Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı möhkəmlənməkdə davam edir

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı möhkəmlənməkdə davam edir

1 Mart 2020 11:10
Bəyəndim (1) Bəyənmədim (30)

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlığın möhkəm təməllər üzərində inkişaf etdirilməsi ildən-ilə daha geniş vüsət almaqdadır. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra dövlət rəhbərləri səviyyəsində qarşılıqlı səfərlərin baş tutması və bu zaman iki qardaş dövlət arasında hərtərəfli inteqrasıyanın daha da genişlənməsinə gətirib çıxaran qərarların qəbul edilməsi Azərbaycanla Türkiyə arasında sarsılmaz dostluğun beynəlxalq aləmdə də nümayişinə çevrilir. Bu baxımdan fevralın 25-də Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası da ölkələrimiz arasında dostluq və qardaşlığın möhkəmləndiyini bir daha təsdiq etdi. Tədbirdə iştirak etmək üçün Azərbaycana gələn president Rəcəb Tayyib Ərdoğanın yüksək səviyydə qarşılanması həqiqətən də qürurverici idi. Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə səsləndirilən fikirlər, o cümlədən tədbirdə müzakirə edilən məsələlərin və iki ölkə arasında imzalanan anlaşmaların eyni millətin iki dövlətinin daha da sıx inteqrasiyasında önəmli rol oynayacağı şübhə doğurmur. Təbii ki, iki ölkə prezidentlərinin görüşündə müzakirə edilən əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı idi. Türkiyə prezidenti Bakıda uca səslə bir daha bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir:

“Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur. Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır”.

Türkiyə prezidenti həmçinin Xocalı soyqırımını törədənləri də lənətlədiyini bəyan edib. O deyib ki, tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq: ”Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm”.

Öz növbəsində Prezident İlham Əliyev də iki ölkə arasında münasibətlərin olduqca yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. İlham Əliyev deyib ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin:

“Təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edildi. Mən bir daha əziz qardaşıma Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyinə görə təşəkkürümü bildirdim. Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli üçün əsas maneədir. Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir”.

İlham Əliyev növbəti dəfə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. O xatırladıb ki, heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır və münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır.

Təbii ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı inteqrasiyanın ən yüksək həddə çatdırılması ilə bağlı əldə edilən razılıq və bu çərçivədə imzalanan anlaşmalar strateji tərəfdaşlığımıza verilən önəmli töhfələrdən biri hesab edilə bilər. Tərəflər iqtisadi sahədə daha böyük uğurlara imza atılması məqsədi ilə 2019-cu ildə 4,5 milyard dollar dəyərində olan ticarət dövriyyəsinin 2023-cü ildə 15 milyard dollara çatdırılacağına əmin olduqlarınə bəyan ediblər.

Ümumiyyətlə hazırda Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində Türkiyə 13,54 faizlə ikinci yerdə qərarlaşmışdır. Belə ki, 2019-cu ildə Azərbaycanın sözügedən ölkəyə ixracı 2,9 mlrd ABŞ dolları təşkil etmişdir ki, bu da 36 faiz artım deməkdir.

Onu da xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycan 2017-ci ildən bəri Türkiyə ilə xarici ticarət dövriyyəsində müsbət saldoya malikdir. Xüsusilə, 2019-ci ildə müsbət saldonun 2018-ci illə müqayisədə 966,7 mln ABŞ dolları artaraq 1,2 mlrd ABŞ dolları təşkil etməsi son illərin rekord göstəricisidir. 2019-cu ilin qeyri neft ixracında 401,8 mln ABŞ dolları ixracat həyata keçirilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə ixracda 16,5 faiz artım deməkdir. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Azərbaycan və Türkiyə strateji əməkdaşlığa malik ölkələrdir.
İqtisadçı bildirib ki, hazırda Türkiyə iqtisadiyyatında Azərbaycan sərmayələri xeyli çoxalıb:

“Azərbaycan Türkiyə iqtisadiyyatına sərmayə yönəldən 5 ölkədən biridir. Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə iqtisadiyyatına ən çox sərmayə yönəldən xarici şirkətdir. Ölkəmiz Türkiyə iqtisadiyyatına investisiya qoyuluşları baxımından aparıcı mövqeyə malikdir. Bu da təbii ki, Türkiyə iqtisadiyyatına mühüm töhfələr verir. Sözsüz, Türkiyə də öz növbəsində Azərbaycanla əməkdaşlığa, ticari və iqtisadi münasibətlərə böyük önəm verir. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi də bunu göstərir”.

Azərbaycanla Türkiyə arasında Bakıda imzalanan anlaşmalar arasında diqqəti cəlb edən önəmli məsələlərdən biri də Naxşıvana qaz kəmərinin və dəmir yoıunun çəkilməsi ilə bağlıdır. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə birləşdirəcək.

Azərbaycanla Türkiyə arasında imzalanan Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”na münasibət bildirən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev Azərtac-a verdiyi açıqlamasında deyib ki, bu layihənin həyata keçirilməsi ilə Naxçıvanın ixrac potensialı xeyli artacaq. Naxçıvan məhsullarının post-sovet ölkələrinə, eləcə də Avropa və Asiya ölkələrinə rahat və birbaşa çıxışı təmin ediləcək. O xatırladıb ki, vaxtı ilə təkcə post-sovet ölkələrinə gün ərzində min tona yaxın daş duz məhsulları və bir milyon butulka mineral su göndərilirdi: “Hazırda da bu məhsullara, eləcə də Naxçıvanın daş və travertin, həmçinin sement və digər məhsullarına tələbat böyükdür. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrası bu mənada muxtar respublika büdcəsinə böyük həcmdə vəsaitin daxil olmasına səbəb olacaq. Layihə, həmçinin mədənçilik, metallurgiya, maşınqayırma kimi vacib sahələrin də inkişafına təkan verəcək”.

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri politoloqlar tərəfindən də yüksək dəyərləndirilib. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Musa Qasımlı deyib ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərində yeni bir səhifə açdı. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin münasibətləri ölkəmizin digər dövlətlərlə olan münasibətlərinə bənzəmir: “Bizim münasibətlərin bir sıra özünəməxsusluqları var. Hər şeydən əvvəl Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bizim kökümüz birdir, tariximiz, dilimiz, mədəniyyətimiz, dinimiz eynidir. Bizim ölkələrin qarşılıqlı münasibətlərində çox parlaq səhifələr olub. Türkiyə bizim dövlət müstəqilliyimizi tanıyan ilk dövlətdir. Azərbaycan-Türkiyə münasibətlərinin real əsaslar üzərindən qurulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir şəraitdə qarşılıqlı münasibətlərin inkişafının baş memarları Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandır”.

Deputat əlavə edib ki, Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı əlaqələr məhz onların sayəsində strateji müttəfiqlik səviyyəsinə gəlib çatıb.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində imzalanan sənədlər bir daha göstərir ki, qarşılıqlı münasibətlərin çox gözəl perspektivləri var.

Beləliklə Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası ölkələrimiz arasında münasibətlərdə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir və heç bir qüvvə dostluq və qardaşlığımıza mane ola bilməyəcək.

Emin Axund

Oxuməni.az