Putin üçün təhlükəli rəqib hesab edilən  müxalifət lideri Navalnını  zəhərləyiblərmi?

Putin üçün təhlükəli rəqib hesab edilən müxalifət lideri Navalnını zəhərləyiblərmi?

21 Avqust 2020 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Qarşıdan gələn prezident seçkilərində Vladimir Putinin əsas rəqibi hesab edilən müxalifət lideri Aleksey Navalnıya Rusiya xüsusi xidmət orqanları tərəfindən zəhər verildiyi ehtimal edilir.
Rusiya daha bir beynəlxalq qalmaqalla üz-üzə qala bilər. Belə ki, Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnını zəhərləyiblər. Müxalifət lideri avqustun 20-də Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı özünü pis hiss edib. Nəticədə təyyarə Omska təcili eniş etməli olub. Navalnı huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra A. Navalnının komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalmaqda davam edir. Nə qədər qəribə olsa da həkimlər axşama qədər rəsmi olaraq Navalnı haqqında dəqiq diaqnoz qoymayıb.

"İnsult və infarkt haqqında heç bir məlumat yoxdur, koronavirus infeksiyası da daxil olmaqla infeksion xəstəliklərə yoluxmayıb”.

Navalnının sağlamlığı haqqında belə məlumatlar axşam saatlarında Baş həkimin müavini Anatoli Kaliniçenko tərəfindən verilmişdir.

Həqiqətən də, bir sutka ərzində rəsmən aşkarlanmış diaqnozla bağlı məlumatın verilməməsi ilə bağlı qəribə vəziyyət yaranıb. Yəni, hələlik həkimlər yalnız onu deyirlər ki, onda hər hansı xəstəlik aşkar edilməyib. Navalnı təyyarəyə minməzdən əvvəl yalnız çay içib və başqa heç nə yeməyib. Müxalifət liderinin mətbuat xidmətinin katibi də belə deyir. Belə çıxır ki, məhz çayla Navalnıya zəhər veriblər. Ancaq çayı Navalnıya kim gətirib? Hələlik məsələ araşdırılmayıb və hüquq-mühafizə orqanları da bu barədə hər hansı addım atmırlar. Çünki Navalnıya zəhər verilməsi barədə dəqiq həkim diaqnozu yoxdur. Bu da Navalnı tərəfdarlarında ona xüsusi xidmət orqanları tərəfindən zəhər verilməsi barədə şübhələrin əmələ gəlməsinə səbəb olub.
Məsələ ondadır ki, avqustun 17-dən Navalnı komandasının təmsilçilərinin çıxış etdiyi regionlar üzrə seçkiqabağı turneyə start verilib. Bundan əvvəl müxalifətçi Novosibirskdə idi, sonra Tomsk şəhərinə getdi.

Hökumət isə Navalnının hərəkətlərini nəzarət altına almışdı. Çünki, o seçkilər ədalətli keçiriləcəyi təqdirdə Putinə qalib gələ biləcək yeganə lider hesab edilir.
Nüfuzlu ictimai-siyasi telekanallar Omsk şəhərində baş verənləri diqqətlə izləyiblər. "Aleksey Navalninin zəhərlənməsinin hərtərəfli araşdırılması lazımdır", - deyə "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov yazır: "Faktlara əsaslanmaq daha yaxşıdır. Hələ rəsmi diaqnoz yoxdur”.
Bəs nəinki Rusiyada, həm də dünyada məşhur müxalifət lideri kimi tanınan Aleksey Navalnı kimdir?
Aleksey Anatolyeviç Navalnı 4 iyun 1976-cı ildə Moskva vilayətinin Odintsovski rayonunda anadan olub. Rusiyanın məşhur müxalifət lideri, hüquqşünas, siyasi və ictimai xadimidir. Rusiyada korrupsiya ilə bağlı araşdırmaları ilə məşhur olmuşdur. Vladimir Putinin başçılıq etdiyi Rusiya rəhbərliyinə əsas rəqib hesab edilir. "Ağıllı səsvermə", "Navalnı Həmkarlar İttifaqı", "Korrupsiyaya Qarşı Mübarizə Fondu"nun yaradıcısıdır.

Aleksey Navalnı iki məşhur YouTube kanalının sahibidir. Onlardan birinin -"Navalnı LİVE"-in 1,8, digərinin isə 3,8 milyon abunəçisi var.
2013-cü ildə Ukraynanın "İnter" telekanalının efirində Navalnı yarım rus, yarım ukraynalı olduğunu bildirib. Elə həmin vaxt siyasətçi yaxınlarının əksəriyyətinin Ukraynada yaşadığını bildirib. 1986-cı ilə qədər onlar hər yayı Navalnı tərəfindən keçirilən Kiyev vilayətində yaşayırdılar. Əmisinin sözlərinə görə, Navalnının qohumlarının yarıdan çoxu Zalesya və Pereyaslavda yaşayır.

Navalnı 2013-cü ildə Moskva meri seçkilərində ikinci yeri tutub. 2018-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb. Lakin saxta ittihamlarla namizədliyi qeydə alınmayıb.

Saxta "Kirovles işi” üzrə Kirov rayon Məhkəməsi tərəfindən ona 5 il şərti iş verilib. Onun günahsız olması barədə 2016-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən qəbul edilən qərardan sonra, Rusiya Ali Məhkəməsi bu hökmü ləğv etmiş və işi yeni bir araşdırmaya göndərmişdir. 2017-ci ilin fevral ayında Kirov rayon Məhkəməsi yenidən Navalnını 5 il müddətinə azadlıqdan məhrum edib.
17 oktyabr 2017-ci il tarixində AİHM "İv Roşe" işi üzrə hökmü əsassız tanıyıb. Navalnı AİHM-də qaldırdığı Rusiya hakimiyyət orqanlarına qarşı 225 şikayət işini qazanıb.

Navalnı 2012-ci ildə o, “Time” jurnalı tərəfindən dünyanın 100 ən nüfuzlu insanının, 2017-ci ilin iyun ayında isə internetdə ən nüfuzlu 25 nəfərin siyahısına daxil edilib. 2017-ci ildə "Vedomosti"nin versiyasına görə ilin siyasətçisi seçilib.
Hələlik Navalnının vəziyyəti ağır olaraq qalır. Yaxınları müalicə üçün onun Almaniyaya göndərilməsini istəyirlər. Almaniyadan da bu məqsədlə axşam xüsusi təyyarə göndəriləcəyi gözlənilir. Bu arada isə A.Navalnının yerləşdirildiyi xəstəxananın baş həkimi Aleksandr Muraxovski jurnalistlərə açıqlamasında deyib ki, Navalnının vəziyyəti nisbətən yaxşılaşıb. Bununla belə o, bildirib ki, həkimlərin konsiliumunun nəticəsinə əsasən, hələlik A.Navalnını Omsk xəstəxanasından çıxarılaraq Almaniyaya müalicəyə göndərmək olmaz. A.Muraxovski onu da bildirib ki, A.Navalnının Almaniyaya müalicəyə göndərilməsi üçün ilk növbədə pasiyentin səhhətinin tam sabitləşməsinə nail olmaq lazımdır.
Baş həkimin sözlərinə görə, A.Navalnının diaqnozunun müəyyənləşdirilməsi üçün tələb olunan tədqiqat təxminən iki gün davam edəcək.
A.Navalnının sözçüsü Kira Yarmış isə bildirib ki, əvvəlcə onun müalicə üçün Almaniyaya aparılmasına razılıq verən həkimlər daha sonra fikirlərini dəyişiblər.
“Həkimlər indiyədək onun Almaniyaya aparılmasına icazə verirdilər. Buna görə də biz ən qısa zamanda bu məsələni təşkil etdik. Lakin son məqamda onlar buna icazə vermədiklərini bildirdilər. Əlbəttə ki, bu onlardan asılı deyil, bu Kremlin qərarıdır”, - deyə K. Yarmış qeyd edib.
Kira Yarmışın sözlərində həqiqət var. Çünki hadisələrin gedişi göstərir ki, həkimlər məhz Kremldən məsələ ilə bağlı göstəriş gözlədikləri üçün Navalnıya hansısa diaqnoz qoymaqda çətinlik çəkirlər.

Son məlumata görə nəhayət ki, həkimlər Navalnıya "diaqnoz" qoyublar.

Belə ki, Omsk Təcili Yardım Xəstəxanasının baş həkimi Aleksandr Muraxovski bildirib ki, Aleksey Navalnının əsas diaqnozu maddələr mübadiləsinin pozulmasıdır.

"Hazırda daha çox meylli olduğumuz diaqnoz karbohidrat balansının, yəni maddələr mübadiləsinin pozulmasıdır. Bu, qan şəkərinin kəskin azalmasına, şüurun itirilməsinə səbəb ola bilər", - Aleksandr Muraxovski bildirib,

Amma hətta həkim olmayan adama da belə bir "diaqnoz" gülməli təsir bağışlayır.

Hələlik bütün baş verən bu hadisələrə görə günahlandırılan Kremlin məsələyə münasibəti özünəməxsus olub. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə müxalif Aleksey Navalnının tezliklə sağalmasını arzulayırlar.
“Kütləvi informasiya vasitələri bu haqda çoxlu məlumat yayıb. Biz də bu məlumatları oxuyuruq. Bilirik ki, o, ağır vəziyyətdədir. Həkimlər hazırda əllərindən gələni edirlər. Omskın ən yaxşı həkimləri bu işə cəlb olunub. Bildiyimiz qədəri ilə həkimlər teletibb xidmətindən istifadə edirlər və Moskvadan olan mütəxəssislərlə konsilium keçirirlər. Əlbəttə ki, ölkəmizin hər bir vətəndaşı kimi, onun da tezliklə sağalmasını arzulayırıq”, – deyə D.Peskov vurğulayıb.
O, A. Navalnının zəhərlənməsi ilə bağlı iddialara da münasibət bildirib. D. Peskov qeyd edib ki, əgər A. Navalnının zəhərləndiyi təsdiqlənərsə, məsələ araşdırılacaq. Əlbəttə istənilən halda baş verən hadisələrdə Kremlin əli ola bilməsi ehtimal edilir. Son illərdə Rusiya xüsusi xidmət orqanlarının əli ilə Moskva üçün təhlükə doğuran şəxslərin, o cümlədən Ukraynanın eks prezidenti Yuşşenkonun və digərlərinin zəhər verilərək məhv edilməsini nəzərə alanda, Navalnın da eyni üsulla aradan qaldırıla biləcəyi istisna edilmir. Çox güman ki, Putinin ölkə daxilində ən çox ehtiyat etdiyi və onun prezident kürsüsü üçün ciddi təhlükə mənbəyi hesab edilən Navalnı da onlara oxşar taleni yaşamalı olub.


Əziz Mustafa


Oxuməni.az