Suriyada Türkiyə və Rusiya yeni müharibə astanasında

Suriyada Türkiyə və Rusiya yeni müharibə astanasında

15 Fevral 2020 11:33
Bəyəndim (1) Bəyənmədim (27)

Son vaxtlar Suriyada Türkiyə ilə Rusiya tərəfindən dəstəklənən Əsəd ordusu arasında hərbi toqquşmalar demək olar ara vermir. Bu baxımdan Suriyada toqquşmaların ara vermədiyi barədə gələn xəbərlər bölgədə hər an yeni müharibənin başlaya biləcəyi təhlükəsinin mövcud olduğunu bir daha təsdiq etməkdədir. Əslində Suriyanın Türkiyənin nəzarəti altında olan İdlibə ara vermədən hücumlar təşkil etməsi Türkiyəni də cavab tədbirləri həyata keçirməyə məcbur etməkdədir. Əsədə məxsus güclərin Türkiyənin İdlibdəki hərbi müşahidə məntəqəsinə zərbələr endirməsi və bununla da qarşı tərəfi təxribata çəkmək cəhdləri fevralın əvvəllərində başladı. Fevralın 3-də Əsədə məxsus güclər tərəfindən Türkiyənin İdlibdəki hərbi müşahidə məntəqəsi artilleriyadan güclü atəşə tutuldu. Nəticədə 8 Türkiyə əsgəri həlak oldu, 12 nəfər yaralandı. Hərbi müşahidə məntəqəsinə isə böyük həcmdə zərər dəydi. Baş verən hadisəyə təbii ki, Türkiyə də biganə qala bilməzdi. Türkiyə ordusunun Əsəd güclərinə endirdiyi zərbələr nəticəsində isə ilkin məlumatlara görə 70 Suriya hərbçisi öldürülüb. Aydın məsələdir ki, Ankarada Əsəd güclərinin Türkiyənin İdlibdəki mövqelərinə endirdikləri zərbələrin arxasında Rusiyanın dayandığını yaxşı bilirlər. Çünki Rusiyanın razılığı olmadan Əsəd gücləri Türkiyə mövqelərinə artilleriya zərbələri endirə bilməzdilər.

Türkiyənin məsələ ilə bağlı Rusiya ilə anlaşmaq istəyi isə belə görünür ki, baş tutmayıb. Rusiya Türkiyənin narahatlığını nəzərə alaraq öz hərbi ekspertlərini Ankaraya göndərib. Lakin hərbi ekspertlərin Ankarada apardığı danışıqlar barədə mətbuata olduqca cüzi məlumat verilib. Rusiyalı hərbi ekspertlərin Ankaraya səfərindən sonra Türkiyə İdlibə əlavə hərbi qüvvələr göndərməyə başlayıb. Bu isə İdlib məsələsində Türkiyənin Rusiya ilə anlaşa bilmədiyini göstərir

İdlibdə yaranan ağır vəziyyətlə bağlı Türkiyə oraya əlavə hərbi qüvvələr göndərib.

Bölgədə yerləşdirilənlər arasında raket sistemləri, tank, silah-sursat və zirehli texnikalar var. Bundan başqa, Türkiyənin bölgədəki canlı hərbi qüvvələrinin sayını artırdığı da bildirilib. “Röyters” agentliyi rəsmi Ankaranın bu qərarını böyük əməliyyata hazırlıq kimi xarakterizə edib.

Suriyada baş verən son hadisələr və toqquşmaların ara vermədən davam etməsi beynəlxalq aləm tərəfindən də narahatlıqla qarşılanmaqdadır. Məsələ ilə bağlı BMT TŞ-də keçirilən iclasda İdlibdə əmələ gələn gərginliyə görə Rusiya ittiham edilib. Buna paralel olaraq Təhlükəsizlik Şurası İdlib məsələsində Türkiyəyə tam dəstəyini ifadə edib. ABŞ-ın Təhlükəsizlik Şurasındakı təmsilçisi Kelli Krafi çıxışı zamanı İdlibə Əsəd rejimi, Hizbullah və Rusiyanın davam edən hücumunu barbarlıq və haqsızlıq kimi qiymətləndirib. İdlib nümunəsində nə atəşkəs, nə də siyasi həll mövzusunda Rusiya və Əsədə etibarın tükəndiyini, Astana razılaşmasına artıq inanmadıqlarını bildirən Krafi BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinə atəşkəsin əldə edilməsi haqda müraciət edib. ABŞ diplomatı İdlibdə türk müşahidə postuna hücumu da tənqid edib: “ABŞ türk əsgərlərinin ölümünə səbəb olan Əsəd rejiminin türk postlarına haqsız hücumu qarşısında NATO müttəfiqi Türkiyənin qanuni müdafiə haqqını tanıyır və dəstəkləyir”.

İngiltərənin Təhlükəsizlik Şurasındakı daimi təmsilçisi Karen Pirs də İdlibdə kabus yaşandığını bəyan edib: “Türkiyə İdlibdə sülh əldə etmək və milyonlarla insanın qaçqın düşməsini əngəlləmək üçün cəhdlər göstərir. Ancaq Suriya tərəfinin bunu görməzdən gəldiyinə şahidik. Bir neçə dəfə atəşkəs elan olunduqdan iki gün sonra pozuldu. Artan gərginlik səbəbindən hazırda 3 milyondan çox suriyalı qaçqına sığınacaq verən Türkiyə üçün narahatıq”.

Rusiyanın Təhükəsizlik Şurasındakı təmsilçisi Vasiliy Nebenzya isə terrorçuların İdlibi ələ keçirdiyini iddia edib.

İdlibdə əmələ gələn gərginliklə bağlı ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, İdlibdə silahlı qarşıdurmalara son vermək lazımdır və Rusiya siyasətini dəyişməlidir.

Rusiyanın dəstəklədiyi Əsəd rejimi tərəfindən İdlib istiqamətindəki hücumların və İran tərəfindən dəstəklənən Hizbullah terror təşkilatının bölgədəki fəaliyyətinin narahatedici olduğunu bildirən Ceyms Ceffri İdlibə hücumda sadəcə ruslar deyil, İran və Hizbullahın da aktiv rol aldığını bildirib.

Beynəlxalq aləmin İdlib məsələsində Rusiyani tənqid etməsinə baxmayaraq bölgədə vəziyyət get-gedə daha təhlükəli xarakter almaqdadır. Belə ki, həftənin ilk günlərində Əsəd rejiminə aid güclər İdlibə göndərilən Türkiyə hərbi güclərinə növbəti dəfə zərbələr endiriblər. Nəticədə Türkiyə 5 şəhid verib, 5 hərbçi yaralanıb. Türkiyənin cavab atəşi nəticəsində isə Suriya ordusunun 101 hərbçisi həlak olub. Bundan əlavə Suriya ordusunun 3 tankı və bir vertolyotu da Türkiə silahlı qüvvələri tərəfindən məhv edilib.

Suriyada baş verənlərə münasibətdə Əsədə dəstək verməsinə baxmayaraq Rusiya mövqeyini hələlik açıq şəkildə ortaya qoymayıb. Məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq Elxan Şahinoğlu deyib ki, Kreml dəstək verməsinə baxmayaraq, Türkiyə və İsrailin Əsəd qüvvələrinə zərbə endirmələrinə seyrçidir:

“Türkiyə və İsrail hakimiyyətləri arasında münasibətlər soyuqdur, bir-birilərinin ünvanlarına sərt tənqidlər yağdırırlar. Buna baxmayaraq, hər ikisi son günlərdə Suriya rejiminin mövqelərini bombalayıb. Hər ikisinin Əsəd qüvvələrinin ayrı-ayrı məntəqələrini bombalamasının izahı var.

Ən maraqlısı da odur ki, Bəşər Əsəd rejiminə praktik dəstək verən Kreml Türkiyənin və İsrailin Əsəd qüvvələrinə zərbə endirmələrinə seyrçidir. Çünki Rusiya Prezidenti Putin Əsədə dəstək versə də, Ankara və Tel-Əvivlə də münasibətləri korlamaq istəmir”.

Türkiyənin Rusiya tərəfindən dəstəklənən Əsəd güclərinə zərbələr endirərək ona canlı qüvvə və hərbi texnika sarıdan itkilər verməsi əslində Ankara tərəfindən Moskvaya edilən xəbərdarlıq kimi də dəyərləndirilə bilər.

Yeri gəlmişkən onu da deyək ki, İdlib Suriyada İran və Rusiyanın dəstəklədiyi Əsəd rejimi tərəfindən hələlik alınmayan son qala hesab edilir. Hələ 2017-ci ilin may ayında Astanada Rusiya, Türkiyə və İran Suriyada 4 deeskalsiya zonasının yaradılması barədə razılığa gəliblər. Həmin deeskalsiya zonalarından 3-ü 2018-ci ildə Əsəd güclərinin nəzarəti altına keçib. Dördüncü deeskalasiya zonası hesab edilən İdlibdə, o cümlədən Hələb, Hama və Latakiya əyalətlərinin bəzi hissələrində isə Türkiyənin strateji maraqları var. Nəhayət İdlib və ona bitişik ərazilərdə türkəsilli Suriya vətəndaşlarının yaşaması da adı çəkilən bölgəni Türkiyə üçün “Donbas”a çevirib. Necə deyərlər, Rusiya üçün Donbas nə deməkdirsə, Türkiyə üçün də İdlib və onun ətrafı o deməkdir. Digər tərəfdən də Türkiyənin Suriyaya hərbi qüvvələrini yeritməsinə səbəb oradan gözlənilən yeni qaçqın təhlükəsinin qarşısının alınmasına xidmət etməkdədir. Hazırda Türkiyədə Suriyadan didərgin düşən 3,5-4 milyon qaçqının olduğunu nəzərə alsaq, onda Ankaranın narahatlığını başa düşmək olar. İdlib Əsəd güclərinin nəzarəti altına keçəcəyi təqdirdə isə Türkiyəyə yenidən ən azı1,5 milyon qaçqının gələcəyi gözlənilir. Bu qədər əhalini isə Türkiyə yedirtməyə və və qəbul etməyə faktiki olaraq hazır deyil. Bölgədə Türkiyə üçün digər bir problem isə kürd terrorçuları ilə əlaqədardır. Türkiyə Suriyanın şimalında kürd terrorçularının ağalıq etməsinə imkan verməyəcəyini dəfələrlə bəyan edib və özünə onlardan gələn təhlükəyə qarşı sona kimi mübarizə aparmaq niyyətində olduğunu ortaya qoyub. Belə bir vəziyyətdə Putin də çətin ki, İdlib məsələsində Türkiyəyə güzəştə getsin. Hər halda Əsəd rejiminin Türkiyə hərbçilərinə zərbələr endirməsinin arxasında qeyd etdiyimiz kimi Rusiaynın dayandığı şübhə doğurmur. Hərbi ekspertlərin fikrincə, hadisələrin xoşagəlməz istiqamətdə inkişaf edəcəyi təqdirdə Suriyada Rusiya ilə Türkiyə arasında birbaşa deyil, dolayısı ilə müharibə baş verəcək. Kreml vaxtı ilə Koreyada və Vyetnamda apardığı müharibələrdə olduğu kimi yerli əhali adından döyüşlərdə istifadə edəcək. Türkiyə də analoji qaydada Suriyada dəstəklədiyi hərbi güclər vasitəsi ilə Moskvaya cavab verəcək. Bütün bunların nə ilə başa çatacağı isə hələlik məlum deyil. Buraya Liviyada baş verənlərə münasibətdə də Türkiyə və Rusiyanın əks cəbhələrdə dayandığını da əlavə edəndə belə başa düşmək olar ki, faktiki olaraq Rusiya və Türkiyə müharibə astanasındadırlar. Rusiya-Türkiyə hərbi qarşıdurmasından isə qazananın Qərb olacağı öncədən şübhə doğurmur.

Emin Axund

Oxuməni.az