Rusiya Zelenski ilə danışıqlara hazırdır
Rusiya Federasiyası Ukrayna ilə, o cümlədən prezident Vladimir Zelenski ilə müharibə ilə bağlı danışıqlara hazırdır. Bu barədə Oxuməni.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O vurğulayıb ki, Rusiya Zelenskini “qeyri-legitim” prezident hesab edir, lakin Moskva hələ də onunla dialoqa hazırdır. Bundan əlavə, Peskov Ukrayna prezidentinin danışıqlara hazır olması ilə bağlı sözlərini “boş” adlandırıb, çünki Zelenskinin özü danışıqları qadağan edib.
Peskova Putinin Zelenskini düşmən hesab edib-etməməsi ilə bağlı da sual verilib və o, belə cavab verib: “Burada emosiyaya yer ola bilməz və olmamalıdır”.
Öz növbəsində Peskov bildirib ki, cəbhədəki mövcud vəziyyəti nəzərə alaraq, sülh danışıqlarında ən çox maraqlı olan Ukrayna olmalıdır.
Eyni zamanda o, əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubionun çoxqütblülüklə bağlı bəyanatı Rusiyanın baxışı ilə üst-üstə düşür və buna görə də Kreml bunu alqışlayır.
Bundan əvvəl Türkiyə Ukrayna ilə bağlı danışıqların nə vaxt başlaya biləcəyini cavablandırmışdı. Türkiyə xarici işlər nazirinin sözlərinə görə, onlar yay başlamazdan əvvəl baş tuta bilər.
Almaz Həsənli