
Bloomberg: ABŞ Aİ-nin Rusiya aktivlərindən Ukrayna üçün istifadə etmək planını rədd edib
ABŞ hazırda AB-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yardım üçün istifadə planına qoşulmaqdan imtina edir. “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, bu barədə amerikalı rəsmilər avropalı həmkarlarına Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçirilən iclasında bağlı qapılar arxasında keçirilən danışıqlar zamanı bildiriblər.
Bir mənbə bildirib ki, ABŞ öz mövqeyini bazar sabitliyinə olan risklərlə izah edib. Başqa bir mənbə bildirib ki, Vaşinqton indiki mərhələdə özünü hər hansı öhdəliklərdən azad edib.“Bloomberg” bildirir ki, ABŞ-ın dondurulmuş Rusiya aktivlərindən istifadə etməkdə tərəddüd etməsi Aİ ölkələrini, o cümlədən bu aktivlərin əsas hissəsinin cəmləşdiyi Belçikanı "cəsarətləndirə" bilər.
Avropa Komissiyasının planının mahiyyəti Ukraynaya 140 milyard avro faizsiz kredit verməkdən ibarətdir. Vəsait Rusiya Bankının dondurulmuş ehtiyatlarından ayrılacaq. Belçikanın baş naziri Bart de Vever bəyan edib ki, belə bir kredit aləti müsadirə etməyə bərabərdir. Oktyabrın 16-da Avropa Komissiyasının müdafiə üzrə komissarı Andrius Kubilius bəyan etdi ki, AK 2025-ci ilin sonuna qədər Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi hesab edir.
Almaz Həsənli