Yəmənli separatçı lider naməlum istiqamətə qaçıb

Yəmənli separatçı lider naməlum istiqamətə qaçıb

7 Yanvar 13:49
Bəyəndim (3) Bəyənmədim (0)


Yəmənin separatçı Cənub Hərəkət Şurasının (STC) lideri, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini ciddi şəkildə narahat edən böhranı həll etmək üçün Ər-Riyada aparılacaq danışıqlara getməli olan təyyarəyə minmədikdən sonra çərşənbə günü naməlum istiqamətə qaçıb. Bu barədə “Reuters” xəbər verib.
Bu addım Yəmənin cənubundakı son iğtişaşların tezliklə həll olunacağına dair ümidləri puç edib. Bu iğtişaşlar Fars körfəzi dövlətləri arasındakı dərin fikir ayrılıqlarını üzə çıxarıb və on ildən çox davam edən vətəndaş müharibəsində İran tərəfdarı olan husilərə qarşı mübarizə aparan koalisiyanı parçalayıb.
Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən koalisiyanın sözçüsü Türki əl-Maliki, yaydığı bəyanatda Yəmənin Cənub Hərəkət Şurasının (STC) lideri Aydarus əz-Zubeydinin yoxa çıxdığını elan edib.
Malikinin sözlərinə görə, separatçı qrupun bir çox yüksək rütbəli liderlərinin olduğu təyyarə üç saatdan çox gecikmədən Zubeydisiz havaya qalxıb.
STC qaçan liderinin harada olduğu barədə dərhal şərh verməyib.
Bəyanat, BƏƏ tərəfindən dəstəklənən STC ilə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti arasında keçən ay başlayan döyüşləri dayandırmaq səyləri fonunda verilib.
Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Prezident Şurası Zubeydini üzvlükdən çıxarıb və dövlət xəyanəti ittihamları ilə bağlı işini baş prokurora təhvil verib. Bu barədə dövlət agentliyi “SABA” məlumat yayıb.
Rəşad əl-Əliminin rəhbərlik etdiyi şuranın imzaladığı qərarda Zubeydi, silahlı üsyana təhrik, konstitusiya hakimiyyət orqanlarına hücum və Yəmənin cənubundakı mülki şəxslərə qarşı sui-istifadə etməkdə ittiham olunub.
Səudiyyə Ərəbistanı və BƏƏ, husilər 2014-cü ildə paytaxt Sənanı ələ keçirdikdən sonra on ildən çox əvvəl Yəməndəki vəziyyətə ilk dəfə müdaxilə etdilər.
BƏƏ bir il sonra Səudiyyə Ərəbistanının dəstəklədiyi koalisiyaya beynəlxalq səviyyədə tanınmış hökuməti dəstəkləmək üçün qoşuldu.
Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə 2017-ci ildə yaradılmış Cənub Keçid Şurası hökumət koalisiyasına daxil oldu. İllərdir ki, o, Fars körfəzi ölkələrinin dəstəklədiyi, Yəmənin cənub və şərq hissələrini idarə edən bu administrasiyanın bir hissəsi olub.
Lakin ötən ay STC qüvvələri qəfil böyük əraziləri ələ keçirərək, zəif güc balansını pozdu və SəudiyyəƏrəbistanı ilə BƏƏ-ni qarşı-qarşıya qoydu. Sonuncular daha sonra Ər-Riyadın təzyiqi altında qüvvələrini Yəməndən çıxardı, çünki Ər-Riyad STC-nin cənubda öz sərhədlərinə doğru irəliləməsini milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirdi.
Çərşənbə günü Səudiyyə koalisiyası həmçinin Zubeydinin doğma bölgəsi olan cənubdakı Əd-Dali əyalətində düşərgələrini tərk etmiş silahlı birləşmələrin hərəkətlərini izlədikdən sonra məhdud qabaqlayıcı hava zərbələri endirdiyini bildirdi.
Yerli mənbələr və STC daxilindəki mənbələr əyalətə 15-dən çox zərbə endirildiyini bildirdilər.
Almaz Həsənli