Lukaşenko yenidən prezident seçildi: Belarusu bundan sonra nə gözləyir?

Lukaşenko yenidən prezident seçildi: Belarusu bundan sonra nə gözləyir?

11 Avqust 2020 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusda keçirilən seçkilər gözlənildiyi kimi ölkəni hazırda idarə edən Aleksandr Lukaşenkonun qələbəsi ilə başa çatıb. Belə ki, Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşinanın verdiyi məlumata görə, Aleksandr Lukaşenko səslərin 80,3, onun əsas rəqiblərindən biri hesab edilən Svetlana Tixonovskaya isə 9,9 faizini toplayıb. MSK-nın elan etdiyi nəticələr faktiki olaraq bazar günü axşam elan olunan Ekzit polun məlumatlarını təkrarlayıb. Səsvermənin nəticələrinə etiraz əlaməti olaraq bazarertəsi gecə Svetlana Tixonovsakayanın tərəfdarları küçələrə axışıb. Etiraz aksiyası iştirakçılarının polislə baş verən toqquşmalarında bir nəfər ölüb, 45 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hüquq-mühafizə orqanları tərəfindən 4000 nəfərə yaxın adam həbs edilib. Öz növbəsində Svetlana Tixanovskaya qərargahından bildirilib ki, seçkilərin nəticələrini tanımırlar.
Svetlana Tixonovskaya özü isə jurnalistlərə açıqlamasında: “Əlbəttə, biz bunu qəbul etmirik. Aldığımız rəqəmlər səsləndirilənlərlə üst-üstə düşmür", - deyib.
Svetlana Tixonovskaya bildirib ki, özünü seçkinin qalibi hesab edir və ölkəni tərk etmək niyyətində deyil. Siyasətçi əlavə edib ki, hələlik özü üçün etiraz aksiyalarında şəxsən iştirak etmək qərarına gəlməyib. Beləliklə, o, onların davamını qaçılmaz hesab etdiyini bildirdi.
"Biz dinc dəyişikliklər istəyirik, lakin seçkilərin nəticələrinə etiraz edən aksiya iştirakçılarına qarşı güc tətbiq edildi. Halbuki insanlar öz səslərini qorumaq üçün küçələrə axışmışdılar. Biz öz tərəfimizdən dinc aksiyaları davam etdirəcək və gücə əl atılmasına imkan verməyəcəyik", — deyə xanım Tixanovskaya əlavə edib.

Aleksandr Lukaşenko isə öz növbəsində seçkini bayram adlandırıb.
"Sözün düzü, kiçik uşaqların meydana çıxması mənə pis təsir edir. Başa düşürsünüz, bu, bayramdır. Kimsə bu bayramı korlamaq istəyirdi. Biz onları gördük-onlar bu gecədən özlərinin simasını daha parlaq şəkildə ortaya qoydular", - deyə prezident bildirib. Onun fikrincə, etirazlar xaricdən idarə olunurdu. "Polşa, Böyük Britaniya və Çexiyadan zənglər olub, bizimkiləri idarə ediblər, məni bağışlayın, qoyunlar: onlar nə etdiklərini başa düşmürlər və artıq onları idarə etməyə başlayırlar", — deyə cənab Lukaşenko bildirib
Bununla belə Likaşenkoya artıq təbrik teleqramları gəlməkdə davam edir. Onların arasında ÇXR Sədri Si Cinpini, həmçinin Qazaxıstan və Rusiya prezidentləri Kasım-Jomart Tokayevi və Vladimir Putin də var. Putinin Lukaşenkoya göndərdiyi təbrik teleqramında deyilir:
"Ümid edirəm ki, Sizin dövlət fəaliyyətiniz bütün sahələrdə qarşılıqlı surətdə Rusiya-Belarus münasibətlərinin daha da inkişafına, ittifaq dövləti çərçivəsində əməkdaşlığın dərinləşməsinə, Avrasiya İqtisadi İttifaqı və MDB xətti ilə inteqrasiya proseslərinin genişlənməsinə, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hərbi-siyasi əlaqələrin genişlənməsinə kömək edəcək".
Beləliklə faktiki olaraq Vladimir Putin Belarusda prezident seçkilərinin nəticələrini tanımış olub. Bu isə o deməkdir ki. Belarusda prezident seçkiləri ilə əlaqədar 2014-cü ildə Ukraynadakı hadisələr-Meydan hərəkatı təkrarlanmayacaq. Ancaq o da aydındır ki, Rusiya Lukaşenkonun həddindən artıq özünü sərbəst aparmasını və yerı gələndə Putinə meydan oxumasını ona bağışlamayacaq.

Minskdəki son hadisələr Belarusla qonşu olan üç ölkənin - Polşa, Litva və Ukraynanın prezidentlərini öz fikirlərini söyləməyə məcbur edib. İlk iki nəfər birgə bəyanat verməyə qərar verdi. Bazar günü axşam Andjey Duda və Gitanas Nauseda bildirib: "Biz Belarus Hökumətini demokratik standartlara riayət etməyə, zorakılıqdan çəkinməyə və əsas azadlıqlara, insan və vətəndaş hüquqlarına hörmət etməyə çağırırıq".
Ukrayna Prezidenti Vladimir Zelenski Belarusda keçirilən prezident seçkiləri ilə bağlı deyib: "Sözsüz ki, biz qonşularımızı maksimum tolerantlığa, dözümlülüyə və küçə zorakılığından imtina etməyə çağırırıq. Çünki yalnız geniş dialoq Belarus vətəndaşlarının çətin böhran vəziyyətindən çıxmasını təmin etməyə, ictimai əməkdaşlığın gələcək addımlarını və formatlarını dürüst müzakirə etməyə imkan verəcək".
Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqının Belarusda vəziyyətə həsr olunmuş fövqəladə zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Avropa Şurasının rəhbəri Şarl Mişel isə ölkə hakimiyyətini vətəndaş hüquq və azadlıqlarına əməl etməyə çağırıb.
MDB-nin müşahidəşi missiyası isə seçkilərdə hər hansı bir qanun pozuntusu aşkar etmədiyini bəyan edib.
“MDB müşahidəçilərinin missiyası Belarusiyada seçkilərin legitimliyini şübhə altına alan faktlar aşkar etməyib", - deyə MDB-nin icraçı katibi Sergey Lebedev bildirib. Onun sözlərinə görə, seçkilər "qanunvericiliyə uyğun keçirilib, açıq, rəqabətli olub və vətəndaşların iradəsini təmin edib".

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Aİ-nin Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi Belarusdakı prezident seçkilərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, yalnız insan haqları, demokratiya, azad və ədalətli seçkilərin qorunması Belarusda sabitliyə və suverenliyə zəmanət verəcək.
Bildirilib ki, Aİ Belarusdakı vəziyyəti yaxından izləməyə davam edəcək.
Bu arada məlum olub ki, Belarus prezidentliyinə namizədlər Andrey Dmitriev və Sergey Çereçen seçkilərin nəticələrinə dair şikayətlər hazırlayırlar. Amma artıq Belarusda prezident seçkiləri baş tutub və hər hansı bir şikayət isə onun nəticələrinə təsir etməyəcək. Məsələnin digər tərəfinə gəlincə, Lukaşenkonun prezident seçilməsini həzm edə bilməyən bəzi daxili və xarici güclərin, o cümlədən Rusiyanın Belarusda müxtəlif təxribatları davam etdirəcəyi, Lukaşenkonun devrilməsi üçün bütün imkanlardan yararlanmağa çalışacağı, ona çoxsaylı təzyiqlər göstərəcəyi istisna edilmir. Bu təzyiqlərə və təxribatlara Lukaşenkonun sona kimi davam gətirə bilib-bilməyəcəyini isə gələcək göstərəcək.

Əziz Mustafa