Suriya Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib

Suriya Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib

9 Yanvar 10:44
Bəyəndim (2) Bəyənmədim (0)

Suriya Müdafiə Nazirliyi cümə axşamı gecə Hələbdə, hökumət qüvvələri ilə kürdlər arasında toqquşmaların baş verdiyi ərazidə atəşkəs rejimi elan etdi. Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb.

"Atəşkəs Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Bani Zəid rayonlarında yerli vaxtla saat 03:00-dan (Bakı vaxtı ilə 04:00-dan) qüvvəyə minəcək. Silahlı qruplar bu ərazini tərk etməlidirlər. Suriya ordusu müşayiət və təhlükəsiz keçidi təmin etməyi öhdəsinə götürür", - deyə qurumun "Telegram" kanalında yayılan bəyanatda bildirilir.

Qeyd olunur ki, kürd silahlı qruplarına cümə günü səhər saat 9-a qədər göstərilən əraziləri tərk etmək üçün vaxt verilir.

Həftə ərzində Hələbdə Suriya hökumət qüvvələri ilə kürd rəhbərliyində olan Suriya Demokratik Qüvvələri (SDF) arasında toqquşmaların yenilənməsi barədə məlumat verilmişdi.

Daha əvvəl Suriya İnformasiya Nazirliyi Hələbdə məhdud hərbi əməliyyatın yaxın zamanda başlayacağı barədə məlumat yaymışdı. Nazirlik bildirmişdi ki, son aylarda SDF-nin hücumları nəticəsində 25 əsgər və 20-dən çox mülki şəxs həlak olub.

Öz növbəsində, SDF hökumət qüvvələrini Şeyx Məqsud və Əşrəfiyyə kürd məhəllələrinə ağır silahlarla hücum etməkdə ittiham edib. Müdafiə qüvvələri məhəllə sakinlərinə müdafiə vəd edib.

Almaz Həsənli