Qaranlıq tarixin silinməyən səhifələri

Qaranlıq tarixin silinməyən səhifələri

2 Avqust 2019 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

XX əsrin 30-cu illərindən başlanan dözülməz Stalin rejiminin repressiyaları Azərbaycan xalqından da yan keçməyib. Məhz çoxlu sayda Azərbaycan ziyalıları, Azərbaycan övladları günahsız yerə bu repressiyanın qurbanı olub. Həmin dövrdə aşkarcasına nəsə yazmaq, əlavə bir söz demək həyatınla vidalaşmaq demək idi. Belə bir çətin zamanda öz qətiyyətiylə seçilən Mir Cəfər Bağırov Azərbaycana rəhbərlik etmişdir. Azərbaycan tarixinin ən ziddiyyətli şəxslərindən biri də Mir Cəfər Bağırovdur. Onun ünvanına “yaxşı, ləyaqətli insan” sözləri də səsləndirilib, əksi də deyilib. Hətta məhkəməsində özü “məni güllələmək azdır, məni dörd hissəyə bölmək lazımdır, deyən Bağırovun bir neçə cəhəti isə müzakirə oluna bilməzdi. Onlardan biri qətiyyətlilik, o biri isə çox ciddi şəkildə namus təəssübkeşliyi idi.
Təqdim olunan bu xatirələrdə folklorşünas Sədnik Paşa Pirsultanlının “Mir Cəfər Bağırov yaddaşlarda” kitabından istifadə edilib:

Yol əhvalatı

Mir Cəfər Bağırov Gəncədəki Elmi-Tədqiqat Pambıqçılıq İnstitutuna gedirmiş. Dəmir yolunun altında Bağırovun maşınının arxa təkəri çalaya düşür. Bir həmlədə şəhər rəhbərliyini buraya toplayan Bağırov sürücüyə tapşırır ki, maşını söndürsün: “Maşını söndür, qoy bu cənablar zəhmət çəkib maşını əllə o çaladan çıxarsınlar”.
Şəhər rəhbərliyi min bir çətinlik hesabına zəncirlə maşını dartıb çaladan çıxarırlar. Maşın çaladan çıxarılandan sonra Bağırov Gəncənin katibinə deyir:
- Yoldaş katib, səncə bu çala yarım saata düzələ bilər, ya yox?
Çaşmış katib - “bəli, əlbəttə düzələr” cavabını verir.
Cəmi yarım saatdan sonra Bağırov həmin yerdən keçəndə çalanın düzəldiyini görür.

Bakı bazarı

Mir Cəfər Bağırov müharibə vaxtı bir gün Bakı bazarında gəzirmiş. Bu zaman gədəbəyli kişinin kartofu baha qiymətə satdığını görür, yaxınlaşaraq deyir:

- Qardaş, müharibədir, şəhər adamlarının da çətinliyi çoxdur. Kartofu bir az ucuz satsan nə olar ki?!

Kişi cavabında:

- Bu mənim birillik zəhmətimin məhsuludur. Allah Mir Cəfər Bağırova insaf versin, yollara o qədər post qoydurub ki, Bakıya çatana qədər kartofun yarı pulunu müfəttişlər əlimizdən alır.

Bağırov kişidən uzaqlaşır. Səhəri gün Bakı-Gəncə yolunda yalnız bir post qalır.

M. C. Bağırov Stalinin yanında erməniləri susdurur

Bir gün Stalin Mir Cəfər Bağırovu Kremlə çağırır və deyir:

- Ermənistan Ali Soveti sessiya çağırıb. Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasını SSRİ Ali Sovetindən xahiş edir. Sizin fikriniz nədir?

M.C. Bağırov:

- Yoldaş Stalin, mən öz sözümü kürsüdə deyəcəyəm.

Kremlin iclas zalında sessiya başlanır. Ermənistan tərəfi məkrli çıxışlar edir. Söz Bağırova verilir:

- Mən Ermənistan tərəfinin çıxışını bəyənirəm. Qarabağın ermənilərə verilməsinin tərəfdarıyam. Lakin Azərbaycanın qədim torpaqları olan Göyçə, Zəngəzur, Dərələyəz, Borçalı mahalları və Dərbənd Azərbaycan ərazisinə qatılmalıdır.

Bağırovun son sözündən sonra Stalin qırmızı karandaşla ermənilərin qərarının üstündən “Nelzya” sözünü yazır.

Kişi gülləsi ilə

Əmrah adlı şəxs 1943-cü ildə cəbhədən yaralı qayıtdığı üçün onu Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinə sovet sədri seçirlər. Əmrahın bir xasiyyəti varmış. Hər gün günorta fasiləsində bir evdə xoruz qızartdırıb yeyərmiş. Qəsəbə camaatı Mir Cəfər Bağırova məktub yazırlar ki, Əmrah əsgər evlərində toyuq-cücə qoymadı, hamısını basıb yedi. Bağırov öz maşını ilə (rayon işçilərindən də bir neçəsi yanında) Gorana tərəf gəlirmiş. Qəflətən Əmrah böyürdən çıxır. M. C. Bağırov maşını saxlatdırır. Əmrahdan soruşur:
Deyirlər, qızıl əsgərlərin toyuq-cücəsini yeyirsən. Bu doğrudurmu?
Hər şeyə zarafat kimi yanaşan Əmrah deyir:
- Əlbəttə yeyirəm, ölməyəcəyəm ki.
Mir Cəfər Bağırov təhlükəsizlik idarəsinin nümayəndəsinə və milis rəisinə işarə edir ki, özünüz bununla məşğul olarsınız.
Əmrah başa düşür ki, bu, Mir Cəfər Bağırovdur. Maşının qabağına uzanır və qışqıra-qışqıra deyir:
- Yoldaş Bağırov, məni onlara tapşırma, çək-çevirə salacaqlar. Tapançanı çıxart məni vur, qoy desinlər Əmrah kişi gülləsi ilə öldü.
- Bu söz Bağırovun xoşuna gəlir və deyir:
- Daha onunla işiniz olmasın, qoy gedib toyuq-cücəsini yesin.

Sənə də ibrət olsun

- Müharibənin qızğın vaxtında Mir Cəfər Bağırov 416-cı Taqanroq diviziyası ilə görüşə gedibmiş. O, əsgərlərə müraciət edir:
- Kimin nə sözü var?
Gənc bir əsgər əlindəki məktubu ona uzadır. Mir Cəfər deyir:
- Məktubda nə yazılıb?
- Sizdən utanıram, yoldaş Bağırov.
- Yenə soruşuram, orada nə yazılıb?
Oğlan utana-utana Mir Cəfər Bağırova deyir:
- Yevlaxın kəndindənəm. Üzr istəyirəm, mən cəbhəyə gəlməmişdən altı ay qabaq toyumuz olmuşdu. Mən əsgər gələndən sonra kəndimizə gələn milis rəisi nişanlımı görüb, ona gözü düşüb. Həmin gündən kolxoz sədrini və kənd sovetinin sədrini gözümçıxdıya salıb ki, o gəlini yola gətirib mənə düzəltməsəniz, ikinizi də ya müharibəyə, ya da həbsxanaya göndərəcəyəm. Onlar da gecə-gündüz mənim nişanlıma yalvarırlar ki, bizi qana-qadaya salma, onsuz da ərin müharibədən qayıdası deyil, bu milis rəisi gözəl-göyçək oğlandır, gəl, səni ona ərə verək. Nişanlım da göz yaşı ilə yazıb bildirir ki, özümü öldürməkdən başqa çarəm qalmayıb.
Mir Cəfər Bağırov oğlanı təyyarə ilə vətənə gətirir, milis rəisini, sədrləri və gəlini çağırır, hər şeyi dəqiqləşdirdikdən sonra milis rəisini kəndin ortasında camaatın gözü qarşısında güllələyir, kolxoz sədrini və kənd sovetini döyüşün ön xəttinə göndərir. Gənc əsgərə deyir:
- Bu qeyrətli gəlinin məktubuna görə səni gətirdim. Səni öz kəndinə kolxoz sədri qoyuram. Bayaq gördüyün hadisə sənə ibrət olsun. Hər bir ailəyə namusla, qeyrətlə
yanaş, hamıya bax, o qeyrətli qadının kimi münasibət göstər.

Üç uşaq və ana

Mir Cəfər Bağırov xidməti maşını ilə Ucara tərəf gedirmiş. Görür ki, yolun qırağında bir qadının qucağında körpə bir uşaq əmir, ikisi isə yanında torpaq yeyir. Qadın gəlib keçənlərdən sədəqə, pay istəyir. M. C. Bağırov maşını saxlayır, bu acınacaqlı mənzərəni seyr edir və qadından soruşur:
- Nə üçün dilənirsən?
Qadın deyir:
- Qardaş, sən mənim dərdimə əlac edə bilməzsən. Bağırov nahaqdan ərimi ilim-ilim itirib. Dilənib pul yığacam. Onun görüşünə gedəcəm. Allahı bilsin, özü bilsin.
Bağırov deyir:
- Bacı, dediklərin düzdürsə, ərinin günahı yoxdursa, sabah evində olacaq.
Qadın cavab verir:
- Qardaş, bu sizin işiniz deyil. Bağırovsuz bu iş düzəlməz.
- Maşın yola düşür. Bir gündən sonra qadının əri azadlığa buraxılır, evinə qayıdır. Ərini görən qadın sevincindən dili tutar-tutmaz deyir:
- Dilənib xeyli pul yığmışdım. Bağırovun əl-ayağına düşməyə gedəcəkdim.
Kişi cavab verir:
- Arvad, məni elə sən azad etdirmisən. Sənin dünən söhbət etdiyin kişi Bağırovun özü imiş. O, mənim işimi yoxlatdırıb. Nahaqdan həbs olunduğumu bilib, bu səbəbdən də məni azad edib. Məni nahaqdan tutduranı isə həbsxanaya saldırıb.

Haqlı şikayət və yanıqlı səs

Bir qoca danışdı ki, mən Mir Cəfər Bağırovun yanında adyutant işləyirdim. Bir gün işə gedərkən küçədə mənə bir gəlin yaxınlaşdı və dedi ki, imkanın olsa, bu
məktubu yoldaş Bağırova çatdır. Mənim qardaşım günahsız sürgünə göndərilir, bəlkə heç bundan Bağırovun xəbəri yoxdur. Xahiş edirəm, məktubu çatdırın, mümkünsə, araşdırıb işə yenidən baxsınlar, vallah, günahsız tutulub.
Mən zərfi alıb işə yollandım. Yoldaş Bağırov işə gəldi, mən içəri daxil olub gəlinin söylədiklərini danışdım və zərfi yoldaş Bağırova verdim. Bir qədərdən sonra Bağırov göstəriş verdi ki, təcili olaraq biz “Yalama” dəmir yolu stansiyasına gedirik. Gəlinin verdiyi zərfi oxudum, həqiqətən də, o adam günahsız tutulub. Biz “Yalama” dəmir yolu stansiyasına çatanda qatar dayanmışdı. Qatar yük qatarı idi, hər iki tərəfindən qapıları açılmışdı. Qatarın hər tərəfində hərbçilər və itlər dayanmışdı. İnsanlar son dəfə vida edirdilər. Biz maşından düşdük, yoldaş Bağırov milis rəisini çağırıb göstəriş verdi ki, həmin adamın işini tapsın. Sonra özü qabaqda, biz də arxasınca vaqonların yanından o başa gedib qayıtdıq. Bu zaman vaqonun birində kimsə görüşə çıxmadan vaqonun bir küncündə oturub çox yanıqlı
səslə oxuyurdu. Bu adamın səsi bizi ağlatdı. Hətta Bağırovun da gözləri doldu, geri qayıdıb milis rəisindən bütün işləri istədi və bir neçə işi vərəqlədi. Həmin zərfi verən gəlinin qardaşının günahı yox idi. Mir Cəfər Bağırov həmin oğlanın, eləcə də, başqa bir neçə nəfərin günahsız olduğunu görüb əlini piston cibinə atdı. Biz bilirdik ki, Bağırovun piston cibində tapançası var. Milis rəisi, milis mayoru
erməni idi. O, tapançanı çıxarıb milisi güllə ilə vurdu və qatarın geriyə, Bakıya qaytarılmasına göstəriş verdi.
Həqiqətən də, işə tam baxılandan sonra 8 vaqon adamın əksəriyyəti azad olundu və müəyyən bir hissəsi yerli həbsxanalara göndərildi. Az bir miqdarda adam müəyyən
nöqsanlarına görə sürgünə göndərildi. 8 vaqondan ikisi Sibirə gedəsi oldu.

Əhsən, Bəsti

Mir Cəfər Bağırov Goranboy rayonuna gəlir. Pambıq yığımı vaxtı imiş. Birinci Baxçakürdə, Bəsti Bağırovanın tarlasına dönür. Bəsti Bağırova Mir Cəfər Bağırovu çaya dəvət edir. Çay süfrəsi arxasında Bağırovla bərabər bir neçə kişi, o cümlədən Bəstinin həyat yoldaşı Qasım kişi də əyləşmişdi. Süfrəyə çayı Bəsti gətirdi. Mir Cəfər Bağırov diqqət etdi ki, görsün Bəsti çayı birinci kimin qabağına qoyacaqdır? Bəsti Bağırova çayı birinci əri Qasım kişinin, ikincini isə Mir Cəfər Bağırovun qabağına qoyur. Bağırov deyir:
- Əhsən, Bəsti!

Bağırov xeyirxah insana kömək edir

Mir Cəfər Bağırov inqilab ərəfəsində düşmənlər tərəfindən möhkəm izlənir. Şəmkirin Dəllər bölgəsində təhlükə daha da yaxınlaşır. Bir kişi onu quyuda gizlədir. Bağırov ondan bir mis qazan və bir məcməyi istəyir. Qazana su tökür. Ayın işığı qazana düşür. İşıq bərq vurduqja əksi mis məcməyiyə düşür. Mir Cəfər Bağırov bu işıqdan istifadə edib bir məktub yazır. Təhlükə sovuşduqdan sonra Mir Cəfər Bağırov getməli olur. Mir Cəfər Bağırov bir kağıza qol çəkib həmin kişiyə
verir və deyir:
- Al saxla, bir gün gərəyin olar.
Zaman dolanır, həmin kişini 7-8 inəyinə, bir neçə qoyununa görə xalq düşməni çıxarırlar. O, məktubu sürgün komissiyasının sədrinə göstərir, M. C. Bağırovun imzasını tanıyırlar və kişini dərhal azad edirlər.


Mayıl körpüsü

Mir Cəfər Bağırov hansı rayona getsə, xəbərsiz gedərdi. Bir gün o, Tovuza gəlir. Qərara alır ki, dağ kəndlərinə çıxsın. Qəflətən göyün üzünü bulud alır, şimşək çaxır qaynayır, gur yağış yağır, Yanıqlı kəndinin çayı elə daşır ki, körpünü də özü ilə aparır. Bu mənzərəni görən Yanıqlı kənd sovetinin sədri Mayıl atı qamçılayıb çaya salır. At üzə-üzə zorla Mayılı selin ağzından alır. M. C. Bağırov qışqırır:
- Kişi, sən nə edirsən?
Mayıl Bağırovun əlindən tutub deyir:
- Qurban olum, sizə bir şey olmayıb ki? Bizi kimisinin yüzü sizə qurban olsun.
- Bağırov soruşur:
- Kişi, adın nədir? Nə işə baxırsan?
- Yoldaş Bağırov, adım Mayıldır. Yanıqlı kənd Sovetinin sədriyəm.
Bağırov bütün rayonu Yanıqlı dərəsinə toplayır. Körpünü bərpa etdirir və deyir:
- Bu körpü Mayıl körpüsüdür, bu adla da yaşayacaqdır.
Bağırov da, Mayıl da dünyalarını dəyişiblər. Lakin Yanıqlı körpüsü bu gün də Mayıl körpüsü adlanır.

Ardı var

Hazırladı: İsa Rəvan