Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

17 Dekabr 2020 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Yetim Qacar

GÖZÜN AYDIN

Şuşa azad olundu, Şuşaya geri döndük,

Millətim, gözüm aydın, a yurdum, gözün aydın.

Əllərindən öpərəm, bayraq taxan igidim,

İgidim, gözüm aydın, ay ordum, gözün aydın.

Qartal döndü zirvəyə, sar da yerini bildi,

Tülkü sivişib qaçdı, Bozqurdum, gözün aydın.

İllərdi gözləmişik, əllərimiz duada,

Sabaha xoş ümidli bu günüm, gözün aydın.

Duamızın eşqinə kəramət var PUA da,

İllərdi həsrət çəkən a dünüm, gözün aydın.

Bu xalqın qələbəsi, bir əl açdıq duada,

A Tatım, gözün aydın, Udinim, gözün aydın.

Nə qədər səbir elədik, səbir oldu balışım,

Daha qalxdıq ayağa, balışım, gözün aydın.

İndi haqqım var dinim, haqqım çatır danışım,

Dostum, bacım, qardaşım, tanışım, gözün aydın.

Sizlə birgə savaşım, sizlə birgə barışım,

A ləzgim, gözün aydın, Talışım, gözün aydın.

Döndüm yenə yuvama, mən yenə yuva qurdum,

Mən bu vətən eşqinə nə qurdum, gözün aydın.

Kimə nə sual etdim, bu gün kimdən nə sordum,

Nə sordum cavab eyni, nə sordum, gözün aydın.

Daha yaxından yaxın, Laçın sevimli yurdum,

Avarım, gözün aydın, a Kürdüm, gözün aydın.

Sən kimə güvənirdin, bu gün meydanda təksən?!

Biz çox dedik dığaya de, olsun sözün aydın.

Bu millətə bilmədin gec-tez diz çökəcəksən?!

Vətənim, pirim mənim, ocağım, közün aydın.

Azərbaycan, bir dəstə ayrılmayan çiçəksən,

Albertim, rahat uyu, Yəhudim, gözün aydın.

Bütöv vətən sevinir, bu millətin şad günü,

Əlincəm, gözün aydın, ay Ərkim, gözün aydın.

Bu gün Şuşa yurdumun işğaldan azad günü,

Dünyaya bu mesajın a körküm, gözün aydın.

Bu Türkün doğuluşu, bu gün Türkün ad günü,

Yetim Qacar deyir ki, a Türküm, gözün aydın.

Şuşa azad olundu Şuşaya geri döndük,

Millətim, gözüm aydın, a yurdum, gözün aydın.

Əllərindən öpərəm, bayraq taxan igidim,

İgidim, gözüm aydın, ay ordum, gözün aydın.

Qartal döndü zirvəyə, sar da yerini bildi,

Tülkü sivişib qaçdı, Bozqurdum, gözün aydın.

DÖZMƏZ ÜRƏYİM

Şad xəbər gəlibdir, ustadan deyin,

Adı tez deməyin, bezməz ürəyim.

Mənə o xəbəri astadan deyin,

Qəfil Şuşa desəz, dözməz ürəyim

Oturum masaya, siz onda deyin,

Mənə ən aşağı bir tonda deyin.

Aldada, aldada lap sonda deyin,

Qəfil Şuşa desəz, dözməz ürəyim.

Cümləni deməyin, avtomat kimi,

Sözlər yürüməsin dildə at kimi.

Deyin lap əvvəlcə, zarafat kimi,

Qəfil Şuşa desəz, dözməz ürəyim.

Görsəz divar durub dalımda, deyin,

Mənə lap xitabtək zalım da deyin.

İçirdib siz, sərxoş halımda deyin,

Qəfil Şuşa desəz, dözməz ürəyim.

Dərədən başlayıb, dağda dayanın,

Qaranı qurtarıb, ağda dayanın.

Soluma baxaraq, sağda dayanın,

Qəfil Şuşa desəz, dözməz ürəyim.

Alıb son tikəmi, vallah yeyin siz,

Toy, büsat paltarı o an geyin siz.

Mənə and içdirib, sonra deyin siz,

Qəfil Şuşa desəz, dözməz ürəyim.

Eşib, eşələyin, sözün yüz qatın,

Araya arada başqa söz atın.

Deyəndə, xəbərə bir az duz qatın,

Qəfil Şuşa desəz, dözməz ürəyim.

Bir də ayaq üstə mən dayanmayım-

Və bir də yuxudan mən oyanmayım.

Siz elə deyin ki, mən inanmayım,

Qəfil Şuşa desəz, dözməz ürəyim.

İndi həyəcanın sarı simiyəm,

Mən daşın önündə şüşə kimiyəm.

Əzrayıl ağzının hazır yemiyəm,

Qəfil Şuşa desəz, dözməz ürəyim.

Şad xəbər gəlibdir, ustadan deyin,

Adı tez deməyin, bezməz ürəyim.

Mənə o xəbəri astadan deyin,

Qəfil Şuşa desəz, dözməz ürəyim.

GƏLİR

Şuşa, dur aç qapıları,

Ordum sənə yurdum gəlir.

Füzulidən mesaj gəlib,

Azad oldum, ardım gəlir.

Yada həddin bildirməyə,

Ya da basıb öldürməyə.

Şuşa bizim, bildirməyə,

Əldə bayraq, ordum gəlir.

Daha düşmən bəxti yatıb,

Yetər daha çox baş qatıb.

Çaqqalların sonu çatıb,

Dərs verməyə qurdum gəlir.

Kim qınayar ordumu, yox,

Azad edir yurdumu, yox?

Dığa silah yardımı yox,

Daha tabut yardım gəlir.

Şuşa, dur aç qapıları,

Ordum sənə yurdum gəlir.

Füzulidən mesaj gəlib,

Azad oldum, ardım gəlir.

Rəbiqə Nazimqızı

ƏSGƏR SEVGİLİYƏ

Dağılıb boyunbağım yollarının üstünə,

Gizləmirəm gözümdən süzülən muncuqları.

Bu dəfə sevinc durur ürəyimin qəsdinə,

Cücərir ürəyimdə ümid tumurcuqları.

Götür, mənim də könlüm səngər-səngər keçəcək,

Düşünmə ki, yalqızam, düşünmə ki, uzağam.

Güllə yağışlarında ümidim göyərəcək,

Güllə yağışlarından doğacaq göyqurşağım.

İndi nə söz vaxtıdır, nə şeir, nə də çiçək,

Gilizlərdən bir çələng hörərsən qayıdanda.

Sənin zəfərin özü mənə şeir deyəcək,

Özüm çiçək dərəcəm ayağının altından.

VƏTƏN

Quruca daş-kəsəyi

doğman bilib,

basarsan bağrına,

Qayasına qardaş deyib,

söykəyərsən çiynini,

başqa heç kəsin

yoxmuş kimi...

Ağrılarını yumruğa bükərsən,

əzabları sıxarsan tətiyə...

Bir az həsrətdən,

bir az sevgidən,

bir az nifrətdən,

təntiyə-təntiyə.

Soruşsalar,

deyə bilməzsən,

nədir.

Vətən adamdı...

Təkcə ana deyil,

atadır,

dostdur, qardaşdı,

sevgilidi, qonşudu,

qohumdu, sənsən,

özünsən.

İndi bütün sevdiyin

adamların adıdı

Vətən...

SONUNCU ƏDGƏR MƏNƏM

Çox böyüdüb saxladım sinəmdəki təmkini,

İçim təzə məzardı, çölüm heykəl soyuğu.

Daha nə yağış, nə qar yuya bilir bu kini,

Qaralır kürəyimdə neçə bıçaq oyuğu.

Öldü ürəyimdəki o barış ilahəsi,

Kim deyir, gözlərimdən hələ də qəm oxunur?

Qısmaq olmur qanımda qisas çığıran səsi,

Nə desəm, top mərmisi, nə yazsam, əmr oxunur.

Qarış-qarış basdırdım ürəyimi torpağa,

Yüz ağac o tərəfdə qazılmış səngər mənəm.

Bəlkə də vaxt qalacaq hələ şair olmağa,

Hələ döyüş bitməyib, sonuncu əsgər mənəm.

Gəlincik xəyalıyla oynayan bir uşaqdım,

Top-tüfənglə yıxdılar təzəcə toy evimi.

Mən dünyaya sevgidən şeir oxuyacaqdım,

Oxuyacam, qaytarın, yerinə qoy evimi...

Hazırladı Isa Ravan