Reyqanın Feyni "ermənilər üzr istəməlidir" demişdi, Bayden...

Reyqanın Feyni "ermənilər üzr istəməlidir" demişdi, Bayden...

27 Aprel 2021 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Co Bayden Amerika və dünya erməniliyinin yalan dəyirmanına su tökərək (əsassız ənənəvilik qazanmış) “24 aprel müraciəti” zamanı “erməni soyqırımı” ifadəsini işlətməklə dövlət ciddiyyətindən nə qədər uzaq olduğunu göstərmiş oldu. Uzağa getməyək: 106 il öncənin deyil, daha 40 il öncənin həqiqətini xatırlayaq: 40 il öncə, ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqan o vaxt “erməni soyqırımı” üzərinə araşdırma aparılmasına tapşırıq verəndən sonra ortalığa çıxan mənzərəni Reyqanın məsləhətçisi Bryus Feyn belə şərh edirdi:

“Reyqanın tapşırığına əsasən, o zaman biz bu məsələ ilə əlaqədar araşdırma apardıq. Həmin vədə Avropa ölkələrinin və Osmanlı imperiyasının indiki hərbi arxivlərində saxlanılan müxtəlif materialları ortaya çıxardıq. Araşdırmalar göstərdi ki, ermənilərin "soyqırım”la bağlı söylədikləri əsassızdır. “Erməni soyqırımı” haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Unutmaq lazım deyil ki, həmin vədə Türkiyədə bütün etnik və dini azlıqlar türklərin özlərinin şəxsən istifadə etdikləri imtiyazlardan yararlanırdı. Yunanlar, ermənilər, kürdlər, çərkəzlər, suryanlar, ərəblər və digər azlıqlar həmin dövrdə Türkiyədə yetərincə yüksək vəzifə tuturdu. Bu baxımdan ermənilər daha çox imtiyazdan istifadə edirdi. I Dünya müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdı və Osmanlı İmperiyasının düşməninə sığındı. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdü. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi.

Hər şeyə rəğmən Türkiyə tərəfi bizə öz arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər öz arxivlərini göstərməkdən qəti şəkildə imtina etdi. Mənim fikrimcə, əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaq”.

Bəli, Reyqan o zaman işlətdiyi “erməni soyqırımı” ifadəsi ilə necə böyük yanlışlığa yol verdiyini anlamışdı. 40 il keçəndən sonra Bayden növbəti yanlışlığa yol verdi. Bir dövlətin başçısı vəzifəsini daşıyan şəxs, sələfinin imtina etdiyi yanlışlığı hansı tarixi zərurətlə təkrar edir?

Heç bir tarixilik, heç bir çağdaşlıq və heç bir zəruriyyət yoxdur, ola da bilməz. Bu, olmamış bir “soyqırım” olayının üzərindən 106 il keçəndən sonra böyük bir dövlətin cırtdan Ermənistan üçün yalana, riyaya ortaq olması anlamına gəlir. Bu, Amerika ermənilərinin toruna düşməkdir. Bu, Ermənistanı xilas etmək cəhdidir.

Əslində, Ermənistan yanlış siyasətdən xilas edilməli, beynəlxalq hüquqa hörmət göstərməyə, mehriban qonşuluğa, monoetnik yapıdan və terroru, separatizmi dəstəkləməkdən imtinaya çağrılmalıdır. Əsl xilas yolu budur.

Ermənistan saxta və uğursuz dövlətdir, Ermənistan siyasi-hərbi rəhbərliyi həmişə eyni vaxtda iki stulda oturmağa çalışıb; bütün rəsmi ideologiyalar Ermənistann rəhbərliyi üçün öz erməniliklərini yeritmək, xəstə təxəyyülərini maddi müstəvi üzərində reallaşdımaq üçün bir vasitə olub. Səmimi demokrat, səmimi sosial-demokrat, səmimi beynəlmiləlçi, səmimi kommunist, səmimi qərbçi – tarix belə erməni tanıyırmı? Erməni ictimai-siyasi fikri daşnaksutyunçuluq – yəni, terror, separatizim, yalan, məkr, riya, qan-qada, ölüm üzərində bərqərar olub. Tarixi, mədəniyyəti, məişəti saxtakarlıqlar üzərində qurulmuş Ermənistanın sabaha boylanışı da saxtakarlıqlarla doludur. Olmayan “erməni soyqırım”ı yalanı ilə onilliklər boyu dünya birliyini öz riya və təxribatlarına ortaq etməyə çalışan bir zehniyyət ABŞ Prezidenti səviyyəsində dəstək görməməliydi. Əgər ABŞ özünü dünyada sülhün, təhlükəsizliyin, demokratiyanın avanqardı hesab edirsə, məsuliyyətli olmağa məcburdur. Yalanı həqiqətdən üstün tutmaq heç kəsə heç vaxt başucalığı gətirməz.

ABŞ ədalət axtarırsa, NATO ortağı Türkiyəni 106 il öncə olmamış “soyqırım”da suçlamaq yerinə, KTMT üzvü Ermənistanın 29 il öncə törətdiyi təkzibolunmaz Xocalı soyqırımını tanısın. Həqiqətin bir üzü, bir adı var: I Dünya müharibəsi zamanı çətin döyüş ortamı, daxili çəkişmələr, aclıq və xəstəliklər üzündən çox sayda türk, erməni və digər millətlərə mənsub insanlar həyatını itirib. Üstəlik, ermənilər onları himayə etmiş xalqa, dövlətə xəyanət edərək, onları silahlandıran yadellilərlə birləşib, dinc əhalini qırıb, körpələri, qocaları, xəstələri işgəncə ilə öldürüb.

Beləliklə, ABŞ Prezidentinin məqsədi faktların obyektiv araşdırılmasıdırsa, o zaman, zəhmət çəkib, hansısa siyasi çıxarlara görə tarixi gerçəkliyi təhrif etməməli, tarixi tarixçilərin öhdəsinə buraxmalıdır. Türkiyə öz arxivlərini açmağa hazırkən, Ermənistanın öz arxivlərini bu mövzuda qapalı tutmasının səbəbi öyrənilməlidir.

Aydındır ki, rəsmi İrəvanın Baydenədək gedib çıxan çirkin siyasətinin arxasında məqsəd olmamış “soyrım”a görə Türkiyədən təzminat almaq, necə deyərlər, ölüdən pul qazanmaqdır. Guya üç dənizədək (Ağ dəniz, Qara dəniz, Xəzər dənizi) uzanmış xəyali “böyük Ermənistan” avantürasından ayılmamış Ermənistanın dünyanı onilliklər boyu “soyqırım” mövzusunda zinhar etməsi Türkiyədən torpaq qoparmaq qaraniyyətinə bağlıdır. Özü tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistanın torpaq iddialarının necə fəlakətlər törətdiyini biz yaxşı bilirik. Ermənistanın, dünya erməniliyinin tarixi faktları saxtalaşdırması, əsassız iddialar üzərində gələcək inşası təkcə Türkiyəyə və Azərbaycana qarşı olmayıb, bütün qonşulara qarşı yönəlib. Gürcüstanda Axalkələki bölgəsinə açıq-gizli iddialar irəli sürən erməni cəmiyyətinin, orada Gürcüstan dövləti üçün siyasi-milli, etnik təxribatlar üçün hər cür zəmin hazırladığı sirr deyil. Hələ 1918-ci ildə indiki İran ərazisində də soyqırım aktları törətmiş ermənilərin bu hərəkətləri nə üçün etdiyi aydındır: yerli əhalini didərgin salıb, öldürüb, yeni ərazilər əldə etmək...

Böyük tədqiqat mərkəzləri, nüfuzlu universitetləri, dünyanın dörd tərəfində səfirlikləri, konsulluqları, vətəndaş cəmiyyəti institutları və s. olan ABŞ bizim vurğuladığmız məqamlara vaqifdir, əlbəttə. Əlbəttə, bilə-bilə yalan danışmaq tarix qarşısında, gələcək nəsillər qarşısında böyük mənəvi məsuliyyət yaradır. Yalnız gələcək nəsillər deyil, bugünkü nəsillər – tərəqqipərvər bəşəriyyət, ədalətli cəmiyyətlər, vicdanlı insanlar, haqsevər dövlətlər bu ədalətsizliyi qınayır, qəbul etmir. Türkiyəyə iftira atmaq, əslində, ABŞ-ın köklü maraqlarına, ABŞ-Türkiyə strateji tərəfdaşlığının ruhuna zidddir. İlk növbədə ABŞ-ın vətəndaş cəmiyyəti institutları, ziyalılar, qanunvericilər bu yanlışdan dönmək çağırışları ilə çıxış etməlidir.

Azərbaycan bədnam “24 aprel bəyanatı”nın verildiyi andan etibarən, dövlət-xalq birliyi və qardaşlıq ruhu ilə haqsızlığı qınayıb, qardaş ölkəyə birmənalı dəstək nümayiş etdirib. Co Baydenin bədnam bəyanatının həmən ardından Azərbaycan Respublikasının Prezident İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı qınayıb.

Belə bəyanat vermə qərarının yanlış olduğunu qeyd edən, onu tarixi səhv adlandıran Prezident İlham Əliyev Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb.

Azərbaycan Prezidenti haqlı olaraq vurğulayıb ki, Baydenin bəyanatı regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurur.

Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Aprelin 24-də həmçinin Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop arasında, xarici işlər nazirləri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan hər iki telefon danışığında da ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat qınanıb. Qardaş ölkələrin spikerləri, xarici işlər nazirləri bədnam bəyanatın qəbuledilməzliyini ifadə edərək, region dövlətləri arasında sülh və hərtərəfli əməkdaşlıq üçün ümidlərin yarandığı dönəmdə belə bəyanatların bu ümidlərin üstündən qara xətt çəkməyə xidmət etdiyini söyləyib.

Məmnunluqla vurğulamalıyıq ki, respublikamızda fəaliyyət göstərən 48 siyasi partiya da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirərək, xüsusi bəyanatla çıxış edib. Bəyanatda Türkiyənin haqlı mövqeyi birmənalı müdafiə olunaraq, xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyi qətiyyətlə pislənilib: “Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir”.

Eyni mövqeni Milli QHT Forumunun bəyanatında, ayrı-ayrı vətəndaş cəmiyyəti institutlarının, nüfuzlu ziyalıların açıqlamalarında, mətbu çıxışlarında da görə bilərik.

Beləliklə, Azərbaycan Prezidenti başda olmaqla dövlətimiz, xalqımız, cəmiyyətimiz rəsmən və qəlbən qardaş Türkiyənin yanında olduğumuzu bir daha sübut etdi. Türk Şurası, Türk Akademiyası, TÜRKSOY, TürkPA, Türk Mədəniyyəti və İrsi Fondu rəhbərliyi də Baydenin bəyanatından narahatçılıq və Türkiyəyə dəstək ifadə edib.

Türkiyə belə sınaqları çox görüb və sübut edib ki onu haqsızlıqla barışdırmaq mümkün deyil! Türk dövləti və xalqı heç şübhəsiz “Bayden bəyanatı”ndan sonrakı dönəmdə də öz əzmkarlığı və yenilməzlik ruhu ilə seçiləcək! “Bayden bəyanatı”ndan itirən Ermənistan və havadarları olacaq.

Qənirə Paşayeva