İtaliyada mafiya üzərində  XXI əsrin ən böyük məhkəməsi başlayıb

İtaliyada mafiya üzərində XXI əsrin ən böyük məhkəməsi başlayıb

14 Yanvar 2021 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyada həm respublika daxilində, həm də bütövlükdə dünyada ən nüfuzlu cinayətkar qruplardan biri olan Ndranqeta mafiyasının həbs edilən üzvlərinə qarşı "əsrin prosesi" başlayıb.

Oxuməni.az kommersant.ru-ya istinadən xəbər verir ki, istintaqa cəlb edilən mafiya üzvləri arasında siyasətçilər, hüquqşünaslar və iş adamları da daxil olmaqla 350-dən çox şəxs var. Məhkəmə prosesinin ən azı bir il çəkəcəyi gözlənilir.

Çərşənbə günü İtaliyanın Kalabriya əyalətində Ndranqeta cinayət şəbəkəsi ilə bağlı son 30 ildə ən böyük məhkəmə araşdırması başlayıb. "İşin iştirakçıları arasında 355 şübhəli, 900-dən çox şahid və 400-ə yaxın vəkil var"- deyə The Local nəşri yazır. İlk məhkəmə günündə şübhəlilərin və mafiya üzvlərinin adlarının oxunmasına 3 saat vaxt lazım gəlib.

Məhkəmə prosesi gedən Lamezia Terme adlı kiçik bir şəhərcikdə çoxsaylı insanların, eləcə də prosesi işıqlandıran mətbuat əməkdaşlarının yerləşdirilməsi üçün yer tapmaq heç də asan olmayıb. Sonda hazırda heç kim yaşamayan Zəng mərkəzi adlı bina yenidən təmir edilərək genişləndirilib. La Repubblica qəzetinin verdiyi məlumata görə, məhkəmə prosesi keçirilən ərazi həm yerdən, həm də havadan qorunur. Şəhərin avtomobil yollarını çoxsaylı yol patrulları nəzarətə götürüb, məhkəmə binasının üzərində isə vertolyotlar uçur.

Mötəbər məhkəmə prosesi 2016-2019-cu illərdə İtaliyada mafiyaya qarşı baş tutan "Dirçəliş Skott" əməliyyatının nəticələrinə əsasən keçirilir. İşdə ittiham olunan əsas təqsirləndirilən şəxs əvvəllər 19 il məhkumluq həyatı yaşayan "Dayı" ləqəbli mafiya klanının rəhbəri olduğu təxmin edilən boss Luici Mankuzodur.

Mafiya lideri Luici Mankuzo

Saxlanılanlar arasında canavar, gombul, sarışın və kiçik keçi kimi ləqəbli mafiya üzvləri ilə yanaşı, bir neçə şəhər meri, hüquqşünaslar, biznesmenlər, polis və Forza Italia Partiyasının keçmiş senatoru da daxil olmaqla sabiq baş nazir Silvio Berluskoninin tərəfdaşları da var.

Həbs olunanların bəziləri Almaniya, İsveçrə və Bolqarıstan ərazisində saxlanılıb. Onlar qətllərdə, narkotiklərin qeyri-leqal dövriyyəsində və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Onu da deyək ki, Kalabriya İtaliyanın ən yoxsul bölgəsidir. Eyni zamanda, orada əsası qoyulan və fəaliyyət göstərən Ndranqeta cinayət şəbəkəsinin çoxlu pulu var. Bu qruplaşma Koza nostra və ya Neapolitan Kamorra mafiyaları kimi məşhur deyil. Bununla belə günümüzdə Ndranqeta mafiyası İtaliya və hətta dünyanın ən güclü cinayət təşkilatı, eləcə də Şimali Afrika vasitəsilə Latın Amerikasından Avropa kokain daşıyan ən böyük qruplaşma hesab edilir.

Ekspertlərin fikrincə, Kalabriya mafiyası təkcə narkotik ticarətindən hər il 20-24 milyard dollar qazanır ki, bu da İtaliya ÜDM-nin təxminən 3-4% - ni təşkil edir.
"Bu, mafiya üzərində keçirilən əhəmiyyətli bir məhkəmədir. Bu gün Kalabriya mafiyasının nə olduğunu aydınlaşdıra biləcək bir məhkəmə prosesi başlayıb. Məsliyyətə cəlb edilənlər artıq insan oğurluğu ilə məşğul olan "mafiya çobanlar"ı deyil, kriminal holdinq şirkətidir ",- deyə istintaqa rəhbərlik edən prokuror Nicola Qratteri vurğulayıb.

Prokuror Nikola Qratteri

AFP agentliyinə prokuror bildirib ki, mafiya ilə mübarizə sahəsində səyləri artıq ona gətirib çıxarıb ki, çoxlu adam öldürülə biləcəklərindən qorxmayaraq mafiyanın "Şərəf Məcəlləsi" ni pozmağa razılıq verib. "Son illərdə biz (polis) böyük nüfuz qazanmışıq, insanlar bizə inanır və əməkdaşlıq edir, bizi dəstəkləyirlər",-deyib.

İtaliyada məhkəmə prosesinə rəhbərlik edən prokuror Qratterini "canlı bir cəsəd" adlandırırlar. O mafiya tərəfindən təqib olunmaqdan və öldürülməkdən ehtiyat edərək 15 ildən çoxdur ki, çoxsaylı polisin mühafizəsi altında yaşayır. Lakin Nikol Qratteri üçün bu bir maneə deyil: "Mən uşaqlıqdan mafiyanı tanıyıram, çünki məktəbə gedəndə tez-tez yolda mafiya tərəfindən öldürülən insan cəsədlərini görürdüm. Onda fikirləşdim ki, böyüyəndə həyatımı bunların təkrarlanmaması və cinayətkarların həbs edilməsinə həsr edəcəyəm".

Xatırladaq ki, bundan əvvəl mafiya üzərində belə hay-küylü böyük məhkəmə prosesi 1986-1987-ci illərdə Palermo şəhərində keçirilib. O vaxt Siciliyanın Koza-nostra mafiyasının 338 nəfər üzvü müxtəlif müddətlərə həbs cəzasına məhkum edilmişdi.

Mafiya üzərində Lamezia Terme şəhərciyində keçirilən məhkəmə prosesinin ən azı bir il davam edəcəyi gözlənilir.

Emin Axund