
Putin ilk dəfə olaraq hazırkı cəbhə xəttinin dondurulmasını təklif edib
Rusiya prezidenti Vladimir Putin hazırkı cəbhə xəttində Ukraynaya qarşı hərbi əməliyyatların dayandırılmasını təklif edib.Bu barədə Oxuməni.az xəbər verir ki, “Financial Times” üç mənbəyə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, aprelin əvvəlində Sankt-Peterburqda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşdə Putin Rusiya tərəfindən işğal olunmuş ərazilərin Kiyevin nəzarətində qalan hissələrinə iddialardan imtina etdiyini də etiraf edib.
Bunun ardınca “Financial Times”ın yazdığına görə, ABŞ münaqişənin həlli, o cümlədən ilhaq edilmiş Krımın Rusiya ərazisi kimi tanınması və Ukraynanın ilhaq edilmiş dörd regionunun – Xerson, Donetsk, Luqansk və Zaporojya vilayətlərinin bir hissəsi üzərində Moskvanın faktiki nəzarətinin möhkəmləndirilməsi ideyalarını təqdim edib.
Qəzet qeyd edir ki, bu, Putinin Kiyevin nəzarətində olan ərazilərə iddialardan imtina etdiyini göstərən genişmiqyaslı müharibə başlayandan bəri ilk təklifidir.
Eyni zamanda, Avropa rəsmiləri bunun ABŞ prezidenti Donald Trampı Rusiyanın şərtlərini qəbul etməyə inandırmaq cəhdi ola biləcəyindən ehtiyat edirlər.
“Financial Times”-ın yazdığına görə, Vitkoff ABŞ prezidentinə mümkün razılaşmanın təfərrüatlarını müəyyənləşdirməyə kömək edir və Ağ Ev bunu Trampın prezidentlikdəki ilk 100 gününün uğuru kimi təqdim etmək üçün aprelin 30-dək hərbi əməliyyatların dayandırılmasına ümid edir.
Kremlin sözçüsü Dmitri Peskov qəzetlə söhbətində Amerika tərəfi ilə "sıx iş aparıldığını" təsdiqləyib. Eyni zamanda, Rusiyanın dövlət agentliyi “RİA Novosti”-yə Putinlə Vitkoffun Sankt-Peterburqdakı söhbəti barədə “Financial Times”-dakı məlumatı şərh edərkən bildirib ki, hazırda çoxlu saxta məlumatlar dərc olunur. "Onlar həm də hörmətli nəşrlər tərəfindən dərc olunur, ona görə də yalnız orijinal mənbələrə qulaq asmaq lazımdır", - Peskov qeyd edib.
Almaz Həsənli