Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

11 Fevral 2021 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Vüsal Qabiloğlu

ÜMİD

Gecələrə sığınmışam,

Nə düşmüsən qaçaq, ümid?

Nəfəs qədər yaxın olan,

Ölüm qədər uzaq ümid.

***

Durma uzaqda xam kimi,

Gözü döymə avam kimi.

Sənə doğma balam kimi,

Mən açaram qucaq, ümid.

***

Sənin üçün vurub-yıxıb,

Bu can artıq çox karıxıb.

Hər gecə bir dağda çıxıb,

Yandırıram ocaq, ümid.

***

Çox ağırdır bu yolların,

Tək əritmək buzun, qarın.

Tut əlindən xəyalların,

Gəl qapıma qonaq, ümid.

***

Gəl bu müşkülə çarə ver,

Mənə səndən “icarə” ver.

Gəlişindən işarə ver,

Tutum yola çıraq, ümid.

***

Səhər-axşam səsləyirəm,

Yoxluğunu pisləyirəm.

Ümidimə bəsləyirəm,

Görürəm ki, nahaq ümid.

ATADAN BƏRK TUT

Atadan bərk yapış, atadan bərk tut,

And ola onuntək dayaq tapılmaz.

Onuntək halından anlayan biri,

Onuntək yoluna çıraq tapılmaz.

***

Atadan bərk yapış, o, tam başqadır,

Həmişə düz yola aparar səni.

Özünü cəhənnəm oduna atar,

Düşdüyün quyudan çıxarar səni.

***

Bir quru nəfəsi, bir quru adı,

Bəs edər, özündə inamın olsun.

Atasız yaşamaq ölməklə birdir,

Lap belə əlli min “adam”ın olsun.

OLMUŞAM

Bu gün dalğalardan sahilə düşən,

Bir ovuc su qədər aciz olmuşam.

Ya da tam tərsinə, tənha bir ada,

Bütün dalğalarla üz-göz olmuşam.

***

Ümidsiz ümidlər kəm baxır cana,

Doğranmış arzular bulaşıb qana.

Xəyallar dağılıb hərə bir yana,

Həyat rəndəsində dümdüz olmuşam.

***

Əhatən olarsa, həyat saz olar,

Küssən, sifət etsən, adı naz olar.

Təklikdən güc alan adam az olar,

Çoxluğa uymuşam, fərsiz olmuşam.

***

Dərd nədir, küləkdir, qardır, yağışdır...

Onsuz qəti heç nə yaranmamışdır.

Geniş şərh istəsən, məni danışdır,

Mən ki, bu sahədə “hafiz” olmuşam.

Bənövşə Mahmudqızı

SƏLİQƏLİ YALNIZLIQ

Mənim səliqəli yalnızlığım,

Sən necə həm rahatlıq,

Həm narahatlıq ola bilirsən?

İşini yaxşı bilirsən...

Bəzən ən məğlub,

Bəzən ən qalib hiss etdirir,

Depressiyada boğub,

Sonra xilas edirsən.

Yuxusuz gecə və gündüzdən sonra,

Axşam doqquza yatırdır,

Səhər “dağınıq evə oyadır,

Sonra evin kimi

həyatını yığ deyirsən”.

Bilirsən,

Nə gələn var, nə gedən,

Nə duyan, nə eşidən.

Evdə tək olanda

Gələn taqqıltı səsləri kimidir,

Həyatımda insanlar.

Sanki kimlərsə var,

Əslində isə kimsə yox,

Mənim səliqəli yalnızlığım...

MƏN XOŞBƏXT OLACAĞAM!

Həyat necə qəribə,

Salır hər cür qəlibə.

Sanarsan ki, qələbə,

Yaxındadır, az qalır,

Ya da dərdlər azalır.

Yeni səhifə açılır,

Kiçik bir ümid doğur.

Amma o da boğulur,

Sən yadıma düşəndə,

Sənsizlik üşüdəndə...

Açılan bir qucağa,

Yox, yanan bir ocağa.

Ataram özümü.

Davam edər zülmü,

Sənsizliyin...

Ahımın yiyəsisən,

Bu qəmi yeməlisən!

Sən yadıma düşəndə,

Sənsizlik üşüdəndə.

Ataram özümü,

Yanan bir ocağa.

Yox,

Açılan qucağa,

hopacağam...

Mən xoşbəxt olacağam!

YARIMÇIQ

Kişi qadınsız,

Qadın kişisiz,

Yarımçıq...

Yarıdan da yarı çıx.

Heçə yaxın,

Heç deyil.

Gecə yaxın,

Gec deyil.

Təkliyə əlac deyil,

Nə ana, nə ata,

Nə qardaş, nə bacı.

Acıdan acı,

Ən böyük dərd də deyil,

Çəkiləsi də deyil.

Çəkinəsi də deyil,

Sevdasız, eşqsiz,

Yaşanası da deyil.

Yarıdan yarı çıx,

Kişi qadınsız,

Qadın kişisiz

Sadəcə yarımçıq...

Hazırladı: Isa Ravan