
Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri Londonda keçiriləcək görüşü təxirə salıblar
Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubionun Londona səfərdən imtina etməsindən sonra Ukrayna üzrə çərşənbə günü keçirilməsi planlaşdırılan görüşdə iştirakını təxirə salıblar. Bu barədə Sky News telekanalı məlumat yayıb.
Kanalın təhlükəsizlik və müdafiəni işıqlandıran müxbiri Deborah Hainesin sözlərinə görə, bunun əvəzinə beş ölkənin rəsmiləri arasında danışıqlar aparılacaq. Telekanalın məlumatına görə, Ukrayna xarici işlər naziri Andriy Sıbiqanın hələ də Londonda olduğu və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşü gözlənilir.
Britaniyanın “The Daily Telegraph” qəzetinin daha əvvəl yazdığı kimi, Londonda keçirilən görüşdə ABŞ Rusiyanın Krım üzərində suverenliyini tanımasını da ehtiva edən yeddi bəndlik nizamlanma planını təqdim etməli idi. Ancaq Haynesin qeyd etdiyi kimi, Vladimir Zelenski bir gün əvvəl bu ehtimalı rədd etdi. “The New York Times” yazır ki, məhz bu açıqlamadan sonra Rubio Böyük Britaniyaya səfərini ləğv edib.
Financial Times qəzeti daha əvvəl qeyd etmişdi ki, ABŞ-ın Krım üzərində Rusiyanın suverenliyini tanıması Avropa İttifaqında və xüsusilə NATO-da ciddi diplomatik böhrana səbəb ola bilər və danışıqlarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər. “The Daily Telegraph” Vaşinqtonun bəzi təkliflərinin Londonun Ukraynanın gələcəyi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil etdiyinə diqqət çəkir.
Əziz Mustafa, Oxuməni.az