Ermənistan İrana görə cəzalandırıla bilər: Yerevan təşviş içində

Ermənistan İrana görə cəzalandırıla bilər: Yerevan təşviş içində

26 İyul 2019 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

İran-ABŞ münasibətlərinin gərginləşməkdə davam etməsi və Tehrana qarşı yeni sanksiyaların gündəmə gəlməsi Ermənistanda özünəməxsus şəkildə təşvişlə qarşılanmaqdadır. Bu da əsassız deyil. Yerevan hazırda Tehranla sıx iqtisadi, siyası və hərbi əlaqələrə malikdir. Belə demk mümkünsə İran bölgədə Rusiyadan sonra Ermənistanın əsas müttəfiqi rolunda çıxış edir. İki ölkə rəhbərləri arasında keçirilən görüşlərdə müntəzəm olaraq dostluq, qardaşlıq və strateji müttəfiqlikdən söbət açılır. Təbii ki, belə bir amil ABŞ-ı qıcılandırmaya bilməz. Ona görə də erməni lobbisinin Konqres üzərində müəyyən təsirinə baxmayaraq hazırda ABŞ tərəfindən Ermənistana münasibətdə ciddi soyuqluq hiss edilir. Halbuki Paşinyan hakimiyyətə gəldiyi ilk aylarda ABŞ başda olmaqla Qərbdəki müttəfiqləri onun Rusiyadan və İrandan üz döndərərək Avropaya qucaq açacağını gözləyirdilər. Lakin Paşinyan Rusiya əleyhinə sərt açıqlamalar versə də Moskvaya qarşı gedə bilmədi və bununla da Qərbin ümidlərini boşa çıxarmış oldu. Bu baxımdan Paşinyanın da Rusiya və Qərbə münasibətdə “Bir əldə iki qarpız tutmaq”kimi özündən əvvəlki Ermənistan rəhbərlərinin siyasətini davam etdirmək cəhdləri uğur qazanmadı. Eyni zamanda Paşinyanın Əsəd rejiminə kömək məqsədi ilə erməni hərbçiləri Suriyaya göndərməsi də Vaşinqtonda birmənalı qarşılanmadı. Necə deyərlər faktiki olaraq Qərblə Rusiya arasında seçim edə bilməyərək pis vəziyyətdə qalan Paşinyanın üzləşdiyi probltmdən çıxış yolu tapmaqda çətinlik çəkdiyi heç kimə sirr deyil. ABŞ tərəfindən İrana və onunla sıx iqtisadi, siyasi və hərbi münasibətdə olanlara qarşı daha sərt sanksiyalar həyata keçiriləcəyi halda Ermənistanın daha çətin vəziyyətdə qalacağı da heç kimə sirr deyil. Paşinyan rejiminin Qərb tərəfindən artıq xoşagəlməz qarşılandığını ATƏT-in son sessiyasında Ermənistanı qane etməyən qərarın qəbul edilməsi da bir daha təsdiq etmiş olub.

Xatırladaq ki, ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci sessiyasında qəbul edilən Yekun Bəyannamədə Azərbaycanın maraqları təmin olunub. Sessiyada iştirak edən Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova parlamentdəki çıxışında deyib ki, qəbul edilən yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü tam şəkildə dəstəklənib. B.Muradova bəyannamənin 22-ci maddəsindəki müddəanın müzakirələrə səbəb olduğunu bildirib:

“Həmin maddədə ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisindəki münaqişələrə vahid prizmadan yanaşılmasının zəruriliyi vurğulanıb. Bu, Ermənistanda çox ciddi narahatlığa, müzakirələrə səbəb olub”.

Vitse-spiker vurğulayıb ki, bundan əvvəl başqa bir maddədə Azərbaycandakı mövcud problemə yalnız Dağlıq Qarabağ münaqişəsi adı ilə münasibət bildirilirdi. Bu məsələlərin bir maddədə cəmlənməsi, vahid prizmadan dəyərləndirilməsi vacib addım idi:

“ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin tozunulmazlığı prinsiplərinə əsaslanaraq, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrin sülh yolu ilə həlli üzrə danışıqları aktivləşdirməyi tövsiyə edir”.

Ermənistandakı Paşinyan rejimi bununla da Qərb tərəfindən cəzalandırılıb. Çünki əvvəllər ATƏT-də Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlara əl atılır və pərdə arxasından müxtəlif yollarla Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti dəstəklənirdi. ATƏT PA-nın son sessiyasında qəbul edilən bəyannamədə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində tanınan sərhədlərinin dəstəklənməsi Ermənistana Qərb tərəfindən vurulan tərs şillə hesab edilə bilər. Amma bu da son olmayıb. Paşinyan rejiminin İran və Rusiya ilə sıx münasibətlərini davam etdirməsinə daha bir cavab ABŞ-dan gəlib. Bir müddət öncə ABŞ 2018-2019 maliyyə illərində Azərbaycanın Müdafiə Nazirliyinə və hökumət idarələrinə, beynəlxalq hərbi və hüquq-mühafizə orqanlarına 102.5 milyon dollar maliyyə yardımı ayırıb. Bu da 2016-2017-ci illərdəkindən demək olar99,5 milyon dollar çoxdur. Müqayisə üçün deyək ki, 2016-2017 maliyyə ili üçün Ermənistana ayrılmış pulun məbləği cəmi 3 milyon dollar olub.

Halbuki bundan əvvəl ABŞ Konqresi Azərbaycana silah, özəlliklə hava hücumlarına qarşı silahların satışını qadağan edən qanun layihəsini qəbul edib. Layihəyə səs verənlərin əksəriyyəti demokratlar, sponsoru isə erməni lobbisinə yaxın Konqres üzvü olub. Layihənin qanuni qüvvəyə minməsi üçün onun Senatda təsdiqlənməsi və prezident tərəfindən imzalanması lazımdır.

Bunun müqabilində ABŞ Prezidenti Tramp tərəfindən 2018-2019 maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayrılması həqiqətən də gözlənilməz olub və Ağ Ev rəhbərliyi tərəfindən atılan belə bir addım Ermənistanı şoka salıb.

Belə ki, ölkəmizə ayrılmış 100 milyon dolların bir hissəsi Azərbaycanın cənub sərhədinin gücləndirilməsinə, oraya tikinti qurğuları, elektronik cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyalarının alınmasına və quraşdırılmasına sərf ediləcək. Bu məbləğin müəyyən hissəsi isə Xəzərdə Azərbaycanın təhlükəsiziliyinin daha etibarlı şəkildə təmin edilməsinə xərclənəcək. Ermənistana isə cəmisi 2 milyon dollar ayrılıb ki, bu da Yerevanda həyəcanla qarşılanıb. ABŞ tərəfindən ölkəmizə 100 milyon dollar ayrılması ilə bağlı məsələyə münasibət bildirən ekspert Ehtiram Aşırlının fikrincə, ermənilər Suriyaya əsgər göndərdiyinə gorə ABŞ Ermənistanı cəzalandırmaq məqsədiylə bu cür addım atıb. Ekspert “Palitranews.az”a açıqlamasında deyib ki, ABŞ-ın Azərbaycanın müdafiə sahəsinə maliyyə ayırmasındakı ən önəmli məqam ölkəmizin Avropa enerji təhlükəsizliyi sahəsində oynadığı rol və Cənubi Qafqazda təhlükəsizliyin başlıca təminatçısı olmasıdır:

“Tramp Ermənistana təhlükəsizlik xərcləri üçün cəmi 2 milyon dollar ayırıb. Ermənilər də buna görə çox narahat olublar. Araşdırma nəticəsində aydın olur ki, Tramp bunu Ermənistanı cəzalandırmaq üçün edib. Ermənilərin Suriyada ruslara yardım üçün əsgər göndərdiyinə gorə ABŞ Ermənistanı cəzalandırmaq məqsədiylə bu cür addım atdığını qeyd edə bilərik. Son olaraq Ermənistan parlament sədri Ararat Mirzoyanın başçılığı ilə Vaşinqtona reallaşdırılmış səfəri də bu çərçivədə dəyərləndirmək lazımdır”.

Donald Tramp tərəfindən Azərbaycana 100 milyon dollar ayrılması rusiyalı politoloqların da diqqət mərkəzindədir. Məsələyə münasibət bildirən rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib ki, ABŞ-İran münasibətləri kifayət qədər gərgindir, buna görə Azərbaycan Vaşinqton üçün əhəmiyyətli faktora çevrilib. Lakin Ermənistanla bağlı vəziyyət eyni deyil. İrəvana Tehranın müttəfiqi kimi baxırlar:.

“Əsas məsələ Azərbaycanın ABŞ üçün daha əhəmiyyətli tərəfdaşa çevrilməsidir. Amerikalılar birbaşa hərbi kömək göstərmirlər. Amma hərbi kəşfiyyat texnikasının təkmilləşdirilməsi Azərbaycandan İranın şimalını müşahidə etmək imkanı verə bilər. Prinsip etibarilə, amerikalılar Bakıya ikiqat dəstək verə bilərlər, lakin ayrılan maliyyə vəsaiti daha çox hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün nəzərdə tutulur”.

Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin isə hesab edir ki, Azərbaycana maliyyə yardımının artırılması Ermənistanın baş naziri Nikol Paşinyanın reputasiyası üçün sensasiyalı zərbədir:

“Çünki onun rəqibləri ABŞ-da erməni lobbisinin zəifləməsinin günahkarı kimi Paşinyanı göstərirlər, bu da onun real təsdiqidir. Lakin burada əsas məsələ Azərbaycanın əhəmiyyətidir. Ermənistan artıq ABŞ-ın nəzarəti altındadır və onları istədikləri kimi istismar edə bilərlər. Digər tərəfdən, ABŞ üçün regionda məhz Azərbaycan önəmli faktordur”.

Beləliklə Paşinyan rejiminin Qərbə münasibətdə özünü daha çox İranın və Rusiyanın vassalı kimi aparması Ermənistanı siyasi və iqtisadi baxımdan təcrid olunması təhlükəsi ilə üzləşdirib. Üstəlik Rusiyanın da Paşinyana etimad göstərməməsi və imkan düşən kimi onu cəzalandırmağa cəhd etməsi Ermənistana yaxşı heç nə vəd etmir.

Səda