Suriya və İsrail bazar ertəsi günü Parisdə təhlükəsizlik danışıqları keçirəcəklər
Suriya və İsrail nümayəndələri bazar ertəsi günü Parisdə yeni təhlükəsizlik sazişi üzrə danışıqları davam etdirmək üçün görüşəcəklər. Axios məlumatlı mənbələrə istinadən xəbər verir.
Mənbələrin məlumatına görə, danışıqlar iki gün davam edəcək və Suriya xarici işlər naziri Əsəd əl-Şibani və yeni İsrail danışıqçıları komandası iştirak edəcək.
Portal qeyd edir ki, görüşdən əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu İsrailin Vaşinqtondakı səfiri Yeçiel Leiterin rəhbərlik etdiyi yeni danışıq qrupu təyin edib.
Netanyahunun hərbi müşaviri general Roman Hoffmanın və milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Gil Reyxin də iştirakı gözlənilir.
ABŞ Prezidentinin Suriya üzrə xüsusi elçisi Tom Barrak vasitəçi kimi çıxış edəcək.
Axios xatırladır ki, danışıqlar tərəflər arasında böyük fikir ayrılıqları, eləcə də baş İsrail danışıqçısı Ron Dermerin istefası səbəbindən dayandırılıb. Nəşrin vurğuladığı kimi, onların məqsədi Suriyanın cənubunun demilitarizasiyasını və İsrailin keçmiş Suriya prezidenti Bəşər Əsədin devrilməsindən bəri işğal altında olan ərazilərdən geri çəkilməsini əhatə edən təhlükəsizlik paktı bağlamaqdır.
Nəşrin mənbələrindən biri bildirib ki, danışıqların bərpası ABŞ prezidenti Donald Trampın ötən bazar ertəsi Mar-a-Laqoda Netanyahu ilə görüşündə Netanyahuya etdiyi müraciətin nəticəsidir.
Əziz MUSTAFA



















































































