Qoca Co Baydenin və ya dəlisov Trampın prezident seçilməsi ABŞ-a nə vəd edir?

Qoca Co Baydenin və ya dəlisov Trampın prezident seçilməsi ABŞ-a nə vəd edir?

14 Avqust 2020 14:05
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ-da səhiyyə və iqtisadiyyat sahəsində böhranın davam etdiyi bir vaxtda ölkə prezidentliyinə əsas namizədlərin heç biri bununla bağlı aydın proqrama malik deyil. Məsələ ilə bağlı “Le Figaro”nun yazdığına görə, Trampın ötən seçkilərdə qələbə qazanmasına kömək edən ekssentrikliyi bu dəfə onun məğlubiyyətinə gətirib çıxara bilər. Baydenə gəlincə, o, hələ də əhali arasında populyarlığını saxlaya bilib, kəskin məsələlərlə münasibətlə bağlı hər hansı açıqlama verməyib. Bununla da o, rəqibi üzərində qələbə imkanlarını əldə saxlayır.
Pandemiya dövründə Trampın onunla mübarizə sahəsində ləngiməsi federal hökumətin iflicinə gətirib çıxarıb və nəticədə hər bir ştat epidemiya ilə özü bildiyi kimi mübarizə aparmağa məcbur olub. Bundan başqa, Trampın seçkiqabağı kampaniya zamanı vəd verdiyi geniş iqtisadi islahatların həyata keçirilməyəcəyi indidən aydındır. Çünki bunun üçün önəmli əlverişli iqtisadi zəmin yoxdur. İqtisadi tənəzzül ölkədə işsizlərin sayının 10-15 faiz artmasına gətirib çıxarıb. Bu da Trampın elektorat və əhali arasında nufuzunun itməsinə yol açıb. Co Bayden demokratların namizədidir. O praymeriz zamanı namizədliyinin irəli sürülməsinə nail olub. Bayden son üç ay ərzində demək olar ki, tam səssizliyini qoruyub saxlaya bilib. Ona görə də Bayden Trampla müqayisədə qeyri-müəyyənlik dövründə "müəyyən normallığın simvolu" və "ümidverici"si olan namizəd təsiri bağışlayır.
Demokratlar bütün hallarda mənəvi və ideoloji baxımdan Trampdan üstün də bu, onların seçkilərdə indiki prezident üzərində qələbəsi üçün yetərli olmaya bilər. Trampa demokratlar arasında nifrət böyük olsa da, sonuncu xalq arasında nufuzunu itirməyə başlasa da bütün bunlar hələ Bayden üçün qələbə demək anlamına gəlmir . Demokratlar harada isə pandemiya dövründə qurbanların sayının artmasına bəlkə də sevinirlər, çünki COVİD-lə ilə mübarizədə zəiflik Tramp üçün qarşıdan gələn seçkilərdə seçicilərin etimadını itirmək deməkdir. Digər tərəfdən də Demokratların namizədinə Trampyönlü mətbuat da güclü şəkildə təsir göstərməkdə və onları daim təzyiq altında saxlamaqdadır.
Bununla yanaşı, bu günə qədər Bayden daha radikal demokratların tələblərinə münasibətdə öz mövqeyini birmənalı şəkildə ortaya qoymayıb. Ona görə də hələlik radikal yönlü demokratlar hələlik ona münasibətdə səsizliklərini qoruyb saxlamaqdadırlar. Amma təbii ki, Bayden ölkədə baş verənlərə daha ciddi şəkildə münasibət bildırəcəyi, gələcək planlarına tam aydınlıq gətirəcəyi təqdirdə ola bilsin bu, Demokratlar daxilində hansısa etirazlara səbəb olsun. Əlbəttə namizədlərin hər hansı birinin seçkilərdə qələbə qazanması Amerika reallığından da əsaslı şəkildə asılı olacaq. Bu reallıq isə istənilən hal prezidentliyə namizədlərin hər hansı birinin xeyrinə və ya zərərinə işləyə bilər. Yenə də qeyd edək ki, istənilən halda indiki vəziyyətdə ABŞ ictimaiyyəti müəyyən qədər çılğın və nə edəcəyi bilinməyən, eyni zamanda daha çox dəlisov adam təsiri bağışlayan Donald Trampdan yorulub. Onlar üçün ilk baxışdan sakit təsir bağışlayan və təmkinli mövqe nümayış etdirən Co Baydenin prezident seçilməsi daha çox arzuediləndir. Üstəlik Trampın yenidən prezident seçilməsini onun Avropadakı müttəfiqləri də istəmirlər. Çünki Tramp prezidentliyi dövründə ABŞ-ın Avropadakı müttəfiqləri ilə münasibətləri gərginləşdirərək onlarla münasibətdə iqtisadi, siyasi və hərbi təzyiqlər yolu ilə danışmaq siyasətinə üstünlük verib. Bununla da Donald Tramp sanki Rusiyadan aldığı sifarişləri həyata keçirib. Amma Co Bayden də prezident kimi ölkəni idarə etmək üçün yaşlıdır və bu, onun mənfi tərəfidir. Qoca Co Bayden prezident seçiləcəyi təqdirdə onun arzuedilən səviyyədə ölkəni idarə edə bilib-bilməyəcəyini də öncədən proqnozlaşdırmaq çətindir. Necə deyərlər, istənilən halda Baydenin və ya Trampın prezident seçilməsi növbət illərdə ABŞ əhalisinə yaxşı heç nə vəd etmir.
Əziz Mustafa
Oxuməni.az