Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

7 Aprel 2023 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

ADAM

Yenə ağlımdan keçdin, gözləri şeir adam,

Dəyişdi abu-havam, nəfəsi ətir adam.

Sevgimi yağır göydən, islanmısan lap tamam,

İslanmaq da gözəldir, götürmə çətir, adam.

***

Yenə yadıma düşdün, qaranlıq düşən kimi,

Yenə bir dilək tutdum, ulduz sürüşən kimi.

Bəxş etdiyin fərəhlə qəlbim görüşən kimi,

Hislərim dastan olur, yerişi sətir adam.

***

Yenə xəyalın gəlib gözlərimdə dincəlir,

Röyalar ərşə çıxır, görsə xəyalın gəlir.

Saatın əqrəbləri ömrümün bağrın dəlir,

Vüsalı məlhəm təki özünlə gətir, adam.

SƏNSİZ SƏNƏ YAZIRAM

Gözlərimin buludlara dolmağı,

Yağışlara yağmağı öyrətdiyi

Günlərdə yazıram sənə.

Gözlərim çəkən yollarda,

Səni gəzib azıram yenə.

Küləklərdən dilənirəm qoxunu.

Elə atmısan ki, zalım həsrətin oxunu,

Gündüzlərimdən Günəşi,

Gecələrimdən Ayı parçalayıb, töküb yerə.

Dualarım da çatmır ulu göylərə,

Ki, görəydim səni barı bir kərə.

Xatirələr xatırlanıb şeir olur,

Gecələrim uzanıb ömür olur.

Darıxanların içdiyi su da zəhər olur.

Ağı deyir qəlb atışım,

Nakam ölən sevincimə, ümidimə.

Bu qosqoca təkliyimi,

Öldürtmək istəmirəm səndən özgə birinə.

SƏN GEDƏNDƏN

Yağışın səsində gizlənmişdim,

“Getmə, qal” deyə-deyə.

Qan ağlayır xatirələr,

Başım daşdan-daşa dəyə-dəyə.

Üzü ağ bəndələrin qara olur bəxtləri,

Görən niyə?

Alnıaçıq kəslərin bağlıdır bəxtləri,

Yoxdur bəxtəvəri, görən niyə?

Bu boşluqda ötüşən hər an,

Layla deyir bəxtimə.

Bəxtim körpə kimi,

Boşluğun beşiyində yatır.

Səs də etmə, Tanrım, incimə.

Ha bağırdım, ha oxudum zümzümə.

Yatmış bəxtim kar imiş, sən demə.

Gündüzlər gözlərim çəkən yollarda,

Gecələr xəlvətcə qaçır yuxular.

Xəyalın gözümə dəyib qaçanda,

Dağıdır fikrimi o ki, var.

Yığa da bilmirəm.

Sən gedəndən,

Yaman pinti biriyəm.

Müəllif: Aynur Haqverdi

Hazırladı İsa Ravan