
Lavrov və Rubio arasında telefon danışığı olub
Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Tərəflər iki lider arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün konkret addımları müzakirə ediblər.
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında oktyabrın 16-da telefon danışığı zamanı əldə olunmuş razılığın həyata keçirilməsi üçün mümkün konkret addımlar ətrafında konstruktiv müzakirə aparılıb”, - Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.
“Reuters” agentliyi mənbəyə istinadən xəbər verir ki, Sergey Lavrov və Marko Rubio arasında görüş oktyabrın 23-də, cümə axşamı baş tuta bilər.
Prezident Donald Tramp və Rusiya prezidenti Vladimir Putin daha əvvəl Budapeştdə görüşmək barədə razılığa gəliblər. Cənab Trampın xəbər verdiyi kimi, Rusiya və ABŞ diplomatik missiyalarının başçıları Sergey Lavrov və Marko Rubio yaxın iki həftə ərzində Budapeştdə keçirilməsi planlaşdırılan Rusiya-Amerika sammitinə hazırlıqlara başlayırlar.
Almaz Həsənli