Poeziya buketi, nəğmə çələngi

Eyyub Xəyal
QAZİ
Rahat həyatımı verib birinə,
Alovlu qanıma barıt qatmışam.
Soyuq səngərlərdə güllə yerinə,
Mən, tətiyi çəkib, ömrü atmışam.
Əcəldir açılan atəşin adı,
Azərbaycan bütöv görünsün deyən.
Bədənimi hissə-hissə doğradı,
Xəritənə calaq eylədi vətən.
Sinəmdə yer edib, ucaldıb göyə,
Dibini suvarıb, bayraq əkmişəm.
Azadlığa çıxa biləsən deyə,
Damarımdan sənə yollar çəkmişəm.
Adım nə yazılıb vətən daşında?
Qəlbimdi sinəmdə heykələ dönən.
Eh, İlahi, əlli doqquz yaşında,
Bir ayaqla gəzmək öyrənirəm mən.
Ömrü bir ayaqla gəzib doymuşam,
Ruhum xəritədir, bədənim ölkə.
Ayağımı kəsib toxum qoymuşam,
Yenidən kök atdım, cücərdim bəlkə.
VƏTƏN SAĞ OLSUN
Köçdü bu dünyadan onun Tanrısı,
Oğlu qanından rəng verdi bayrağa.
Ağappaq saçından asıb özünü,
Ana övladını bükür torpağa.
Sizi aldatmasın onun fəryadı,
Ağlamır ki, ahı ucalsın göyə.
Torpağı yumşaldır göz yaşı ilə,
Oğlu daha rahat uyusun deyə.
Oğlunun ətrini torpaqdan alıb,
Üst-başına torpaq yaxarmış, Allah.
Ağlıma gəlməzdi, bir ana ucun,
Torpaq belə övlad qoxarmış, Allah.
Övladına gecə işıq tutarmış,
Əsgər anasının ürək aynası.
Bizə bəlli etməz, görmərik, amma,
Torpaq-torpaq ölər şəhid anası.
Günəş doğur, şəhid gəlir dünyaya,
Kimdir bu məzarın bəxtinə düşən?
Sanki sərhədlərdən, torpaqdan deyil,
İnsan sümüyündən düzəlib vətən.
Sərhədi qanıyla çəkənlər üçün,
Gərək məşəl kimi yanasan, vətən.
Belə qəddar olma övladlarına,
Axı sən, axı sən anasan vətən!
Ana dediyimiz bu torpaqlardan,
İstəmirəm yeni şəhid doğulsun.
Gözlərinə baxıb necə deyəsən,
Ey şəhid anası, vətən sağ olsun?!
UCADAN SUSMAQ
Gələn hər insanın bir gedişi var,
Gediş yolunu da gəlişlər seçir.
Sənin ürəyinə aparan yollar,
Mənim ayağımın altından keçir.
Gözünün yaşını niyə silirsən?
Göz yaşı övladdır, gözlər anadır.
Ucadan susmuşam, amma bilirsən,
Sakitlik özü də bir fırtınadır.
Gündüzün üstünə sərdim gecəni,
Dünya gözlərintək qaradır yenə.
Gedişin öldürə bilmədi məni,
Daha nə möcüzə göstərim sənə?
Ağlımla qəlbimin tən arasında,
Dartılıb, dartılıb qırılmışam mən.
And olsun ki, “sənlə” “mən” arasında?
Gedib-gəlməkdən də yorulmuşam mən.
Arxanca da gəlməz, son əsirindir,
Ayağının izi yanından ötər.
Məsafə var imiş, bilirəm indi,
Bizim aramızda sənlə mən qədər.
Yeni başlanğıcdır bizim axır da,
Ayrılmışdıq mənə gəldiyin gündən.
Gedişin xatirə qalmasın burda,
Götür bədənini, çıxıb get məndən

Gül Maya Feyruzqızı
BÖYÜK QƏLƏBƏ
Qartal qanad çalır zirvə başında,
Könüllü açılıbdı dağın, daşından.
Vətən torpağının hər qarışında,
Böyük qələbənin qoxusu gəlir.
Çoxdur bu torpağın vəfadarları,
Uca saxlayıblar namusu, arı.
Açıb qucağını vətən yolları,
Böyük qələbənin qoxusu gəlir.
Duyğular qəlbimdə alışdı köz-köz,
Sevinc yaşlarını bax ələyir göz.
Mayanın dilində çiçəkləyir söz,
Böyük qələbənin qoxusu gəlir.
QƏLƏBƏN MÜBARƏK, VƏTƏN!
Ürəyə məlhəmdir ana laylası,
Döyüşən hər oğul qartal balası.
Zəfər içindədir Şuşa qalası,
Şuşalı günlərin mübarək, Vətən!
Həzin nəğmə deyir İsa bulağı,
Sevinc bürüyübdü dərəni, dağı.
Qoy gözün üstünə üçrəng bayrağı,
Şuşalı günlərin mübarək, Vətən!
Natəvan qəzəli telin darayır,
Vaqifin qoşmasi xoş ovqat yayır.
Həsrətli günlərdən ömrünü ayır,
Şuşalı günlərin mübarək, Vətən!
Vüsal örpəyinə bürünüb yollar,
Sarılıb boynuna həsrətli qollar.
Bu yurdun Ali Baş Komandanı var.
Şuşalı günlərin mübarək, Vətən!
ANA ÖYÜDÜ
Hünərlə düşmənin köksünü dağla,
Ona aman vermə, yolunu bağla.
Qeyrət qılıncını ovxarlı saxla,
Vətəni anatək qoru sən, oğlum.
Yandır yurd yerində sönən ocağı,
Sevinsin torpağın qoynu, qucağı.
Yetişib ömrünün müzəffər çağı,
Vətəni anatək qoru sən, oğlum.
Səngərdə ayıq ol, döyüşdə sərt ol,
Ömür yollarında həmişə mərd ol.
Üzü qələbəyə uzanır bu yol,
Vətəni anatək qoru sən, oğlum.






























































































