
Tramp Zelenskini bütün Donbası Rusiyaya təslim etməyə çağırıb
Oktyabrın 17-də Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə görüşü zamanı ABŞ prezidenti Donald Tramp onu “Rusiyanın şərtlərini qəbul etməyə” çağırıb, əks halda Rusiya prezidenti Vladimir Putinin Ukraynanı “məhv edəcəyi” barədə xəbərdarlıq edib. Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
FT yazır ki, Tramp xüsusilə Ukrayna prezidentini Ukraynanın üç regionunun - Donetsk, Luqansk və Dnepropetrovskın bir hissəsinin daxil olduğu bütün Donbas regionunu Rusiyaya təslim etməyə çağırıb. Qəzet əlavə edir ki, bununla belə, Zelenski sonda Trampı hazırkı cəbhə xəttində müharibənin dayandırılmasını dəstəkləməyə inandıra bilib.
Daha əvvəl “The Washington Post” (WP) yazıb ki, Putin Zelenskinin Vaşinqtona gəlişindən bir gün əvvəl Trampla telefon danışığında Ukraynada müharibəni dayandırmaq üçün şərt kimi Donetsk bölgəsinə tam nəzarəti göstərib. Qəzetin mənbələrinə görə, bunun müqabilində Rusiya prezidenti Zaporojya və Xerson vilayətlərinin bir hissəsinə iddialarından imtina etməyə hazır olduğunu bəyan edib.
Almaz Həsənli