqi demokratiyanın bərpasına imkan vermir. ABŞ-ın və onun müttəfiqlərinin Venesuelada baş tutmayan dövlət çevrilişinə görə Rusiyanı günahlandırmalarına qarşı tərəfdən də sərt reaksiya gəlib. Moskva rəsmi şəkildə bəyan edib ki, Venesuelada Qərb tərəfindən müxtəlif yollarla, o cümlədən pulla ələ alınan bir qrup müxalifət nümayəndələri və azsaylı hərbçilər tərəfindən dövlət çevrilişi cəhdinə baş vurulub. Lakin cəhdin qarşısı Maduroya sadiq qüvvələr tərəfindən alınıb. Bununla belə ABŞ Rusiyanın Venesuelada baş verən hadisələrdə katalizator rolunu oynadığını iddia edərək Kremlə münasibətdə sərt ittihamlar irəli sürməkdə davam edir. Bunu ABŞ dövlət katibi Maykl Pompeonun Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş ərəfəsi verdiyi açıqlama da sübut edir. Pompeo həmin açıqlamasında sərt şəkildə bildirib ki, ruslar Karakası hər hansı bir şərt irəli sürmədən dərhal tərk etməlidirlər.

Pompeonun sərt bəyanatına ilk reaksiya Moskvadan deyil, Venesueladan gəlib. Pompeo ilə Lavrovun Finlandiyadakı görüşü ilə eyni vaxtda Moskvaya səfər edən Venesuela xarici siyasət idarəsinin rəhbəri Xorxe Arreas mətbuata verdiyi açıqlamada : "Venesuela müstəqil ölkə kimi xarici siyasətini qurur və Rusiya ilə hərtərəfli əməkdaşlığa xüsusi dəyər verir. Biz belə hesab edirik ki, Rusiyanın ölkəmizdəki hərbi missiyası daha da gücləndirilə bilər", -deyib.

Bununla da Venesuela Pompeonun rusların Venesuelanı tərk etməsi tələbinə analoji qaydada cavab verərək Ağ evi şoka salıb. Arreas daha sonra prezident Maduronun Sankt- Peterburqda keçirilməsi nəzərdə tutulan beynəxalq iqtisadi forumda iştirak edə biləcəyini istisna etmədiyini də bildirib. Onun bu açıqlaması da Pompeoya meydan oxumaq anlamına gəlib. İş orasındadır ki, dünyanın əksər ölkələri tərəfindən Maduro artıq Venesuela prezidenti kimi tanınmır. Lakin bununla bağlı daha bir incə məqam da var. Belə ki, Maduronun Sankt-Peterburq iqtisadi forumunda iştirak etməsi onun prezidentliyini tanımayan ölkələrin etirazına və tədbiri boykot etməsinə gətirib çıxara bilər. Ona görə də hələlik Moskva Maduronun Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda iştirakının mümkünlüyü barədə Arreasın dedikləriniə hər hansı reaksiya verməyib.

Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi və Venesuela problemi həftənin ilk günündə Finlandiyada keçirilən Pompeo-Lavrov görüşündə də əsas müzakirə hədəfi olub. Görüşdən sonra ABŞ dövlət katibi mətbuata verdiyi açıqlamasında deyib ki, Sergey Lavrovla danışıqlarında ona daxili işlərimizə müdaxilənin yol verilməz olduğunu və Venesueladakı rejimin dəstəklənməsinin pis nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq etdim. Lakin Lavrov iddia edib ki, Pompeo ilə görüş yüksək səviyyədə keçib. Belə başa düşmək olar ki, Venesuelada baş verənlərə münasibətdə təşəbbüsü əldə saxlayan Rusiyanı ABŞ-ın hansısa ittihamları ümumiyyətlə maraqlandırmır.

Venesuelada Quaydo tərəfdarları və onları dəstələyən bir qrup hərbçi tərəfindən qaldırılan dövlət çevrilişinin boşa çıxmasından sonra Maduro rejimi özünü daha rahat hesab etməyə başlayıb. Bunu may ayının 4-də ordu kadetləri tərəfindən keçirilən hərbi təlimlər zamanı prezidentin dedikləri də bir daha təsdiq edir. Maduro ABŞ-ı Venesuelaya qarşı qeyri-ənənəvi yollarla müharibə aparmaqda günahlandırıb. Maduro: "Biz ölkəmizı sona kimi müdafiə edəcəyik. Quaydo və ona dəstək verən dövlətlərin hakimiyyəti zorla ələ keçirmə cəhdləri baş tutmayacaq. Bu sadə həqiqəti ABŞ-da da başa düşməlidirlər",-deyib.

Məsələ ilə bağlı xatırladaq ki, bu ilin aprel ayının 30-da özünü prezident elan edən və dünyanın əksər ölkələri tərəfindən tanınan parlamentin rəhbəri və müxalifət lideri Quaydo tərəfindən Karlota hərbi bazasını ələ keçirmək və bu yolla dövlət çevrilişi etmək üçün cəhdə baş vurulub. Rəsmi məlumatlara görə dövlət çevrilişi cəhdində Qaydonu müdafiə edən 300-ə yaxın hərbçi iştirak edib. Eyni vaxtda Maduronu dəstəkləyən güclər küçələrə çıxaraq Quaydoya dəstək aksiyası keçiriblər.

Lakin üsyan Maduroya sadiq qüvvələr tərəfindən yatırılıb. Quaydo tərəfindən qaldırılan uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı digər maraqlı məqamlar da üzə çıxıb. Məlum olub ki, Quaydo tərəfindən dövlət çevrilişi cəhdi ilə demək olar eyni zamanda Milli kəşfiyyat xidməti rəhbəri Manel KristoferFiquera tərəfindən verilən göstəriş əsasında ev dustağı olan "Xalqın iradəsi" partiyasının lideri Leopoldo Lopes azad edilib. Araşdırma zamanı Fiqueranın Lopesi müxalifət lideri Quaydonun əmri ilə azad etdiyi üzə çıxıb. Belə ehtimal edilir ki, dövlət çerilişi baş tutacağı təqdirdə Leopoldo Lopesə ölkəni idarə etmək vəzifəsi həvalə olunacaqdı. Lakin Fiqueranın satqınlığı ona baha başa gəlib. O tutduğu vəzifəsindən azad edilib. Maduro Fiqueranın yerinə özünün təhlükəsizlik və kəşfiyyat üzrə məsləhətçisi Qustavo Qonsales Lopesi təyin edib. Yeri gəlmişkən onu da deyək ki, Fiquera Maduro ailəsinə ən yaxın fiqurlardan biri hesab edilirdi. Fiquera tərəfindən azad edilən müxalifət lideri Leopoldo Lopes isə baş tutmayan dövlət çevrilişindən sonra əvvəlcə Çili səfirliyində gizlənib, sonra isə ailəsi ilə birlikdə Karakasdakı İspaniya səfirliyinə pənah aparıb. İspaniya səfirliyi öz növbəsində Lopesı Venesuelaya verməkdən imtina edib.

Baş tutmayan dövlət çevrilişındən sonra sui-qəsdi həyata keçirmək istəyənlərlə bağlı digər detallar da üzə çıxıb. Məlum olub ki, dövlət çevrilişi ərəfəsində Quaydo ilə Venesuela müdafiə naziri Vladimir Padrino və yüksək vəzifəli generallar, həmçinin hökumətdəki bəzi narirlər arasında birgə fəaliyyət barədə razılıq əldə edilib. Çevriliş baş tutacağı halda Quyado ilə onu dəstəkləyən generallar və nazirlər arasında Karlota hərbi bazasında müvafiq anlaşma imzalanacaqdı. Anlaşmada Maduronun hakimiyyətdən salınması və Quaydonun prezidentliyinin tanınması əksini tapmalı idi. Buna paralel olaraq Venesuela Ali Məhkəməsinin sədri Maykel Moreno tərəfindən Maduronun nəzarəti altında olan Milli Konstitusiya Assambleyasının fəaliyyətinin qeyri-qanuni elan edilməsi barədə rəsmi sənəd imzalanmalı idi. Məsələ ilə bağlı Milli qvardiyanın generalı, general-mayor İvan Rafael Ernandes Dala tərəfindən Maduroya ultimatum təqdim edilməsi nəzərdə tutulmuşdu. Hakimiyyətdən devrilən Maduroya Kubaya getmək Imkanı verilməli və ya o həbs edilməli idi. Lakin son anda "sui-qəsdçi"lər telefonlarını söndürərək dövlət çevrilişində iştirak etməkdən imtina ediblər. Bununla bağlı ABŞ-ın Venesueladakı xüsusi nümayəndəsi Elliot Abrams mətbuata verdiyi açıqlamasında etiraf edib ki, son 3 ay ərzində Venesuela hökumətindəki əsas fiqurlarla, o cümlədən müdafiə naziri Vladimir Padrino ilə danışaraq onları Quaydo tərəfinə keçməyə razı salmağa cəhd edib: "Onlar Quaydonu müdafiə etməyə razılıq verdilər, lakin həlledici məqamda verdikləri vədlərin üstündə dayanmadılar".

Öz növbəsində müxalifət lideri, hazırda İspaniya səfirliyində gizlənən Leopoldo Lopes tvitterində yazıb ki, ev dustağı olmasına baxmayaraq müdafiə naziri Vladimir Padrino və yüksək səviyyəli dövlət rəsmiləri ilə danışıqlar aparıb və hakimiyyətə qarçı birgə çıxış etmək barədə razılığa gəliblər. Halbuki Lopesin evi Milli təhlükəsizlik xidməti əməkdaşları tərəfindən ciddi nəzarətdə olub. Görünür onlar öz şeflərindən, Fiqueradan aldıqları göstərişlər əsasında Lopesın sərbəst hərəkət etməsinə şərait yaradıblar.

Bütün hallarda hərbi çevrilişin baş tutmamasında Maduronu mühafizə edən Kubadan və Rusiyadan olan hərbçilərin oynadığı rolu da danmaq olmaz. Məhz onların həlledici məqamda qətiyyətli addımları dövlət çevrilişinin baş tutmamasında önəmli rol oynayıb. Xatırladaq ki, bu ilin mart ayının 23-də başda quru qoşunları komandanının müavini general-polkovnik Vasili Tonkoşkurovun rəhbərliyi altında 99 nəfərdən ibarət hərbi nümayəndə heyəti Venesuelaya səfər etmiş və qarşı tərəflə hərbi əməkdaşlıq məsələləri barədə danışıqlar aparmışdı. Baş tutmayan dövlət çevrilişındən sonra Venesuelada rusiyalı hərbçilərin saylarının artırılacağı istisna edilmir. Bunu mayın 6-da Moskvya səfər edən Venesuela xarici işlər naziri Xorxe Arreasın verdiyi açıqlama da təsdiq edir. Arreas yaxın gələcəkdə Venesuelada rusiyalı hərbçilərin sayının artırıla biləcəyinin mümkünlüyünü bildirib.

Lakin Venesuelada yeni dövlət çevrilişı təhlükəsi qalmaqda davam edir. Belə ki, baş tutmayan dövlət çevrilişındə Venesuela hərbçilərindən və yüksək səviyyəli hökumət rəsmilərindən lazımi dəstək ala bilmədiklərini etiraf edən Quaydo "The Washington Post" –a müsahibəsində deyib ki, onlar mübarizəni davam etdirəcəklər: "ABŞ-ın məsələ ilə bağlı istənilən təklifini, o cümlədən Venesuelaya hərbi müdaxilə təklifini dəstəkləməyə hazıram".

Bütün bunlar da onu göstərir ki, Venesuelada hələ uzun müddət sabitliyi tam şəkldə bərpa etmək mümkün olmayacaq və ölkə istənilən an qanlı qarşıdurmalar meydanına çevrilə bilər.

Həmidə Şahməmmədova

Mediainfo.az