Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD CƏFƏR PİŞƏVƏRİ 1. Yazı

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD CƏFƏR PİŞƏVƏRİ 1. Yazı

30 Sentyabr 2019 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Güney Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində əkinçi ailəsində dünyaya gələn Seyid Cəfər Pişəvərinin (1892-1947) valideynləri 1905-ci ildə Bakıya köçdükləri üçün, o, təhsilini bu şəhərdəki “İttihad” və “Darül-müəllimin” mədrəsələrində almışdır. Pişəvəri özü də, çox keçmədən müəllim olmuş, ərəb, fars dillərindən və İslamın tarixi fənnindən dərs demiş, ilk dövrlərdə maarifçi-demokratiyaya meyilli olmuşdur. 1917-ci il fevral burjua inqilabından sonra milli-demokratiya ilə boşevik sosial-demokratiyası arasında tərəddüd edən Pişəvəri Oktyabr iniqlabının da təsiri ilə get gedə Azərbaycan Milli hərəkatının lideri, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin ideyalarından bir qədər uzaqlaşaraq, başda Nəriman Nərimanov olmaqla sosial-demokratlarla əməkdaşlıq etmişdir. Əkrəm Rəhimli yazır: “Əvvəllər M.Ə.Rəsulzadənin məqalələrindəki məsləkə köklənən, “Açıq söz” qəzetində yazılarını çap etdirən S.C.Pişəvəri sonrakı illərdə N.Nərimanovun mövqeyinə keçir. İranın azadlıq və qurtuluşu üçün Moskvaya, sovetlərə ümid bağlayır”. Doğrudan da, o, Bakıda nəşr olunan “Azərbaycan cüze layənfək İran” (İDP-nin orqanı), “Ədalət”, “Əncümən”, “Həqiqət” və digər qəzet-dərgilərdəki yazılarında sosial-demokrat ideyalarını təbliğ etmiş, sosial-demokrat yönlü “Ədalət” və “İran Kommunist Partiyası”nın üzvü olmuşdur. Həmin dövrdə Pişəvəri bir sosial-demokrat olaraq inanırdı ki: “Mənim xalqımın, vətənimin nicatı və səadəti Rusiya inqilabçılarının istədikləri rejiminin bərqərar edilməsindədir. Rusiyada Leninin iftixarlı zəfər bayrağından başqa ayrı bir bayraq dalğalanarsa İranın istiqlalı və azadlığı həmişə təhlükə qarşısında qalacaqdır”. Qeyd edək ki, Pişəvəri 1919-1920-ci illərdə sosial-demokrat “Ədalət”in liderlərindən biri olmuş, eyni zamanda həmin təşkilatın “Hüriyyət” adlı qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən süquta uğradıldıqdan sonra (1920, 27 aprel) “Ədalət” AKP-yə birləşdirilmiş, daha sonra Pişəvəri başda olmaqla “ədalət”çilərdən böyük bir qismi Qacarlarda baş qaldırmış sosial-demokrat yönlü Cəngəli hərəkatına qoşulmuş, çox keçmədən yeni yaradılmış (1920, 9 iyun) Gilan hökumətində məsul vəzifə tutmuşdur. İKP-nin 1920-ci ilin iyunda Rəştdə keçirilmiş ilk qurltayında Mərkəzi Komitəyə seçilən Pişəvəri Cəngəli hərəkatı uğursuzluğa düçar olduqdan az sonra (1921-ci ilin əvvəlləri) Tehranda “Həqiqət” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. O, 1921-1923-cü illərdə “Həqiqət”də dərc olunmuş “İqtisadi əsarət”, “Dünya fəhlələrinin inqilabı”, “İranda ideoloji inqilab”, “Səfalət hardandır?”, “Vahid cəbhə”, “Paris kommunası” və digər məqalələrində “İran” xalqlarını əsarətdən qurtarmaq yollarından bəhs etmişdir. O, bu dövrdə ümid edirdi ki, Əhməd şah Qacardan sonra onun yerini qeyri-qanuni tutan Rza Mirpənc demokratik islahatlar aparacaq. Şübhəsiz, Pişəvərinin bu ümidləri özünü doğrulda bilməzdi. Qeyd edək ki, həmin dövrdə eyni ümidləri M.Ə.Rəsulzadə də bəsləmişdir. Ancaq ingilislərin maşası olan Rza Mirpəncin havadarlarının maraqları ilə hərəkət etdiyi bəlli idi. Rza Mirpənc özünü ilk dövrlərdə zahirən demokratik göstərsə də, əslində başqa çirkin niyyətlər güdürdü. Pişəvəri də məhz həmin çirkin niyyətin qurbanı olaraq 1929-1940-cı illərdə Qəsri-Qacar həbsxanasında dustaq həyatı yaşamağa məcbur olmuşdu. O, 1941-1945-ci illərdə Güney Azərbaycan Milli hərəkatının liderlərindən biri, çox keçmədən də lideri sifəti ilə meydana çıxıb. Eyni zamanda, o, bu dövrdə Tehranda nəşr olunan “Ajir” (“Xəbərdarlıq”), Təbrizdə işıq üzü görən “Azərbaycan” qəzetlərinin əsas yazarlarından biri idi. O, 1941-1945-ci illərdə sosial-demokrat (kommunist) yönlü İran Xalq Partiyasının (İXP) üzvü olsa da, artıq daha çox milli demokrat mövqeyi ilə tanınmışdır. Ə.Rəhmliyə görə, Pişəvəri hələ, həbsxanada olarkən radikal “solçuluq”dan (kommunizmdən) yan qaçmış, həbsxanadan çıxdıqdan sonra “sağ” və “sol” qüvvələr arasında orta mövqe tutmağa çalışmışdır. Təbrizdən 14-cü Məclisə millət vəkili seçilməsinə baxmayaraq, irançıların (istər Tehran hökuməti, istərsə də İXP daxilindəki) ikibaşlı oyunları nəticəsində deputat mandatını ala bilməyən Pişəvəri, bu hadisədən sonra Azərbaycana-Təbrizə dönmüşdür. 1945-ci ildə Azərbaycan Demokratik Firqəsini (ADF) yenidən bərpa edən Pişəvəri, həmin ilin dekabrın 12-də (21 Azər hərəkatı) Təbrizdə yaranan Azərbaycan Milli hökumətinin dövlət başçısı, baş naziri statusunu daşımışdır. Azərbaycan Milli hökuməti devrildikdən (1946-cı il 12 dekabr) az bir müddət sonra Pişəvəri Quzey Azərbaycana gəlməyə məcbur olub, çox keçmədən də 1947-ci ilin iyun ayında Gəncə-Yevlax yolunda baş verən avtomobil qəzasından sonra yerləşdirildiyi Yevlax xəstəxanasında müəamalı şəkildə vəfat edib. Pişəvərinin ictimai-siyasi görüşlərində istər sosial-demokrat, istərsə də milli-demokrat kimi olsun, əsas məsələ Azərbaycan xalqının milli oyanışı və milli özünüdərk məsələləri olmuşdur. Biz bunu, onun həm “Zindan xatirələri”ndən, həm də 1940-1947-ci illərdə qələmə aldığı yüzlərlə məqalələrindən görürük. “Zindan xatirələri”ndə Pişəvəri yazırdı: “Axı insan ictimai bir varlıqdır. O, ağac, daş və ya kərpic deyil. O, danışmaq, zarafat etmək, dərdləşmək, kitab oxumaq, çay içmək, papiros çəkmək istəyir. O, öz yoldaşları və tanışları ilə ünsiyyətdən ləzzət almaq, faydalı bir şəxs kimi cəmiyyətin tərəqqəsi yolunda çalışmaq istəyir. O, işləyib balaları üçün həyat şəraiti yaratmaq istəyir. Bütün bu adətləri birdən-birə yaddan çıxaramaq heç də asan iş deyil. Həmahəng, məqsədsiz və yorucu həyata heç də aylar və illərlə dözmək olmaz”. Pişəvəri hesab edirdi ki, Azərbaycan xalqı 20-ci əvvəllərindən başlayaraq Milli azadlıq hərəkatının yeni bir mərhələsini yaşamaqdadır. O, zərrə qədər də olsun şübhə etmirdi ki, Səttarxanın başçılıq etdiyi məşrutə hərəkatı Milli azadlıq yolunda çox mühüm bir mərhələ olmuşdur. 1945-ci ilin avqustunda Səttarxanın qəbri üstə təşkil olunmuş mitinqdəki nitqində Pişəvəri deyirdi: “Azərbaycanlı hiss edirdi ki, onun vətəni, mədəniyyəti və milli şəxsiyyəti vardır. Bunları qoruyub saxlamalıdır. O, anlayırdı ki, özbaşınalıq üsul-idarəsi, zorakılıq, quldurluq rejimi həmin böyük arzu qarşısında mane təşkil etmişdir”. Təbriz başda olmaqla Azərbaycanda Səttarxanın başçılıq etdiyi məşrutə hərəkatı zamanı Məhəmməd Əli şah Qacarın yanında yer almış Gilan əyalətindən Sipəhdarın, Bəxtiyarilərdən Sərdar Əsədin, erməni daşnaklarından Yefremin və başqalarının az sonra şaha xəyanət edərək “İran”, “iranlılıq” adlı maskaya bürünmüş farsdilli “məşrutəçilərə” qoşulması İngiltərə ideoloqları tərəfindən öncədən planlaşdırılmışdı. Səttarxanla Məhəmməd Əli şah Qacarın ingilislər tərəfindən oyuna gətirilərək üz-üzə qoyulmasına şübhə etməyən S.C.Pişəvəri sonralar bu məsələ ilə bağlı yazırdı: “Bu heç də aydın deyil ki, Yefremin dəstələri İranın azadlığı və istiqlaliyyətinə sərdare-millinin (Səttarxanın – F.Ə.) mücahidlərindən daha çox əlaqə bəsləsinlər. Yaxud Bəxtyari xanları mərkəzi hökuməti qvvətləndiməkdə Təbriz və Tehran azadixahlarından daha irəlidə olsunlar. Burada bir çox incəliklər var. Həmin incəliklər Azərbaycan mücahidlərinə əlaqə bəsləyənləri tarixçilərin, qəzetçilərin yazıları, xüsusilə klassik tarix kitablarından şübhələndirir”. Qacarlardakı bir çox Türk aydınlarının, dövlət xadimlərinin (Həsən Tağızadə, İbrahim Həkimi, Əhməd Kəsrəvi və b.) “İran”, “İranlılıq” ideolojisinin təsiri altına düşmələri də, sonuncu Azərbaycan Türk imperiyasının tənəzzülündə müəyyən rol oynadı. Pişəvəri yazır: “Ə.Kəsrəvinin əqidəsinə görə o vaxt Məhəmmədəli Mirzə Bağşah dəstgahı qurub azadixahları asdırıb-kəsdirilməsinə nail olanlardan biri də həmin Həkimül-mülk (İbrahim Həkimi-F.Ə.) ilə Həsən Tağızadə və başqa azərbaycanlı nümayəndələrinin azadlığa qarşı laqeydliyi və xainanə rəftarı olmuşdur. Kəsrəvi, Tağızadəni o zaman çar Rusiyası səfirinin dilindən yalan söyləməkdə də ittihamlandırır. Məhəmmədəli Mirzənin məşrutəni pozmasına bəraət qazandırmağa çalışır. Kəsrəvinin yazılarından hiss olunur ki, Tağızadə ingilis səfirliyi ilə bağlı olduğundan onun bir işarəsi ilə məclisi tərk edib qaçmış, Məhəmmədəli Mirzə ilə azadixahların müqavimətini sındırmaqda iştirak etmişdir. Həkimi isə Tağızadə kimi hərəkət edərək, azadlıq meydanında bəzən özünü ondan da mühafizəkar bir adam kimi göstərmişdir. Ona görə məşrutə dövrünün bəlli-başlı dövlət adamları sırasına keçməyə müvəffəq olmuşdur”. Pişəvəri demək istəyirdi ki, Qacarlar dövlətinin süquta uğramasında və milli qüvvələrin məhvində ancaq fars millətçiləri deyil, eyni zamanda sapı özümüzdən olan baltalar, yəni azərbaycanlı kəsrəvilər, tağızadələr, həkimilər və başqaları da az rol oynamamışlar. Məşrutə hərəkatında Səttarxana və Bağırxana, Xiyabani hərəkatında Xiyabaniyə ən ağır zərbə vuranlar arasında da, artıq irançılığa xidmət edən tanınmış azərbaycanlar heç də az olmayıblar. Bu baxımdan Səttarxanın Tehrana (daha çox da Tehrandakı həmvətənlərinə), Xiyabaninin müşavirlərinə (yəni öz həmvətənlərinə) inanması onların faciəli sonluğu ilə bitmişdir (Yeri gəlmikən, Pişəvəri də Mir Cəfər Bağırov kimi kommunist həmvətənlərinə inamının qurbanı olmuşdu). Pişəvəriyə görə, bu gün də Azərbaycan adını, onun muxtariyyətini eşitmək istəməyən fars şovinistləri qədər, irançılıq ideolojisinə qapanmış azərbaycanlılar da vardır. Həmin antiazərbaycançılar da bu məsələ də qanuna hörmətdən və ona əməl etməkdən bəhs edirlər. Pişəvəri yazırdı: “Mənim vətənsevər tanıdığım şəxslərdən biri deyirdi ki, sən nitqlərinin birində qanuna ehtiram edib, ona tabe olmaqdan bəhs etmişdin. Mən bunu inkar etmirəm. qanun möhtərəmdir. Qanunsuz bir ölkədə ədaələt, əmniyyət, insaniyyət ola bilməz. Amma qanun hər iki tərəfdən möhtərəm tutulmalıdır. Fransa inqilabının böyük mütəfəkkiri Jan Jak Russo özünün məşhur əsərlərindən birində belə deyir: “Razılıq ikitərəfli olamlıdır. Əgər o, bir tərəfdən pozulsa, ikinci tərəf ona tabe olmağa məcburi deyildir”. Russonun nəzərində qanunlar xalq ilə dövlət arasında qarşılıqlı razılaşmadan, qərardan başqa şey deyil. İndi bizim hökumətimizin (Tehran hökuməti – F.Ə.) başında duranlar məclisimizin əksəriyyətini təşkil edənlər özlərinin çıxardıqları və yazdıqları qərarları pozub ayaq altına salmışlar. Ona görə biz o qanunları ləğv edilmiş hesab etməyə məcburuq”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

Faiq Ələkbərli (Qəzənfəroğlu)

Oxuməni.az