
Polis Tbilisinin mərkəzində 20-yə qədər etirazçını saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 22-də Rustaveli prospektində parlament binası qarşısında keçirilən aksiyanın 20-yə qədər iştirakçısının yeni etiraz qaydalarını pozduqları üçün saxlanıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, etirazçılar patrul polisinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayaraq Rustaveli prospektində yolu bağlayıblar. Hüquq-mühafizə orqanları aksiya iştirakçılarının hərəkətlərinin ictimai asayişi pozduğunu və nəqliyyatın hərəkətinə mane olduğunu qeyd edib.
Nazirliyin məlumatına görə, qanunsuz yol kəsilməyə cəhddə bilavasitə iştirak edən 20-dək nümayişçi inzibati qaydada saxlanılıb, polis maşının üstünə çıxan qadın isə cinayət məsuliyyətinə cəlb edilib.
Ötən həftə Gürcüstan parlamenti İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə mitinqlərin keçirilməsi qaydalarını sərtləşdirən dəyişiklikləri qəbul edib.
Almaz Həsənli