ABŞ və Rusiya Qarabağ kartından Ermənistanı öz tərəflərinə çəkmək üçün istifadə etmək istəyirlər ...

ABŞ və Rusiya Qarabağ kartından Ermənistanı öz tərəflərinə çəkmək üçün istifadə etmək istəyirlər ...

15 Noyabr 2019 13:11
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ciddi nəticə verməməsinə baxmayaraq tərəflər arasında formal şəkildə də olsa təmaslar davam etməkdədir. Bu baxımdan gələn ay Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Emənistan xarici siyasət idarələri başçılarının növbəti dəfə bir araya gəlməsi nəzərdə tutulub. Məsələ ilə bağlı “Report”a açıqlama verən Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşü barədə razılıq əldə edilib. Bununla belə nazir görüşün baş tuta bilib-bilməyəcəyi barədə qəti fikir bildirməyin tez olduğunu deyib: “Lakin bununla bağlı danışmaq bir qədər tezdir. Görüşün yeri və tarixi dəqiqləşəndən sonra bununla bağlı ictimaiyyətə məlumat verəcəyik”.

Elmar Məmmədyarov qeyd edib ki, başçılıq etdiyi qurum Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün iddialarına və açıqlamalarına dərhal reaksiya verir: “Ermənistanın Xarici İşlər Nazirliyi səviyyəsində olan bütün məsələlərə anında reaksiya veririk”.

Bununla belə təcrübəli siyasətçilərdən biri hesab edilən Elmar Məmmədyarov qəribə bir etiraf da edib. Onun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz siyasətlərini hansı istiqamətdə yürütdüklərini başa düşmək bir qədər çətindir. Halbuki daha əvvəllər Elmar Məmmədyarov mətbuata verdiyi açıqlamalarında Ermənistanın münaqişənin həllində vaxtudma siyasətini həyata keçirdiyini və hər vasitə ilə vaxt qazanmağa cəhd etdiklərini vurğulamışdı. Xarici siyasət idarəmizin başçısının danışıqlarla bağlı dedikləri də kifayət qədər anlaşılmaz hesab edilə bilər. Belə ki, o danışıqlarda irəliləyişin olduğunu vurğulasa da, ardınca bunun yalnız sözdə olduğunu söyləyib:

Ümumiyyətlə, deyə bilərəm ki, danışıqlarda bəzi irəliləyişlər var, ancaq bunlar sözdədir. Biz istəyərdik ki, daha konkret məsələləri müzakirə edək. Əslində, tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var. Bu da mənim sevdiyim tərzdir. Ümidimiz var ki, dekabrın əvvəlində Bratislavada baş tutacaq görüşdə bunu dəqiqləşdirək. Onda məlum olacaq ki, Ermənistan substantiv danışıqlara hazırdır ya, yox? Çünki sənədlər artıq masanın üzərindədir”.

Aydın məsələdir ki, Ermənistan xarici işlər naziri Manatsakanyanla görüşdə hər hansı irəliləyişin olmayacağı Elmar Məmmədyarov üçün sirr deyil. Bütün bunların müqabilində XİN rəhbərimizin məsələyə münasibətdə açıq danışmaqdan çəkinməsi və olduqca ehtiyatlı danışması istənilən halda başa düşülən deyil. Üstəlik iki ölkə xarici işlər nazirləri arasında növbəti görüş Azərbaycan üçün heç də xoş olmayan bir vaxtda baş tutacaq. Belə ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Yerevana son səfəri zamanı açıq şəkildə həmsədrlərin vasitəçilik missiyası ilə bir araya sığmayan açıqlama verərək separatçı və qondarma rejimin təmsilçilərinin danışıqlarda tərəf kimi iştirak etməsinin vacibliyini bildirib. O açıq şəkildə bəyan edib ki, qondarma rejimin nümayəndələrinin iştirakı olmadan münaqişənin həlli ilə bağlı Ermənistan hər hansı bir sənədi imzalamayacaq. Halbuki həmsədrlər tərəfindən sülh danışıqlarının Bakı və Yerevan arasında aparıldığı və separatçı rejimin nümayəndələrinin bu prosesə yalnız tərəflərin razılığı ilə qatıla biləcəyi dəfələrlə vurğulanıb. Lavrovun açıqlaması əslində sülh danışıqlarına vurulan daha bir Qordiyev düyünü hesab edilə bilər. Çünki Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, sülh danışıqları prosesində qondarma rejimin nümayəndələrinin iştirak etməsi yol verilməzdir və Bakı heç vaxt onlarla eyni danışıqlar masası arxasında oturmayacaq. Belə bir vəziyyətdə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçiriləcək danışıqlardan nə isə gözləmək ən yumşaq şəkildə desək yalnız sadəlövhlük ola bilər. Məhz bu baxımdan Elmar Məmmədyarovun Mnatsakanyanla müqayisədə məsələyə münasibətdə ehtiyatlı mövqe nümayiş etdirməsini başa düşmək çətindir. Əlbəttə Elmar Məmmədyarovun məsələ ilə bağlı ehtiyatlı mövqeyini Rusiyanı qıcıqlandırmamaq kimi qəbul etmək mümkündür. Lakin Lavrovun dili ilə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə mövqeyinin açıq şəkildə ortaya qoyulduğu bir vaxtda Elmar Məmmədyarovun ehtiyatlı mövqeyi Azərbaycana yaxşı heç nə vəd etmir və bu amil ölkəmizin geri addım atması kimi də dəyərləndirilə bilər. Ümumiyyətlə etiraf edək ki, Paşinyanın baş nazir seçilməsindən sonra Ermənistanın xarici siyasətində, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə yeritdiyi siyasətdə canlanma hiss edilməkdədir. Paşinyanın Rusiyaya münasibətdə Qərbpərəst münasibət yeritməsinə, eyni zamanda Qərbin özünə olan ümidlərini doğrulda bilməməsinə baxmayaraq, qarşı tərəfdən Yerevanın işğalçılıq siyasətinə qarşı hər hansı ciddi təzyiq vasitələrinə əl atılmadı. Bunun da səbəbləri aydındır: Münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT Minsk Qrupunun üzvü olan 3 supergüc dövlətin, ABŞ-ın, Fransanın və Rusiyanın münaqişənin həllinə münasibətdə mövqeləri üst-üstə düşür. Daha dəqiq ifadə etsək hər üç dövlət pərdə arxasından münaqişənin həllində Ermənistan tərəfindən həyata keçirilən vaxtudma siyasətini birmənalı olaraq dəstəkləyir və dəstəkləməkdə davam edirlər. Belə bir vəziyyətdə isə münaqişənin həlli ilə bağlı Ermənistanın yeritdiyi sərt siyasəti başa düşmək heç də çətin deyil.

Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ermənistanda canlanmanın gözlənilmədən yeni müstəviyə keçirilməsini də təsadüfi hesab etmək olmaz. Belə ki, ötən ayın sonunda, daha dəqiq desək oktyabrın 29-da ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan etdi. Əslində ola bilsin ki, vəziyyətin belə bir istiqamətdə inkişaf edə biləcəyi Ermənistan və qondarma rejim rəhbərlərinə öncədən məlum olub. Çünki məhz ABŞ Nümayəndələr Palatası tərəfindən qondarma soyqırımın tanınması barədə qəbul edilən qərar ərəfəsində separatçı və terrorçu rejimin rəhbəri M.Mailyanın ABŞ-a səfəri başlamışdı. Məhz qondarma erməni soyqırımının qəbul edilməsindən bir gün sonra Mailyan Konqresdə separatçı “DQR”-in “müstəqilliyi”nə həsr olunmuş tədbirdə iştirak etdi.

Separatçı rejimin rəhbərinin məhz həmin tədbirlərdə iştirak etməsi Bakıda xüsusi əsəbiliklə qarşılandı. Azərbaycan dərhal məsələ ilə bağlı ABŞ-a nota verərək qondarma rejimin rəhbərliyinin ABŞ-a səfərinə və Konqresdə keçirilən tədbirdə iştirakına etiraz etdi. Öz növbəsində ABŞ-ın Azərbaycandakı səfiri açıqlama verərək ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyinin dəyişmədiyini və ölkəmizin ərazi bütövlüyünü tanımaqda davam etdiyini bir daha bəyan etdi. Amma fakt faktlığında qalmaqda davam edir və qondarma rejimin rəhbəri Mailyanın sərbəst şəkildə ABŞ-a səfəri göstərir ki, Vaşinqtonun əməli ilə dedikləri arasında kəskin ziddiyyət var. Yəni faktiki olaraq ABŞ separatçı rejimə dəstək verməkdə və buna müxtəlif yollarla haqq qazandırmaq siyasətini həyata keçirməkdədir. Aydın məsələdir ki, Dağlıq Qarabağ separatçılarına münasibətdə atılan son addımların atılmasının, o cümlədən Konqresdə qondarma erməni soyqırımının tanınmasına həsr edilən tədbirlərdə Mailyanın sərbəst şəkildə iştirak etməsinin arxasında Vaşinqton-Ankara münasibətlərinin pisləşməsi də az rol oynamayıb. Vaşinqtondakı erməni lobbisi yaranmış vəziyyətdən separatçı rejimin, o cümlədən Ermənistanın maraqları üçün istifadə etməkdədir. Digər tərəfdən də Vaşinqton da yaranmış vəziyyətdən istifadə edərək Rusiyanın Ermənistana təsirini zəiflətməyə və Yerevan üzərində nəzarəti ələ almağa cəhd edir. Bu müstəvidə də Vaşinqtonda Mailyana münasibətin dəyişməsinin də separatçı rejimin Moskvanın nəzarəti altından çıxarılmasına xidmət etdiyi ehtimal edilir. Vaşinqtonda Mailyanın yüksək səviyyədə qarşılanmasına təbii ki, Rusiya da biganə qala bilməzdi və qalmadı. Mailyanı əldə saxlamaq üçün Rusiya dərhal əks həmləyə keçdi və noyabrın 3-də, Vaşinqton səfərindən 4 gün sonra Mailyanın Moskvaya səfərinə və orada da keçirilən “mədəni tədbirlər”də iştirak etməsinə gen-bol şərait yaratdı.

Azərbaycan bununla da bağlı Rusiyaya nota verdi. Lakin Rusiyanın bu notaya cavabı əvvəlkilərindən heç nə ilə fərqlənmədi və bunun rəsmi səfər olmadığı vurğulandı. Hadisələrin gedişi göstərir ki, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən iki həmsədr dövlət, Rusiya və ABŞ Dağlıq Qarabağ kartından Ermənistanı öz tərəflərinə çəkmək üçün istifadə edirlər və buna paralel olaraq bu torpaqların əsl sahibi olan Azərbaycanın mövqeyi ümumiyyətlə nəzərə alınmır. Necə deyərlər, ölkəmiz üçün arzuedilməz bir insident əmələ gəlməkdədir. Belə ki, əgər bu gün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini Rusiya hərraca çıxararaq bundan Ermənistanda möhkəmlənmək və separatçıları öz tərəflərinə çəkmək üçün istifadə etməyə çalışırlarsa, sabah ABŞ-ın da eyni addım ata biləcəyi istisna edilmir. Bütün bunlar da Azərbaycanın məsələyə münasibətdə daha həssas siyasət yeritməsini qarşısı alınmaz zərurətlərdən biri kimi ortaya çıxarıb. İstənilən halda Azərbaycan torpaqları hesabına erməniləri öz tərəfinə keçmək istəyən Rusiya və ABŞ-a aydın olmalıdır ki, ölkəmiz heç vaxt ərazi itkisi ilə barışmayacaq və prezident İlham Əliyevin də dediyi kimi “Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi”.

Emin Axund