Qaranlıq tarixin silinməyən səhifələri

Qaranlıq tarixin silinməyən səhifələri

9 Avqust 2019 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

II hissə

Stalinlə Mir Cəfər Bağırovun əlaqəsi neçə yaranır

Mir Cəfər Bağırov ÇK-nin sədri işləyirdi. İranın sərhədə yaxın olan bir kəndinin adamları Qarabağın kəndlərinə gecələr hücum edib mal, qoyun, at, bir sözlə,
əllərinə nə keçsə, aparırdılar. Bundan xəbər tutan Mir Cəfər Bağırov kiçik bir dəstə ilə İrana keçdi. Həmin kəndin qaçaq-quldurunu məhv elədi, kəndi yandırdı. Malını, qoyununu Qarabağa keçirtdi. Təxminən 1929-30-cu illər olardı. İran dövləti nota
verdi. Sərhədlərinin pozulduğunu bildirdi. Bundan xəbər tutan Stalin Mir Cəfər Bağırovu yanına çağırtdırdı. Xeyli söhbət etdikdən sonra Azərbaycana qayıtmağa qoymadı, onu Moskvada Qırmızı Professorlar məktəbinə göndərdi. Aradan iki il keçəndən sonra Stalinə xəbər verdilər ki, basmaçılar Orta Asiyanı dağıdırlar. Stalin Mir Cəfər Bağırovu yanına çağırtdırdı və dedi:
- Orta Asiyada basmaçılar baş qaldırıb, talançılıqla məşğuldurlar. Sən onların öhdəsindən gələ bilərsənmi?
- Yoldaş Stalin, icazə verin, Azərbaycanda mənim köməkçilərim var, onları da çağırıb işə qoşum.
Stalin razılaşdı.
Qısa bir müddətdə Orta Asiyada Bağırov işi elə qurdu ki, gecələr basmaçıların başçılarını ikibir, üçbir, gizli şəkildə həbs etdirdi. Amansızlıq göstərənləri öldürtdü. Basmaçılar ölkədə vəziyyətin çətinləşdiyini görüb Əfqanıstana və başqa
ölkələrə qaçdılar. Mir Cəfər Bağırovu Stalin geri çağırtdırdı. Silahdaşlarının yanında onun əlini sıxdı, təbrik elədi və dedi:
- Nəhayət, Azərbaycana rəhbər tapıldı.

Qartopu və rektorun taleyi

Bağırov Gəncəyə - Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu mükafatlandırmağa gedir. İnstitutun Kimya korpusunun qabağına çatanda görür ki, tələbələr yol ilə
gəlib keçən qızları qartopuna tuturlar. O, maşını geri döndərtdirib Bakıya qayıdır. Ağayevi institutun rektoru vəzifəsindən azad edir və ona bir teleqram göndərir.
Teleqramda deyilir: “Ağayev, institutun çölündə tərbiyə olmasa, içərisində heç olmaz”.

Yolda şikayət

Samux rayonunda bir qadın belində uşaq, əlində ağır zənbil qızmar yay günündə qan-tər içində Gəncəyə tərəf gəlir. Bağırov da Bakıdan Gəncəyə gəlirmiş. Həmin qadınla rastlaşır. Soruşur:

- Bacı, yayın istisində belə ağır vəziyyətdə hara gedirsən?

- Mənim dərdimə ki, əlac edən deyilsən, yolunla get.

Bağırov təkid edir:

- Sən dərdini söylə, bəlkə əlacı tapıla.

Qadın bildirir ki, dəfələrlə Mir Cəfər Bağırova ərizə yazmışam. Məktubu rayonda götürürlər. Mir Cəfər Bağırova çatmağa qoymurlar. Ərimi həbs ediblər. Gəncə qalasında yatır. Ona çörək aparıram. Özüm Samuxdanam.

Bağırov deyir:

- Geri qayıt, evinə get. Ərini evində gözlə, gələr.

Qadın nə isə duyur. Kişinin dedikləri ilə razılaşıb evinə dönür:

Qadının əri axşam həbsxanadan azad olunub evinə gəlir.

Dövran bizimkidir

Mir Cəfər Bağırov kiçik oğlu ilə Göygöldəki evində dincəlirmiş. Pəncərəni açıb Göy gölü seyr edən oğlu atasından soruşur:
- Ata, Bakıdakı gözəl binalar, bağlar, Göy göldəki bu ev - nə varsa, hamısı bizimkidir?
- Yox oğlum, yox. Yalnız dövran bizimkidir.

Hünərinə görə Məliyi bağışlayır

Mormorda - Hacılar kəndində yurd-yuva salan qaçaq Cəfərqulunu 30-cu illərdə sovet qaçağı kimi öldürürlər. Onun qardaşı Məlik qorxusundan Tiflis şəhərinə qaçır, orada topçuluq məktəbini bitirir, oradan da Rusiyaya gedir. Müharibə başlanır, Məlik ordu sıralarında qəhrəmancasına döyüşür və müharibədən sonra mayor rütbəsi ilə Bakıya dönür. Bakıda Cıdır meydanında at üstündə hədəfə güllə
atmaq yarışı keçirilirmiş. Məlik atı çapa-çapa onaçılanla hədəfə güllə atır, on gülləsinin onu da onluğa dəyir. O, yarışın qalibi olur. Məlik M. C. Bağırovun bundan xəbər tutacağından qorxaraq adamların arasında gizlənir. Bu mənzərəni seyr edən Bağırov çekistlərə deyir:
- Bu cür nişançı yalnız Qaçaq Cəfərqulunun qardaşı Məlik ola bilər, onu bu saat tapıb mənim yanıma gətirin.
Bir andaca Məliyi tutub Mir Cəfər Bağırovun yanına gətirirlər. M. C. Bağırov ona səmimi əl verir və deyir:
- Afərin, bu hünərinə görə səni bağışlayıram. Özün də bu gündən Azərbaycan Dövlət Universiteti hərbi kafedrasının rəisisən.
Məlik o gündən pillə-pillə yüksəlir, elmlər namizədi, elmlər doktoru olur, ömrünün sonuna qədər ADU-da vəzifə daşıyır. Məliyin tayfası Mormora Qaraxanlıdan
getmişdi.

Mir Bəşir Qasımovun bəxti gətirir

Mir Bəşir Qasımov inqilab illərində Bakıda kömür dükanında işləyirmiş. Bir gün çar xəfiyyələri Stalini təqib edirlər. O, birtəhər aradan çıxıb Mir Bəşirə pənah gətirir. Mir Bəşir onu kömür dükanında gizlədir və ələ vermir. Aradan illər keçir. Bir gün Stalinin gözü cib dəftərində Mir Bəşirin adına sataşır və dərhal Bağırova zəng edib soruşur:
- Mənim dostum Mir Bəşir hansı vəzifədə çalışır?
Bağırov cavab verir ki, Mir Bəşir Bakıda neft rayonlarının birində Partiya Komitəsinin birinci katibidir.
Stalin amiranə tərzdə sözünə davam edir:
- Təcili, onu mənim yanıma göndər!
Mir Cəfər təcili Mir Bəşiri tapdırır və ona deyir:
- Sən bilirsənmi neçə aydır ki, Bakının neft rayonlarından birində raykom katibisən?!
Bağırov onu rayonun ərazisi ilə, istehsalat sahələri və bu rayonun göstəriciləri ilə yaxşı-yaxşı tanış edir, üst-başını səliqə-sahmana salıb Stalinin qəbuluna göndərir.
Az bir müddət raykom katibi işləyən Mir Bəşir Qasımov sonradan Azərbaycan Ali Sovetinin sədri olur.

Mir Cəfər Bağırovun göz yaşları

Mir Cəfər Bağırovun oğlu Cahangir təyyarəçi idi. O, Böyük Vətən müharibəsi illərində üç alman təyyarəçisi ilə havada tək döyüşməli olur. İki düşmən təyyarəsini vurub sıradan çıxarır. Lakin üçüncü alman təyyarəsi tarana keçərək onun təyyarəsini zədələyir. Özü də ağır yaralanır. O, son gücünü toplayaraq təyyarəsi ilə Sovet torpağına enir. Deyilənə görə, Cahangir Saratov torpağında can verir, cənazəsini təyyarə ilə Azərbaycana gətirirlər. Mir Cəfər Bağırov yanındakılara deyir:
- Azərbaycan oğulları harada vurulursa, o torpaqda da dəfn olunur. Bəs nə üçün mənim oğlumu seçib gətirmisiniz? Bu saat onu vurulduğu torpağa qaytarın!
Teymur Quliyev Mir Cəfər Bağırova müraciətlə deyir:
- Təyyarə Saratovdan belə dolanaraq nə qədər benzin işlətmişdir. Geri qayıtdıqda da bir o qədər benzin işlədəcəkdir. Bununla döyüşən tanklardan birini benzinlə
təmin etmək olar.
Bağırovun oğlu Cahangiri bir neçə adamla aparıb Yasamal qəbiristanlığında dəfn edirlər.

Yenə içəcəyəm

Mir Cəfər Bağırova çatdırırlar ki, Əliağa Vahid bir şair kimi öz hərəkətlərinə nəzarət etmir. Hər gün içir, münasib olmayan yerdə qəzəl oxuyur, meyxana deyir. Bu isə Azərbaycan ədəbiyyatının adına, şərəfinə ləkə gətirir. Mir Cəfər Bağırov Ə.Vahidi yanına çağırtdırır, xeyli söhbətdən sonra deyir:
- Bax, aramızda yaxşı dostluq münasibəti yarandı. Mənə söz ver, mənim canıma and iç ki, bir də içməyəcəksən.
Əlağa Vahid qətiyyətlə deyir:
- Yoldaş Bağırov, canınıza and olsun ki, yenə içəcəyəm.
Söz M. C. Bağırovun xoşuna gəlir və mülayim səslə deyir:
- Xətrinə dəymirəm, get iç. Amma, çalış, ölçünü itirmə.

Ağa dayının aqibəti

1960-cı illərdə Heydər Mirbabayev mətbəə işçisi kimi yanımda işləyirdi. H. Mirbabayev bir gün ona nə üçün Ağa dayı deyildiyinin səbəbini açdı. Bu maraqlı insanın əlləri qızıl idi. Lakin gündə bir dəfə içməsə, durmazdı. Mən “Yeni
Daşkəsən” qəzetinin redaktoru işləyən zaman o, qəribə bir əhvalat danışdı:
- Mən vaxtilə Əliheydər Qarayevlə işləmişəm Bir gün hardasa Ə. Qarayevi təriflədim. Mənə dedilər ki, Bağırov səni axtarır, deyəsən, o dünyalıq olacaqsan. Mən evə gəldim. Arvad-uşağımla vidalaşıb, dedim:
- Xalq düşməninin övladı olmaqdansa, yetim qalmaq yaxşıdır. Siz sağ, mən salamat.
Başımı götürüb Qubaya getdim. Öyrəndim ki, Bağırov saatsaz Şəmistanla dostdur. Onunla dostluq əlaqəsi yaratdım. Sonra bacısı Püstə ilə evləndim. Bir gün Bağırov Qubaya gəlir, öyrənir ki, mən Qubadayam. Bundan xəbər tutan kimi içib işıq dirəyinə çıxdım. Gəlib bu mənzərəni seyr edən Bağırov dedi:
- Mirbabayev, aşağı düş!
Yazıq-yazıq dilləndim:
- Yoldaş Bağırov, mən yaşamaq istəyirəm. Ona görə də Sizin doğulduğunuz torpağa pənah gətirmişəm.
Bağırova bildirirlər ki, o, gəlib burada saatsaz Şəmistanın bacısı ilə evlənib.
Bağırov rayon rəhbərliyinə dedi:
- Bir mətbəə işçisi kimi bunun əlləri qızıldır. Lakin ağzının senzurası yoxdur. Qoyun, gedib mətbəədə işləyib ailəsini dolandırsın. Lakin onu nəzarətdən çıxmağa
qoymayın. Həmin gündən Ağa Mirbabayevin Bakı həyatı sona çatır. Qalan ömrünü Qubada və başqa rayonlarda keçirir.

Ardı var

Hazırladı: İsa Rəvan