Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib

11:17
Bəyəndim (0) Bəyənmədim (0)


Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Ukraynaya qarşı təcavüzkar müharibəyə görə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyiblər. Bu qərar çərşənbə günü Avropa Şurasının Brüsseldə keçiriləcək iclasından əvvəl qəbul edilib. Bu barədə Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir.
"Biz məmnuniyyətlə bildiririk ki, bütün Aİ-yə üzv dövlətlər 19-cu sanksiyalar paketinə etirazlarını geri götürməyə hazır olduqlarını bildiriblər. Buna görə də yazılı təsdiq proseduru başlayıb. Əgər etirazlar alınmasa, paket sabah saat 8:00-da qəbul ediləcək", - “Reuters” Aİ-nin Danimarka sədrliyindən sitat gətirir.
Moskvaya qarşı yeni məhdudiyyətlər yekdilliklə qəbul edilib. Slovakiya sanksiyalara etirazını geri götürən sonunculardan olub. Avstriya da əvvəllər paketi bloklamayacağına söz vermişdi.
Bir gün əvvəl Macarıstanın baş naziri Viktor Orbanın Avropa Şurasının iclasına gecikəcəyi açıqlandı; o, səsini Slovakiyanın baş naziri Robert Fitsoya verib.
Avropa Komissiyası sentyabrın ortalarında 19-cu sanksiya paketini açıqlayıb. Buraya 2027-ci il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına tam qadağa daxildir. Bundan başqa, “kölgə donanması” gəmilərinin siyahısı genişləndirilir. Məhdudiyyətlər sanksiyalardan yayınaraq, o cümlədən kriptovalyutalardan istifadə etməklə Rusiyanın enerji resurslarının ticarətini asanlaşdıran üçüncü ölkələrin şirkətlərinə də şamil edilir.
Almaz Həsənli