2019-cu ilin əsas hadisələri

2019-cu ilin əsas hadisələri

30 Dekabr 2019 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

2019-cu il ölkəmiz üçün bir çox əlamətdar hadisələrlə yadda qalıb. Oxumeni.az siyasi, sosial-iqtisadi, mədəni, idman və digər sahələrdə ilin əsas hadisələrinin icmalını təqdim edir.

2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olundu

11 yanvar.Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzaladı.

Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar müvafiq tədbirlər planı hazırlandı, il ərzində ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirildi.

Azərbaycanda bir gündə 650 mindən çox ağac əkildi

6 dekabr. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağac əkildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nəsimimi vətəni Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak etdilər.

TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi

30 noyabr. Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsi açıldı.

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

“Enerjinin İpək yolu” adlandırılan TANAP-ın birinci fazası 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz nəqli həmin il iyunun 30-da başlayıb.

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi

25-26 oktyabr. Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi.

Zirvə Görüşündə Qoşulmama Hərəkatına 2019-2022-ci illər üzrə sədrlik Azərbaycana keçdi.

XVIII Zirvə Görüşündə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın rəhbər və nümayəndələri iştirak ediblər.

Sosial sahədə inqilabi addımlar atıldı

Prezident İlham Əliyevin sərəncamları ilə minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata, minimum pensiya 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırıldı. Həmçinin sosial müavinətlər və təqaüdlər orta hesabla 100 faiz artırıldı, I dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara quluq edənlərə, müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təsis edildi, 800 min insanın problemli kreditlərinin həllinə nail olundu. Ümumilikdə, iki sosial paket 4,2 milyon nəfəri əhatə etdi.

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxıldı

5 dekabr. Prezident İlham Əliyev beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı. Dövlətimizin başçısı Milli Məclisə növbədənkənar seçkiləri 2020-ci il fevralın 9-na təyin etdi.

Beşinci çağırış Milli Məclisin buraxılması təşəbbüsü qanunverici orqanın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi daşıyır.

Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi

23 dekabr. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri keçirildi.

Seçkilərdə 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçı iştirak etdi.

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi

30 iyun. Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirildi. Açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və UNESKO-nun Baş direktoru Odre Azule çıxış etdilər.

Bakı sessiyasında dünyanın 180-dən artıq ölkəsindən 2500-dən çox nümayəndə iştirak edirdi. Sessiyada 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edildi. Bununla da Dünya İrs Siyahısında qorunan mədəni irs nümunələrinin sayı 1121-ə çatdı.

Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salındı

7 iyul. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının qərarına əsasən Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.

Bundan əvvəl UNESKO-nun Ümumdünya İrs Siyahısına “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı”, Qeyri-Maddi Mədəni İrs Siyahısına isə xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi daxil olunmuşdu.

Dünya dini liderlərinin II Bakı Sammiti keçirildi

14-15 noyabr. Bakıda Dünya dini liderlərinin II Sammiti keçirildi.

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən sammitdə 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi iştirak ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçdi

15 oktyabr. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. İclasda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçdi.

“Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olundu

20 sentyabr. Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasimi keçirildi. Mərasimdə Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun, Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi Yelizaveta Trussun və Xarici və Birlik məsələləri ofisinin Avropa və Amerika üzrə naziri Kristofer Pinçerin təbrik məktubları oxundu.

AZAL Azərbaycanın hava məkanını bütün aviaşirkətlər üçün açdığını elan etdi

27 dekabr. Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkəmizin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq ediləcək. 2020-ci il yanvarın 1-dən etibarən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

Azərbaycana uçuşlar yerinə yetirmək istəyən yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərinə 100 faiz endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70 faiz, üçüncü ilində 50 faiz, dördüncü ilində isə 30 faiz olacaq.

DOST Agentliyi və ilk DOST mərkəzinin inzibati binası açıldı

9 may. Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası açıldı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Mərkəzdə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmət təqdim edilir. 2019-2025-ci illərdə Bakı və ölkənin bölgələrində 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulub.

Bakıda “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi

25 sentyabr. Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi. Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 minə yaxın sərnişin istifadə edəcək. Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib.

Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tanker istismara verildi

13 dekabr. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankeri istismara verildi və “Azərbaycan” adlı gəmi-bərə suya salındı.

Özünəməxsusluğu ilə seçilən “Laçın” adlı ilk neft tankeri Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Tankerin uzunluğu 141 metr, eni 16,9 metr, ağırlığı 7875 tondur. “Laçın” tankeri Xəzərdə neft və neft məhsullarının daşınması ilə yanaşı, Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək.

Bakı gəmiqayırma zavodunda inşa olunan ilk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan “Ro-Pax” tipli “Azərbaycan” adlı gəmi-bərə nadir dizayna malikdir və yüksək texniki göstəricilərinə görə fərqlənir.

Sumqayıt Kimya Sənaye Parkında “SOCAR karbamid” zavodu açıldı

16 yanvar. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verildi. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan yaradacaq.

Sumqayıta şəhər statusu verilməsinin 70 illiyi tamam oldu

19 noyabr. Sumqayıta şəhər statusu verilməsinin 70 illiyi tamam oldu. Bu münasibətlə şəhərin əsas meydanında yubiley tədbiri keçirildi. Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayiətində hərbçilərin keçidi böyük maraqla izləndi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxış etdi.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olundu

26 noyabr. Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söylədi.

“SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodu açıldı

18 fevral. Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışını etdi.

“SOCAR Polymer” son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəməklə yanaşı, məhsulun qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.

Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi

2-3 may. Mayın 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etdilər.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESKO-nun tərəfdaşlığı ilə keçirilib.

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində yeni avtomobil körpüsü açıldı

24 dekabr. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verildi.

Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası saziş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı imzalanmışdı. Tikinti xərclərinin 50 faizi Azərbaycan, 50 faizi isə Rusiya hökuməti tərəfindən ödənilib. Üç hərəkət zolağından ibarət körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir.

Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xətti yenidənqurmadan sonra açıldı

19 noyabr. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı oldu.

Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var. Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolu xəttinin ümumi uzunluğu 191,6 kilometrdir. Aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqları, Pirşağı və Zabrat-2 stansiyaları yenidən qurulub.

Şamaxıda “ASAN Həyat” kompleksi istifadəyə verildi

5 dekabr. Şamaxıda “ASAN Həyat” kompleksinin açılışı oldu. Ölkədə sayca 16-cı olan bu mərkəz Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət edəcək. “ASAN Həyat” kompleksində vətəndaşlara, ümumilikdə, 320-dən çox xidmət göstəriləcək.

Xatırladaq ki, ilin sonunda “ASAN xidmət” mərkəzlərinə 35 milyonuncu müraciət qeydə alınıb.

Bakı XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etdi

21-27 iyul. Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı keçirildi. Avropanın 48 ölkəsindən 3600 atletinin mübarizə apardığı yarışda Azərbaycan millisi 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü yeri tutdu.

Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunun sahibi oldu

4 oktyabr. Azərbaycan şahmatçısı, qrossmeyster Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışın finalında çinli Liren Dinqi məğlub edərək turnirin qalibi oldu. Ölkəmizin şahmat tarixində ilk dəfə Dünya Kubokunun qalibi olması münasibətilə Teymur Rəcəbovu Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təbrik etdilər.

Ümumiyyətlə, bu il Azərbaycan şahmatçıları üçün xüsusilə əlamətdar oldu. Belə ki, 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandası Türkiyənin Çorum şəhərində keçirilən Yeniyetmələrin Şahmat Olimpiadasının qalibi adını qazandı. Həmçinin şahmatçımız Aydın Süleymanlı isə Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qızıl medal əldə etdi.

Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi etdi

16-22 sentyabr. Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı keçirildi. “Tokio 2020”yə təsnifat xarakteri daşıyan çempionatda 61 ölkədən 300-dən çox atlet mübarizə apardı. Azərbaycan gimnastı Zöhrə Ağamirova və qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında Tokio Olimpiadasına vəsiqə qazandılar.

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirildi

11-15 mart. Azərbaycan Ordusunun genişmiqyaslı təlimlər keçirildi. Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olundu.

Oxumeni.az