Yaponiya Baş naziri Rusiya ilə sülh müqaviləsi bağlamaq planlarını açıqladı
Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir. “TASS” xəbər verir ki, bu barədə Yaponiya Baş naziri Sanae Takaiçi andiçmə mərasimi münasibətilə Parlamentdə etdiyi əsas çıxışında bildirib.
Baş nazir bildirib ki, "Yaponiya və Rusiya arasında münasibətlər çətin vəziyyətdədir, lakin Yaponiya hökumətinin siyasəti Şimal Əraziləri məsələsini (Kuril adalarının cənub hissəsinin yaponca adı — red.) həll etmək və sülh müqaviləsi bağlamaqdır".
Takaiçi əlavə edib ki, Yaponiya hökuməti Ukraynadakı münaqişəni tənqid etməyə davam edəcək.
Sanae Takaiçi tarixdə Yaponiyanın baş naziri vəzifəsini tutan ilk qadın olub. O, 4 oktyabrda hakim Liberal Demokrat Partiyasının sədri olmaq üçün keçirilən seçkilərdə qalib gəlib.
Almaz Həsənli



















































































