
Sankt-Peterburqda miqrantlara taksi sürücüsü işləmək qadağan edilib
Patentlə işləyən əcnəbilərə 2025-ci ilin sonuna qədər Sankt-Peterburqda taksi sürücüsü işləmək qadağan ediləcək, bu barədə bazar ertəsi şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.Bu barədə “İnterfaks” xəbər verir.
Müvafiq sərəncamı qubernator Aleksandr Beqlov imzalayıb, bu barədə Smolnı saytında dərc olunub.
“Sankt-Peterburq qubernatoru 2025-ci ilin sonunadək “sərnişin taksilərinin və sürücü ilə icarəyə götürülmüş minik avtomobillərinin fəaliyyəti” təsərrüfat fəaliyyəti növü üzrə patent əsasında işləyən sahibkarlıq subyektləri tərəfindən xarici vətəndaşların işə götürülməsinə qadağa qoyulması barədə qərar qəbul edib”, - məlumatda deyilir.
Qərarın məqsədi “taksi xidmətlərinin keyfiyyətini və təhlükəsizliyini artırmaq və Rusiya vətəndaşları üçün əlavə məşğulluq imkanları yaratmaq”dır.
Fərman 10 gündən sonra qüvvəyə minəcək. Şirkətlər üç ay ərzində mövcud əmək münasibətlərini dayandıra və yeni işçilər cəlb edə biləcəklər. "Müəyyən edilmiş müddət üçün (2025-ci ilin sonuna qədər) qadağanın tətbiqi bizə onun şəhərin həyatına sosial-iqtisadi təsirini praktiki olaraq qiymətləndirməyə və 2026-cı ildə analoji tədbirlərin tətbiqinin zəruriliyi barədə balanslaşdırılmış qərar qəbul etməyə imkan verəcək", - məlumatda deyilir.
Sənədə əsasən, Əmək və Məşğulluq Komitəsi qadağanın növbəti il üçün uzadılıb-uzadılmaması ilə bağlı noyabr ayına qədər Beqlova təkliflər təqdim etməlidir.
Almaz Həsənli