Ermənilər Kəlbəcəri tərk edirlər

Ermənilər Kəlbəcəri tərk edirlər

13 Noyabr 2020 08:51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin Qarabağla bağlı birgə imzaladığı bəyanatda Kəlbəcər rayonunun noyabrın 15-dən ermənilərdən boşaldılıb əsl sahibinə təhvil verilməsini nəzərdə tutan bənd var. Həmin bəndə uyğun olaraq artıq iki gündür Kəlbəcərdən qeyri-qanuni məskunlaşan ermənilərin çıxarılmasına başlanılıb. Yayılan videolardan görünür ki, Kəlbəcərdəki ermənilər orada qeyri-qanuni məskunlaşsalar da, rayondan sanki “doğma yurd-yuvalarını” tərk edirlərmiş kimi çıxırlar. 27 ildir işğal edib qanunsuz məskunlaşdıqları Azərbaycan torpağından çıxmaq istəmirlər, çıxmaq istəyənlər də vay-şivən qoparıb özlərini dünyaya məzlum kimi göstərməyə çalışırlar.

Oxuməni.az Musavat. com-a istinadən yazır ki, Ermənilər işğala qədər Kəlbəcərdə heç vaxt yaşamayıblar. Amma indi məlum olur ki, işğaldan sonra keçən 27 ildə kütləvi şəkildə oraya köçüblər. İndi də kameralar qarşısında ağlayaraq, dünyaya yalan danışırlar. Azərbaycanın cənnət guşəsi, təbii sərvətlər xəzinəsi olan səfalı Kəlbəcər belə görünür ki, işğalçı ermənilərin xoşuna gəlibmiş. Elə arxayınlaşıblarmışlar ki, Kəlbəcərin daim onlarda qalacağını düşünürmüş bu zavallı millət.

Ekspertlər hesab edir ki, Kəlbəcər rayonuna ermənilərin daha çox köç etməsi bu ərazinin zəngin təbii ehtiyatları, zəngin təbiəti, turizm imkanları, kənd təsərrüfatı üçün əlverişli ərazi, eyni zamanda strateji mövqedə olması ilə əlaqədardır. Erməniləri bu illər ərzində Ermənistan iqtidarı məqsədli olaraq məhz bu rayonda daha çox yerləşdirib. Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilər işğal etdikləri ərazini xoşluqla tərk etmirlər və getmək istəmədiklərini nümayiş etdirirlər. Dağlıq Qarabağ erməniləri isə Rusiya, Azərbaycan prezidentlərinin və Nikol Paşinyanın 10 noyabrda imzaladqıları məlum bəyanata tabe olmamaq, aranı qatmaq təşəbbüsləri göstərirlər. Hətta Kəlbəcər və Laçında məskunlaşmış ermənilərə köçməmək, imtina etmək çağırışları edirlər.

Bəs bu təşəbbüslərin nəticələri olacaqmı?

Deputat Hikmət Babaoğlu bildirdi ki, ermənilər bu tipli hərəkətləri, çağırışları ilə öz vəziyyətlərini daha da ağırlaşdırırlar: “Belə çıxır ki, onlar Vladimir Putinin də imzası olan sənədə qarşıdırlar. Bu, heç də onlara yaxşı nə isə vəd etməz. Ermənilər qanunsuz məskunlaşdıqları Kəlbəcərdən çıxırlar və hamısı çıxacaq. Nə qədər ara qarışdırmağa cəhd etsələr də xeyri yoxdur. Onlar 15 noyabrda Kəlbəcərdən çıxacaqlar, 20 noyabrda Ağdamı verəcəklər, 1 dekabra qədər Laçın bizdə olacaq. Azərbaycanın əldə etdiyi tarixi-strateji qələbənin miqyası o qədər böyükdür ki, bunu dərk etmək üçün zamana ehtiyac var. Qələbə çoxvektorludur, şaquli dərin və üfiqi coğrafi. İkinci görünən tərəfdir, hamımız bunu vizual olaraq aydın görürük ki, torpaqlarımız işğaldan azad edildi.

Birinci isə heç də hamımızın görə bilmədiyi dərin qatlardadır. Zamanla üzə çıxdıqca biz onu dərk edəcəyik. Məhz dərin qatlarda baş verən hadisələr mənsub olduğumuz geostrateji rayonun gələcəyini təyin edəcək. Bu elə bir gələcək olacaq ki, Azərbaycan-Türkiyə tandemi yeni dünya nizamında diktə edən güc mərkəzlərindən birinə çevriləcək. Düşməni və onun havadarlarını pərişan edən, ”İrəvan artıq Türkiyənin vilayətidir" deməyə məcbur olanlar da məhz bu strateji dərinlikdən başı çıxanların qurduğu cümlədir. Kəlbəcərdə və digər rayonlarımızda qanunsuz yerləşən ermənilər də bu reallıqları nə qədər gec deyil, anlamalıdırlar. Beləliklə, xalqımızın Vətən müharibəsinin, istiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırdı.

Tarix göstərir ki, müharibəyə başlamaq nə qədər çətindirsə, onu bitirmək ondan da çətindir. Üstəlik, yaşadığımız mürəkkəb regionda mövcud olan güc balansları kontekstində bunu etmək daha da çətindir. Ancaq Azərbaycan bunu bacardı və hərbi qələbəsini siyasi-diplomatik qələbəsi ilə də taclandırdı. Hazırda isə çox fəal və sürətli postmüharibə mərhələsinə qədəm qoymuşuq və ən çox müzakirə olunan məsələlərdən biri xalqımızın öz doğma torpaqlarında necə və nə vaxt məskunlaşacağı məsələsidir. Bəzi kommunikasiya və təhlükəsizlik məsələlərinin aparılacağı vaxtı çıxmaq şərtilə elə dərhal bu proses başlayacaq. Süni məskunlaşdırma nəticəsində işğal edilmiş ərazilərimizə gətirilənlər sonuncu nəfərinədək və bəyanatda qeyd olunan müddət ərzində təcili olaraq çıxarılacaq.

Ermənilər Kəlbəcərdə evləri yandırır - VİDEO

Keçmiş Dağlıq Qarabağ adlandırılan ərazilərdə ordumuzun işğaldan azad etdiyi yerlərə əvvəllər yaşamış ermənilər qaytarılmayacaq. Onlar sadəcə kompakt yaşadıqları bəzi ərazilərdə Azərbaycan vətəndaşlığını qəbul etdikləri və vətəndaşlıqdan irəli gələn vəzifələri və məsuliyyəti yerinə yetirdikləri halda yaşaya biləcəklər. Əks təqdirdə, əsla yaşaya bilməyəcəklər".