Danimarka Baş Naziri Trampı Qrenlandiyaya təhdid etməyi dayandırmağa çağırıb
Danimarkanın Baş Naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampı Qrenlandiyanı ələ keçirməklə təhdid etməyi dayandırmağa çağırıb.
"ABŞ-ın Qrenlandiyanı ələ keçirmək istədiyi barədə danışmağın heç bir mənası yoxdur. ABŞ Danimarka Krallığının üç hissəsindən heç birini ilhaq etmək hüququna malik deyil", - Danimarka Baş Nazirinin rəsmi internet saytında dərc olunan bəyanatında deyilir.
O qeyd edib ki, Danimarkanın bir hissəsi olan Qrenlandiya NATO-nun bir hissəsidir və Şimali Atlantika Alyansının təhlükəsizlik zəmanətləri ona şamil olunur.
Frederiksen xatırladıb ki, Danimarka və ABŞ arasında müdafiə sazişi mövcuddur ki, bu da Vaşinqtona Qrenlandiyaya geniş imkanlar verir.
Bundan əlavə, "Krallıq Arktikada təhlükəsizliyin təmin edilməsinə böyük vəsait yatırıb", - Danimarka Baş Naziri bildirib.
"Buna görə də, mən ABŞ-ı tarixi olaraq yaxın müttəfiqə, eləcə də satılmamaqlarını çox aydın şəkildə bildirmiş başqa bir ölkəyə və xalqa qarşı təhdidlərə son qoymağa qətiyyətlə çağırıram", - Frederiksen əlavə edib.
Danimarkanın ABŞ-dakı səfiri Yesper Meller Sørensen isə X sosial şəbəkəsində yazıb: "Biz yaxın müttəfiqlərik və belə də əməkdaşlığa davam etməliyik. ABŞ-ın təhlükəsizliyi həm də Qrenlandiya və Danimarkanın təhlükəsizliyidir. Qrenlandiya artıq NATO-nun bir hissəsidir".
Daha əvvəl Tramp "The Atlantic"ə verdiyi telefon müsahibəsində Danimarkanın muxtar ərazisi olan Qrenlandiya adasının ABŞ üçün müdafiə məqsədləri baxımından vacib olduğunu bildirmişdi.
Almaz Həsənli



















































































