Umerov İstanbul danışıqlarında Ukraynanın üç əsas şərtini açıqlayıb

Umerov İstanbul danışıqlarında Ukraynanın üç əsas şərtini açıqlayıb

24 İyul 08:14
Bəyəndim (3) Bəyənmədim (0)


İyulun 23-də İstanbulda Rusiya ilə keçirilən danışıqlarda Ukrayna üç əsas şərt açıqlayıb.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov danışıqların olduqca gərgin keçdiyini bəyan edib.

Umerovun sözlərinə görə, o, Rusiya tərəfi ilə danışıqların nəticələri barədə Ukrayna prezidenti Vladimir Zelenskiyə məruzə edib.

Ukraynanın əsas prioritetləri:
Mülki və kritik infrastruktura qarşı bütün hücumların dayandırılmasını nəzərdə tutan tam və qeyd-şərtsiz atəşkəs.
Ukrayna prezidenti Vladimir Zelenski ilə Vladimir Putin arasında digər liderlərin - ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə görüşün təşkili. Ukrayna tərəfi tərəfdaşların təklif etdiyi mühüm vaxt çərçivələrini nəzərə alaraq belə bir görüşü avqustun sonuna qədər keçirməyi təklif edir.
Əsir götürülən bütün ukraynalıların, o cümlədən mülki vətəndaşların və qanunsuz olaraq Rusiya Federasiyasına aparılan uşaqların geri qaytarılmasını nəzərdə tutan humanitar yolun davamı.

Umerovun sözlərinə görə, yeganə maneə Kremldə bu gün atəşi dayandırmaq üçün siyasi qərarın olmamasıdır.
Umerovun qeyd etdiyi kimi, liderlərin görüşü siyasi və təhlükəsizlik məsələlərinin qarşısının alınmasına kömək edəcək vasitəyə çevrilə bilər. Ukrayna, onun qeyd etdiyi kimi, buna hazırdır.

"Biz sülh səylərini dəstəkləyən tərəfdaşlara - xüsusən də dialoq platformasının yaradılmasındakı fəal roluna görə Türkiyəyə minnətdarıq. Sülh mümkündür. Amma bunun üçün Moskva öz yanaşmasını dəyişməlidir: ultimatumlardan məsuliyyətə, müharibədən həll yollarına", - deyə Umerov yekunlaşdırıb.

Xatırladaq ki, iyulun 23-də Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbulda danışıqların üçüncü raundu keçirib.

Görüşlərdən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ukraynada atəşkəs rejiminə nəzarət etməyə kömək etməyə hazırdır. Onun sözlərinə görə, bunun üçün Türkiyənin lazımi infrastrukturu var.

Rusiya mətbuatı Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerovla Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski arasında ikitərəfli görüşün baş tutması ilə bağlı xəbərlər yayıb. Lakin bunun saxta olduğu üzə çıxıb.

Əziz Mustafa