
İsveçrə hökuməti dövlət məktəblərində hicaba qadağa qoymaqdan imtina edib
.
İsveçrə Milli Şurası dövlət məktəblərində oxuyan qızların hicab taxmasını qadağan etməmək qərarına gəlib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Ölkə parlamenti bundan əvvəl 16 yaşından kiçik məktəbli qızlar üçün hicabın qadağan edilməsi imkanlarının öyrənilməsi üçün hökumətə sorğu təqdim etmişdi. Konkret olaraq, parlamentarilər belə bir qadağanın “bütün qızların bədən tərbiyəsi dərslərində iştirakına təminat verə biləcəyi” ilə maraqlanırdılar.
İsveçrə hökuməti belə nəticəyə gəlib ki, “hüquqi baxımdan bütün qızların bədən tərbiyəsi və üzgüçülük də daxil olmaqla fəaliyyətlərdə iştirakı təmin edilir”. Milli Şura onu da vurğulayıb ki, federal hakimiyyət orqanları dövlətin, o cümlədən dövlət məktəblərinin dini simvollarla bağlı neytrallığını təmin etməyi öz vəzifələrindən biri hesab edir. “Bu səbəblərə görə Milli Şura uşaqların dövlət məktəblərində hicab taxmasına qoyulan ümumi qadağanı rədd edir”, - press-relizdə deyilir.
Hökumət həmçinin əlavə edib ki, "hər halda, azad cəmiyyətdə xarici görünüşlə bağlı qaydalar yalnız məhdud şəkildə tətbiq edilə bilər". Sonda hökumət həmçinin xatırladıb ki, məktəb təhsili məsələləri, eləcə də kilsə ilə dövlət arasında münasibətləri tənzimləyən qaydalar kantonların məsuliyyətidir. Regional hakimiyyət orqanları əvvəllər də oxşar qadağalar qəbul etmişdilər, lakin 2015-ci ildə Federal Məhkəmə uşaqların dövlət məktəblərində hicab taxmasına ümumi qadağanın konstitusiyaya zidd olduğu barədə qərar çıxarmışdı.
Əziz MUSTAFA