ATƏT-in 41 ölkəsi Rusiyanın ukraynalı məhbuslarla davranışının araşdırılmasını tələb edir

ATƏT-in 41 ölkəsi Rusiyanın ukraynalı məhbuslarla davranışının araşdırılmasını tələb edir

25 İyul 12:26
Bəyəndim (1) Bəyənmədim (0)

Hollandiya və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan digər 40 dövlət Rusiyanın ukraynalı hərbi əsirlərə münasibəti ilə bağlı müstəqil araşdırma aparılmasını rəsmən tələb edib. Bu barədə Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp bildirib. O, daha hansı ölkələrin təşəbbüsə qoşulduğunu dəqiqləşdirməyib. Ehtimallara görə, araşdırmanın aparılması üçün ATƏT-in “Moskva mexanizmi”ndən istifadə oluna bilər.

Kaspar Veldkamp X sosial şəbəkəsində yazıb: “Hollandiya və digər 40 ATƏT ölkəsi Rusiyanın ukraynalı hərbi əsirlərə qarşı işgəncə və qəddar rəftarına dair müstəqil araşdırma aparmağa çağırır”.

Onun bir neçə dəqiqə sonra dərc olunan və Ukrayna münaqişəsi ilə bağlı bəyanatın ikinci hissəsi kimi qeyd olunan növbəti yazısında ATƏT-in “Moskva mexanizmi” qeyd olunur.

"Moskva mexanizmi" təşkilat tərəfindən 1992-ci ildə təqdim edilib. Bu, ATƏT-in insan ölçüsündə iş metodudur, təşkilata üzv olan hər hansı dövlətdə insan haqları böhranına təcili reaksiya vermək üçün ekspert və ya məruzəçi missiyalarının yaradılmasını nəzərdə tutur. 2022-ci ildə ATƏT-in 57 iştirakçı dövlətindən 45-i Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı çərçivəsində hərəkətlərini qiymətləndirmək üçün müstəqil missiya formalaşdırmaq üçün “Moskva mexanizmi”ni işə salıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ATƏT ölkələri tərəfindən iddia edilən cinayətlərin araşdırılması üçün mexanizm dəfələrlə işə salınıb.

Rusiya dəfələrlə “Moskva mexanizmi”nin tətbiqinə etiraz edib. ATƏT-in Daimi Şurasının 3 mart 2022-ci il tarixində Vyanada keçirilən iclasında Rusiya Federasiyasının ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Rusiya bu mexanizmdən “ittiham xarakterli ritorikanın gücləndirilməsi, dövlətin qəsdən siyasiləşdirilməsi və ATƏT-in qəsdən siyasiləşdirilməsi məqsədi ilə” istifadə edilməsini qəbuledilməz və əks-məhsuldar hesab edir.

Əziz Mustafa