Budanov Ukrayna Prezidentinin Administrasiyasına rəhbərlik edəcək

Budanov Ukrayna Prezidentinin Administrasiyasına rəhbərlik edəcək

11:22
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Prezidenti Vladimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi Kirilo Budanovu Prezident Administrasiyasına rəhbər təyin etməyi təklif edib. Bu barədə o, özünün "Telegram" kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, Prezident Administrasiyasının prioritetləri Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrinin inkişafı, həmçinin danışıqlar prosesində diplomatik istiqamət olacaq. "Kirilonun bu sahələrdə xüsusi təcrübəsi və nəticə əldə etmək üçün kifayət qədər gücü var", - deyə Zelenski yazıb.
Budanov sosial şəbəkələrdə Prezidentin təklifini qəbul etdiyini bildirib. "Ukrayna üçün tarixi bir zamanda dövlətimizin strateji təhlükəsizliyinin kritik məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir", - deyə Budanov qeyd edib. Onun yerinə kimin GUR-a rəhbərlik edəcəyi hələlik açıqlanmayıb.
Ukrayna Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsi noyabrın sonundan etibarən boşdur. "Energoatom" dövlət müəssisəsindəki korrupsiya qalmaqalı fonunda Zelenski bu vəzifədən Andrey Yermakaı azad edib. O, aparılan axtarışlardan sonra istefa ərizəsi yazıb.


Almaz Həsənli