Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

8 Dekabr 2020 10:17
Bəyəndim (1) Bəyənmədim (0)

Həsən Kür

( Həsən Kür Qarabağ uğrunda başlanan Vətən müharibəsinin ilk günündən savaşa qatılıb və hal-hazırda da ön cəbhədədir. Allah bütün əsgər və zabitlərimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun!)

ŞƏHİD QIZI

( Atamı gözləyirəm)

- Qızım, sənin adın nə?

- Mənim adım Qərənfil.

- Gözünə qurban olum,

darıxırsan elə bil.

- Atamı gözləyirəm.

- Atan hardadır məgər?

- Müharibəyə gedib;

o, döyüşür gecələr.

- Nə vaxt gedibdir atan;

gecikdiyi çoxdurmu?

- Çoxdur, əmi can, çoxdur.

- Ananın da atandan

bir xəbəri yoxdurmu?

- Anam indi işdədir.

- Qızım, harda işləyir?

- Anam çox mehribandır,

yarpaqları çox sevir.

Səhərdən-axşamacan

onları təmizləyir.

- Yaxşı, mehriban anan,

atandan bir söz demir?

- Demir, əmi can, demir.

Daha yollara baxmır,

daha onu gözləmir.

Mən dünən çox ağladım,

Gecə yatmazdan öncə.

Anamın nə etdiyin,

İzləyirdim gizlicə.

Atamın divardakı

şəklini qucaqlayıb,

belə deyirdi, əmi:

“Mən necə böyüdəcəm,

Atasız bu yetimi”.

VƏTƏN

Vətən sənə ana dedim,

Oğul desən nə xoş mənə.

Başımı qoyum sinənə,

Dərdlərini danış mənə.

Soydular cansız dərini,

Tutmadılar əllərini.

Ağartdılar tellərini,

Üzün gəlmir taniş mənə.

Bu can üstündə baş hanı?

Vurdular hər savaşanı.

Oğlun Laçını, Şuşanı,

Göstər qarış-qarış mənə.

Qədrini özgəsi bilməz,

Göz yaşını görən silməz.

Qorxma, məndən ziyan gəlməz,

Qayna mənə, qarış mənə.

Korladılar əhvalını,

Uzatdılar işğalını.

Aç qolunun qandalını,

Muştuluq ver bu qış mənə.

BİZİM AİLƏ

Mən kasıb bir adamam, şərəfli bir atayam;

böyük oğlum əlildir,

Kiçik oğlum cənnətin bəxtəvər sakinidir,

iyirmi yeddi ildir.

Bir oğlum da var mənim , dili qılıncdan iti,

“azadlıq məşəlidir”.

Küçənin ortasında qollarını bükdülər,

dedilər ki, dəlidir.

Həyatımın yoldaşı hər yeri qara görür,

gözünün ağı yoxdu.

Qayğımızı çəkməyə kor yoldaşımdan özgə,

qadın xeylağı yoxdu.

Qınamıram heç kəsi, əlilə kim can deyər,

kora kim gəlin olar?

İnanmıram, nə vaxtsa pis gün çəkilib gedər,

arzularım çin olar.

Eh, nə günlər görmüşük,

vaxt olub ki, bayırdan soyuq olub ev-eşik.

Vaxt olub ki, bir tikə çörəyə möhtac olub

yuxuya ac getmişik.

Hərdən fikirləşirəm, bu yarımcan ömrümün,

yetmişdən çox yaşı var.

Ölsəm necə olacaq?

Bunun ehsanatı var, bunun qəbir daşı var...

Barışıb tale ilə, barışıb qismət ilə,

boyun əysək də aha,

Amma yenə deyirik,

Şükür olsun Allaha!

Şükür olsun Allaha!

Xalidə Abdullayeva

GARABAG

Axır ki, millətimin,

Bitdi vətən həsrəti.

Biz haqqın yolundayıq,

Qorxumuz yoxdur qəti.

İlhamla irəlilədi,

Bizim şanlı ordumuz.

Düşməndən azad oldu,

Əsir qalan yurdumuz.

Qurtuldu yad əllərdən,

Mənim ana torpağım.

Şuşada dalğalanır,

O üçrəngli bayrağım.

İndi gəzə bilərik,

Alnı açıq, üzü ağ.

Azadlığa qovuşdu,

Doğma yurdum Qarabağ!

SƏHİD OLDU

Qərib eldə əlim çatmır, ünüm yetmir,

Ağır gündə gözlərimə yuxu getmir.

Nə çəkirəm, nə edirəm pünhan, xəlvət, kimsə bilmir,

Vətənimin daşı ağlar, mərd oğullar şəhid oldu.

Torpağımdan məğrurluğun ətri gəlir, fəxr edirəm,

Mübarizdən danışıram, Poladımdan bax dinirəm.

Üç rəngli bayrağımı duyub qürurla deyirəm,

Candan keçdi, vətənimçün igidlərim şəhid oldu.

Xalidənin bağrı qandı, anaların fəryadına,

Oğullarım döyüşdükcə ucaldı şəhid adına.

Mən qurbanam vətənimin qürurlu hər övladına,

Son anında, son canında qardaşlarım şəhid oldu.

AZƏRBAYCANIM

İlhamla irəli, zəfər bizimdir,

Qarabağ tükənməz, bitməz sözümdür.

Biz məğrur millətik, vətən gözümdür,

Yaşasın el-obam, Azərbaycanım!

Ölmək var, geriyə dönmək əsla yox,

Erməni köksünə saplanacaq ox.

Şanlı ordumuzla fəxr edirik çox,

Yaşasın el-obam, Azərbaycanım!

Vətənin igidi, mərd oğulları,

Mübariz, Poladtək keçər yolları.

Qəhrəman, hünərli, zəfər qolları,

Yaşasın el-obam, Azərbaycanım!

Tezliklə bitəcək Vətən həsrəti,

Qorxutmaz bizləri top, raket qəti.

Deyirəm sizlərə mən həqiqəti,

Yaşasın el-obam, Azərbaycanım!